Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6309/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili 20 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin 28 yanvar 2003-cü il tarixli 39 saylı qərarı ilə ona satılmışdır (hər kv. metr üçün 28.000 manat ödəmək şərti ilə). Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X9 13 dekabr 2013-cü il tarixdə 36740 № ilə qeyd olunmuşdur. Göründüyü kimi, tərəfindən torpaq sahəsi üçün Bələdiyyəyə tələb olunan dövlət rüsumu ödənilmiş, torpaq sahəsinə dair Bələdiyyənin rəsmi qaydada verilmiş sərəncamı və torpaq sahəsinə görə alqı-satqı aktı vardır. Bununla yanaşı o, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinə dair alqı-satqı aktının təsdiq edilməsi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3978/2013 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Ona görə də o, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış verilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hazırki vaxtadək müraciətlərinə əsaslandırılmış cavab verilməmişdir. Bu baxımdan həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaması onun mülkiyyətçi hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(112)-6309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı münasibəti (etiraz) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan-DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********64 №-li xx.xx.2022-ci il tarixli etirazda göstərilmişdir ki, torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamış və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatına əsasən həmin ərazi Bakı Fəhlə Deputatları Soveti İKnin xx.xx.1971-ci il tarixli Protokolu ilə X4 tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşir və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdədir. Təqdim edilən eskiz layihənin lisenziyası təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********13 saylı, xx.xx.2020-ci il tarixli, **********68 saylı, xx.xx.2021-ci il tarixli və **********37 saylı xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. “X2 edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. 6.5-ci maddəsinin əvvəlki redakiyasında deyilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X2 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərim (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci və 6.9-cu maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma , turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır və həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan bırı təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 izahatında iddianı qəbul etmədiyini bildirərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı xx-xx/1660 saylı, xx.xx.2002-ci il tarixli məktubunda (surətində) alqı-satqı əsasında M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisindən vətəndaş X3, vətəndaş X8 və vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması barədə RİHnə daxil olmuş 1089 saylı, xx.xx.2002-ci il tarixli müraciətə baxıldığı, rayon icra hakimiyyətinin məsələnin səlahiyyətləri dairəsində və qanun çərçivəsində həll olunmasına etiraz etmədiyi, satılan sahədə mühəndis kommunikasiya xətlərinin olmasının ciddi nəzərə alınması qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 39 №-li, xx.xx.2003-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon 7-ci Binəqədi küçəsi 3205-ci məhəllə, ev 1 mənzil 79-da yaşayan İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə xx.xx.2002 - ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinin Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə hər kv. metr üçün 20.800 manat ödənməsi şərti ilə İddiaçı mülkiyyətinə satılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində C.Cabbarlı küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-3978/2013 saylı qərarına əsasən İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair X10 kitabında xx.xx.2013-cü ildə 36740 nömrə ilə uçota alınmış A seriyalı, 488972 №-li plan ölçü tərtib olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********13 №li xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə bildirilmişdir ki, torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamış və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən həmin ərazi X4 tikintisi üçün verilmiş ayrıc aktının daxilində yerləşir və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdədir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA- 03709-2022 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş keçmiş Bakı şəhər XDS İK-nın arxiv fondu üzrə xx.xx.1971-ci il tarixli, 9 saylı protokolunun 100-cü punktunun surətindən müəyyən olunur ki, Azərbaycan SSR Səhiyyə nazirliyinin təcili yardım xəstəxanasının inşası üçün 3247-3250-ci məhəllənin şimal-qərbində, Kirov rayonunun Dairəvi küçəsində 8,0 ha torpaq sahəsinin ayrılması barədə müraciəti təmin olunaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********33 №-li, xx.xx.2022ci il tarixli məktubda göstərilən torpaq sahəsinin sənəd üzrə 300,0 kv. metr olduğu halda bir tərəfdən mişar daş hasarla, üç tərəfdən qonşu sahə üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənərək faktiki olaraq 331,0 kv. metr təşkil etdiyi; Bakı Fəhlə Deputatları Soveti İK-nin xx.xx.1971-ci il tarixli protokolu ilə X4 tikintisi üçün ayrılmış 8,2 ha torpaq sahəsinə dair hüquqi və texniki sənədlərin qüvvədə olub-olmaması, hansı təşkilatın (qurumun) balansında olması barədə məlumat olmadığı, vahid elektron kadastr bazasında qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsinin PHŞ/6-2-2022-5646 №-li, xx.xx.2022-ci il tarixli məktubunda Bakı Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli Protokolu ilə X4 tikintisi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 8.2 ha torpaq sahəsinin ayrıldığı, “Bakı şəhər Təcili və X5 Stansiyası” publik hüquqi şəxsin TƏBİB-ə verdiyi rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət əmlakının İdarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 4075,8 kv. metr olan ərazi ilə birlikdə balansa qəbul edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli **********44 nömrəli razılıq məktubunu nəzərə alaraq, Bakı şəhər Təcili və X5 Stansiyasının 9 saylı Köməkçi X4 istifadəsində olan inzibati binanın Bakı şəhər Təcili və X5 Stansiyasının balansına daxil olduğu, hal-hazırda ümumi sahəsi 7045.8 kv. metr olan torpaq sahəsinin, 9 saylı Köməkçi X4 istifadəsinə verildiyi və həmin sahənin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı qeyd olunmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********64 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində, göstərilən sahənin vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətində olduğu; vahid elektron kadastr baza məlumatına əsasən həmin ərazinin Bakı Fəhlə Deputatları Soveti İK-nin xx.xx.1971-ci il tarixli Protokolu ilə X4 tikintisi üçün verilmiş 8,2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşdiyi, sahənin qeydiyyatı barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (Maddə 6.5); Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (Maddə 6.9). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yarandığından, həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyindən, 15 noyabr 2006-cı il tarixli bələdiyyə qərarı, torpaq sahəsinin alqı-satqı müqaviləsi və torpaqların alqısatqısına dair akt həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur (8.0.1). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır (9.1); Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2); Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3); Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur (10.2): hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri(10.2.1); torpaq sahəsinin planı və ölçüsü(10.2.2); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu plan-cizgisi (10.2.3),;dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4). Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunarkən torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmadığına və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilmədiyinə istinad olunarkən adı çəkilən Komitə tərəfindən iddiaçının adına mübahisəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunduğu nəzərə alınmamışdır. Həmçinin imtinada elektron kadastr məlumatına əsasən həmin ərazinin X4 tikintisi üçün verilmiş ayrıc aktının daxilində yerləşdiyi və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdə olduğu qeyd olunsa da, məhkəmənin müvafiq sorğularına əsasən alınmış cavab məktublarından 9 saylı Köməkçi X4 istifadəsinə verilmiş ümumi sahəsi 7045.8 kv. metr olan torpaq sahəsinin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "X2 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Cavabdehin imtinasından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 39 №-li qərarı əsasında Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində, fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 300 kv. metr torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6309/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6309/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver