Məhkəmə qərarları › İş №2-1(112)-6307/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6307/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6307/2023 18.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin X1 iştirakı ilə, İddiaçı Kazim qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka yeni ünvan verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Kazim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən onun mülkiyyətində olan mənzil və eyni ünvanda yerləşən üçüncü şəxslərə aid olan mənzilin hər birinə reyestrdə fərdi qeydiyyat apararaq müvafiq ünvan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə barədə tələb irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. xx.xx.2021-ci il tarixdə mənzilə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən öz adına çıxarış almışdır. Sonradan bəlli olub ki, mənzilində kənar şəxslər pasport qeydiyyatındadırlar. O, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X3, X5, X13, X18 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Məhkəmə iclasında müəyyən oldu ki, Sabunçu rayon Xalq Məhkəməsinin 2-72/1994 №li, xx.xx.1994-cü il tarixli qətnaməsi ilə X6 və digər üçüncü şəxslər iddiaçıya məxsus fərdi yaşayış evində yox, özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Lakin iddiaçıya məxsus fərdi yaşayış evinin və üçüncü şəxslərin yaşadığı fərdi yaşayış evinin ünvanları eyni olduğundan məhkəmə mübahisəsi yaranmışdır. Belə ki, üçüncü şəxslərin yaşadığı fərdi yaşayış evi onlara məhkəmə qətnaməsi əsasında ayrılmış və yaşamaq hüququ verilmişdir. Yəni onlara yaşamaq üçün verilmiş fərdi yaşayış evi iddiaçının yaşadığı evdən tam təcrid edilmişdir. Ünvanların ayrılmasını, hər birinin adına fərdi qeydiyyat aparılmasını cavabdehdən xahiş etdi. Cavabdeh 05.01.23-cü il tarixli **********14 saylı məktubu ilə imtina cavabı verdi. Belə olan halda ailəyə aidiyyəti olmayan şəxslərin öz evləri olduğu və orada qeydiyyatda olduğu halda iki evin bir ünvanı olmağı hüququnu pozur.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, digər şəxsin adına qeydiyyata alınması ilə bağlı idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan ünvan rekviziti göstərilməklə yaşayış yeri üzrə qeydiyyata alınmış digər şəxslərin mövcudluğu barədə aidiyyəti qurumlara müraciət etməyiniz məqsədə uyğundur.

5. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında X18 (xx.xx.1992-ci il təvəllüdlü); X2 (xx.xx.1969-cu il təvəllüdlü); X4 (xx.xx.1971-ci il təvəllüdlü); X13 (xx.xx.1992 ci il təvəllüdlü); X14 (xx.xx.1993-cü il təvəllüdlü); X19 (xx.xx.1973-cü il təvəllüdlü); X20 (xx.xx.1991-ci il təvəllüdlü); X12 (xx.xx.2019-cu il təvəllüdlü); X29 (xx.xx.2021-ci il təvəllüdlü); X5 (xx.xx.1974-cü il təvəllüdlü); X15 (xx.xx.2017-ci il təvəllüdlü); X8 (xx.xx.2004-cü il təvəllüdlü); X9 (xx.xx.1970-ci il təvəllüdlü); X21 (xx.xx.1968-ci il təvəllüdlü); X10 (xx.xx.2010-cu il təvəllüdlü); X11 (xx.xx.1998-ci il təvəllüdlü) yaşayış yeri üzrə qeydiyyatdadırlar.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X3, X5, X13, X18 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi rədd edilmişdir.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş X3, X5, X13, X18 üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb edilmişdirlər.

8. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, digər şəxsin adına qeydiyyata alınması ilə bağlı idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən digər tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********14 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasınsa iddia tələbi “ünvan 2 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olan mənzilə dair reyestrdə fərdi qeydiyyat apararaq müvafiq yeni ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, nümayəndəliyin əməkdaşı tərəfindən qeyd edilən əraziyə baxış keçirildi, araşdırılmalar nəticəsində məlum oldu ki, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, ev 27 ünvanında bir fərdi yaşayış evi mövcuddur.

11. Məhkəmənin hazırlıq icraatı iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiyaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İddia tələbin daşınmaz əmlaka yeni ünvanın verilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir:

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: - 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - 3.0.25. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; - 3.0.26. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;

20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanında bir fərdi yaşayış evi mövcuddur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, 27 saylı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

21. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.9. Çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. 3.12 Bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin (tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisinin) və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir.

22. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən, yuxarıda göstərilən əsaslar iddiaçının mülkiyyətində olan mənzilə münasibətdə mövcud olmadığından, iddiaçıya yeni ünvanın verilməsi (ünvanın dəyişdirilməsi) mümkün hesab edilmir.

23. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

24. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar