Məhkəmə qərarları › İş №2-1(112)-6308/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6308/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6308/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. 2009-cu ildən zabit kimi xidmət keçir. xx.xx.2018-ci ildən N nömrəli hərbi hissədə xidmət keçir. N günlük Vətən Müharibəsində o, həmin hərbi hissədə “tədris şöbəsinin radiotexniki ixtisasları üzrə bölmənin müəllimi” vəzifəsində xidmət keçmiş və X1 Qoşunlarının tərkibində döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfindən müvafiq siyahıya onun da adının daxil edilərək yuxarı komandanlığa – Hərbi hava qüvvələrinin idarəsinə (N nömrəli hərbi hissəyə) göndərilmişdir. N nömrəli hərbi hissədən isə ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış komissiyaya onun adı da daxil edilmiş siyahı göndərilmişdir. Lakin həmin komissiyanın xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli 2/2-27 nömrəli imtina məktubuna əsasən, arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.2020 – xx.xx.2020) xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclаsındа İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 495 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 021 nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi əmr edilmişdir. Həmçinin həmin əmrlə döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmiş və həmin siyahıya tədris şöbəsinin radiotexniki qoşunları ixtisasları üzrə bölməsinin müəllimi, kapitan İddiaçı da adı daxil edilmişdir. Müdafiə nazirinin müavini, Hərbi hava qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli fəxri fərmana əsasən, kapitan İddiaçı hücum əməliyyatları zamanı hərbi hava qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif olunmuşdur. N nömrəli hərbi hissənin komantiri vəzifəsini icra edən mayor Elnur Xudeynatov tərəfindən verilmiş arayış-məlumatdan görünür ki, mayor İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmiş, Hərbi hava qüvvələri komandanının 2.09.2020-ci il tarixli 021 nömrəli və briqada komandirinin xx.xx.2020-ci il tarixli 072 nömrəli döyüş əmrləri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, döyüşü idarəetmə batareyasının zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S125-2TM zenit-raket dizionunun əsas döyüş mövqeyinə manevr etməsi zamanı P-18MA radiolokasiya stansiyasının döyüş vəziyyətinə gətirilməsi, divizionun kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılması, briqadanın və divizionun komanda məntəqəsinin kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmiş, briqadanın kəşfiyyat işinin bilavasitə idarə edilməsini həyata keçirtmək, bölmələrin kəşfiyyat tapşırıqlarının düzgün icrasına nəzarət etmək, briqadanın kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək tapşırıqlarının icrasına cəlb edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, arayış-məlumatın 7-ci (həmin dövrdə şəxsin cəlb olduğu X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi: cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər: Kürdəmir) bəndlərində olan qeydlərə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasın protokoluna əsasən, Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir. Cavabdeh imtinasında arayış-məlumatın 7-ci (həmin dövrdə şəxsin cəlb olduğu X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi: cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər: Kürdəmir) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz X1 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Həmçinin, arayış-məlumatın 7-ci bəndində iddiaçının X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsinə cəlb olunmadığı qeyd edilsə də, həmin arayış-məlumatın 9-cu bəndində onun döyüş təminatı üzrə döyüşü idarəetmə batareyasının zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S125-2TM zenit-raket dizionunun əsas döyüş mövqeyinə manevr etməsi zamanı P-18MA radiolokasiya stansiyasının döyüş vəziyyətinə gətirilməsi, divizionun kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılması, briqadanın və divizionun komanda məntəqəsinin kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etdiyi, briqadanın kəşfiyyat işinin bilavasitə idarə edilməsini həyata keçirtmək, bölmələrin kəşfiyyat tapşırıqlarının düzgün icrasına nəzarət etmək, briqadanın kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək tapşırıqlarının icrasına cəlb edildiyi qeyd olunmuşdur. Bundan əlavə, iş materiallarından aydın olur ki, iddiaçı nəinki X1 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş, eyni zamanda qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fəqləndiyinə görə təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar