Məhkəmə qərarları › İş №2-1(112)-631/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-631/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-631/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 9 saylı vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, böyük məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsi üzrə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, bağ sahəsinin plan-ölçünün tərtib edilməsi, ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə (üçüncü şəxslər: X4 və X10 cəlb edilməklə) məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində olan (bağ sahəsinin) torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, həmin torpaq sahəsinə dair plan və ölçünün düzgün ölçülməsi, ünvanda olan “20” saylı yalnışlığa düzəliş edilərək düzgün ünvanın verilməsi, mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddianın “Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsi üzrə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, bağ sahəsinin plan-ölçünün tərtib edilməsi, ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixdən etibarən Nəriman Nərimanov adına NQÇİ-də bu günə kimi işləyir. Ona bağçılıq cəmiyyəti üzvlərinin 30 yanvar 2000-ci il tarixli, 17 nömrəli prot okoluna əsasən bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.metr olan, 30 yanvar 2000-ci il tarixdə qeydə alınmış qərarına əsasən Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində 20 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün iddiaçıya verilmişdir. İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində 20 nömrəli bağ sahəsini hər tərəfdən hasara almış və oradan mütəmadi olaraq istifadə edir. İddiaçının istifadəsində olan, əsasən Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində 20 nömrəli bağ sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********50 nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, Qaradağ rayonu, Sanqaçal bağ massivi ünvanında yerləşən 20 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizəyə baxılmışdır. İdarənin arxiv məlumatlarına əsasən «20» saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxsin adına qeydiyyatdan keçirmişdir. Bundan əlavə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktı idarənin elektron bazasında aşkar olunmadığından bağ sahəsinin yerləşməsini dəqiq araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan başqa, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli, **********79 nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal bağ massivi 20 ünvanında yerləşən bağ sahəsini üzərində dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə baxılmışdır. İdarənin arxiıv məlumatlarına əsasən «20» saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq yoldaşlıq ayrıc aktından kənarda yerləyir və ərazənin bölgü sxemi olmadığından yerin təyin etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bir müddət sonra, iddiaçının vəkili 18 iyul 2019-cu il tarixli, 365 nömrə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə sorğu verərək, mülki işin obyektiv aparılması ilə əlaqədar olaraq, Bakı şəhəri Qaradağ rayona, Sanqaçal bağ massivi 20 ünvanında yerləşən bağ sahəsinin üzərində dövlət reyestrində kimin adına qeydiyyata alınması barədə rəsmi olaraq geniş məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli, **********05 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi 20 ünvanında yerləşən bağ sahəsinin üzərində dövlət reyestrində kimin adına qeydiyyata alınması barədə 365 nömrəli xx.xx.2019-cu il tarixli sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Nəriman Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifqı Komitəsinin bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 27 mart 1998-ci il tarixli, 54 saylı protokoluna əsasən X6 900m2 torpaq sahəsi olan 20-52 saylı bağ sahəsi ayırılmış və onun adına xx.xx.1998-ci il tarixli üzvlük kitabçası verilmişdir. Daha sonra sözügedən bağçılıq yoldaşlıq birliyinin 27 mart 1998-ci il tarixli, 54 saylı protokoluna xx.xx.1998-ci il üzvlük kitabçası və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Dəniz Neftçisi” b/y-nın 20-52 saylı bağ sahəsi (0.086309 hektar torpaq sahəsi) xx.xx.2012-ci il tarixdə X5 adına daşınmaz əmikin dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, Nəriman Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokoluna, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və 1 saylı BİMnin 2-1(81)-339/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, «Dəniz Neftçisi» b/y-nın 20 saylı bağ sahəsi (0.0578 hektar torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin sorğunun cavabını iddiaçı xx.xx.2019-cu il tarixdə almışdır. İddiaçıya məxsus bağ sahəsinin nömrəsində uyğunsuzluq var, çünki “Dəniz Neftçisi” b/y-nın 20 saylı bağ sahəsi (0.0578 hektar torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətində olsa belə, lakin bu günə kimi iddiaçının bağ sahəsinə gəlib həmin sahənin ölçülərini çəkən olmayıb. Hazırda bu ünvan yalnışlığına görə, iddiaçı Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən bağ sahəsini özəlləşdirə bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən “20” saylı bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxslərin-X5 (20-52 saylı bağ) və X2 (20 saylı bağ sahəsi və evi) adına qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi- bağçılıq yoldaşlıq ayrıc aktından kənarda yerləşir və ərazinin bölgü sxemi olmadığından yerin təyin etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********79 nömrəli xx.xx.2019-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, bağ sahəsinin ilkin sənədlərində düzəlişlərin edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində və məhkəmənin sorğularına cavab olaraq cavabdeh tərəfindən məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********79 nömrəli, xx.xx.2019-cu il tarixli, **********05 nömrəli, xx.xx.2019-cu il tarixli məktublarını və **********50 nömrəli, xx.xx.2017-ci il tarixli bildirişi, ünvan ünvanlanmış 365 nömrəli, 18 iyul 2019-cu il tarixli məktubunun, iddiaçının əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin, 20 nömrəli bağçının üzvlük kitabçasının, ********** nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların, 557748 nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planın, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-339/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qərarın, X2 xx.xx.2019-cu il tarixli ərizəsinin, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi Bağçılıq yoldaşlıq Təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokolundan çıxarışın, 557748 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, 498152 nömrəli, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planın, X6 məxsus bağçının üzvlük kitabçasının, X6 məxsus torpaq sahəsinin planı və ölçüsünün, İddiaçı məxsus torpaq sahəsinin planın, N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısının, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 7/437 nömrəli, 10 dekabr 1990-cı il tarixli və 10/518 nömrəli, 24 iyul 1991-ci il tarixli qərarların, 05/438 nömrəli ayrıc aktının və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Dövlət Neft "xxxx" Şirkətinin Prezidentinə ünvanlanmış məktubunun surətləri təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1979-cu ildən Nəriman Nərimanov adına NQÇİ-də müxtəlif vəzifələrdə işləmişdir, həmin NQÇİ-nə bağçılıq yoldaşlığının yaradılması üçün Qaradağ rayonu, Səngəçal qəsəbəsində torpaq sahəsi ayrılmışdır, həmin NQÇİ-nin kollektivinin üzvləri tərəfindən yaradılmış Bağçılıq yoldaşlığının xx.xx.2001-cı il tarixli, 17 nömrəli protokolu ilə iddiaçıya 20 nömrəli bağ sahəsi ayrılmışdır, iddiaçıya 20 nömrəli bağçının üzvlük kitabçası verilmişdir, iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də bağçılıq yoldaşlığı tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində sahəsi 500 kv metr olan 20 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır, bu barədə bağçının üzvlük kitabçası mövcuddur, həmçinin iddiaçının adı N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısında qeyd olunmuşdur. Cavabdehin etirazında iddiaçı tərəfindən göstərilən faktiki ərazinin digər fiziki şəxslər olan X5 (20-52 nömrəli bağ) və X2 adına (20 nömrəli bağ sahəsi və evi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə göstərilənlər isə işin faktiki halları ilə təsdiq edilmir, belə ki, cavabdehin qeyd edilən hala dair – yəni iddiaçının adına qeydə alınması tələb olunan bağ sahəsi ilə həmin qeydiyyatdan keçmiş bağ sahələrinin eyni koordinatlara malik olmasına dair cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçının və üçüncü şəxslərin bağ sahələrinin koordinatları cavabdeh tərəfindən müəyyən olunmuş və həmin torpaq səhələrinin koordinatları üst-üstə düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsi üzrə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, bağ sahəsinin plan-ölçünün tərtib edilməsi, ünvan verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adına Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində ayrılmış bağ sahəsi üzrə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, bağ sahəsinin plan-ölçünün tərtib edilməsi, ünvan verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar