Məhkəmə qərarları › İş №2-1(112)-6310/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6310/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6310/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (əri) X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində Qala-Pirallahı yolunun sağ tərəfində yerləşən 54,7 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mənim adıma qeydə alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 04 mart 2014-cü il tarixli 174 saylı Sərəncamı ilə ona Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sağ tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında 54,7 kv.m ticarət obyektinin tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış binası "xxxx" MMC tərəfindən tərtib və təsdiq olunmuş layihə əsasında tikilmiş və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 31 mart 2016-cı il tarixli “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının akt”ına əsasən istismara qəbul edilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı da Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. 18 avqust 2022-ci il tarixdə İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə mənim aramda “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 3393 №-li müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ünvandakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 52,0 kv.m torpaq sahəsi onun tərəfindən illik icarə haqqı 240 manat, aylıq icarə 20 manat məbləğində olmaqla və müqavilədə göstərilən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə qəbul edilmişdir. Bundan sonra o, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və qeyri-yaşayış binasına dair hüquq müəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdi. Lakin cavabdeh 15 noyabr 2022-ci il tarixli məktubu ilə ərizənin müsbət həllindən imtina etmiş, bunu isə onunla izah etmişdir ki, qeyri-yaşayış binasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmiş, obyektin tikintisinə icazə sərəncamı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Qala:Pirallahı yolunun mühafizə zonasında yerləşir. Hesab edir ki, cavabdeh tərəfindən ona edilmiş imtina tam əsassızdır və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, məhkəmənin diqqətinə çatdırılır ki, qeyri-yaşayış binasının tikintisinə səlahiyyətli orqan olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmçinin istismara qəbul aktı qəbul edilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin Qala-Pirallahı yolunun mühafizə zonasında yerləşməsi barədə ona məlumat verilməmişdir və bu halı təsdiq edən hər hansı bir sübut və ya dəlil də mövcud deyildir. Həmçinin, qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi səlahiyyətli orqan tərəfindən ona icarəyə verilmişdir. Qeyd etdiyi halları təsdiq edən bütün sənədləri o cavabdeh orqana təqdim etmiş və hesab edir ki, həmin sənədlər hazırkı vəziyyətdə və o cümlədən Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun mövcud tələblərinə əsasən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına hüquq verir. Ona görə də hesab edir ki, yuxarıda qeyd etdikləri və cavabdeh orqana təqdim etdiyi müvafiq sənədlər qeyri-yaşayış binasına dair mülkiyyət hüququ barədə çıxarışın verilməsi üçün əsasdır və müvafiq inzibati aktın cavabdeh tərəfindən verilməsinin faktiki və hüquqi şərtləri həm təqdim etdiyi sübutlarla müəyyən edilən hallar, həm də qanunvericiliyin tələbləri ilə təsdiq olunur. Lakin cavabdeh tərəfindən onun ərizəsinin təmin olunmasından imtina edilməsi qanuna zidd olmaqla yanaşı onun qanunla qorunan hüquqlarını da pozmuşdur.

3. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 18 avqust 2022-ci il tarixli 3393 müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 52.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında İddiaçı müvəqqəti istifadəsinə verilmişdir.

4. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin Başçısının 04 mart 2014-cü il tarixli 174 nömrəli Sərəncamına əsasən Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində Qala- Pirallahı yolunun sağ tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında 54,7 kv.m-lik ticarət obyektinin tikintisinə icazə verilmişdir.

5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-541/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3135/2018 saylı 22 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində Qala-Pirallahı yolunun sağ tərəfində yerləşən 54,7 kv.m sahəsi olan qeyri-yaşayış binasına texniki çıxarışın və texniki pasportun verilməsi tələbi üzrə iddiası təmin olunmamışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 28 mart 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (52,0 m2 torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır.

7. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

8. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə aktına əsasən, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 №-li Zeytun sovxozu ərazisində Qala- Pirallahı yolunun sağ tərəfində yerləşən 54,7 kv.m sahəsi olan qeyri-yaşayış binasına texniki çıxarışın və texniki pasportun verilməsi tələbi üzrə iddiası təmin olunmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-541/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “... iş materiallarında olan Bakı ş., Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu ərazisi, Qala-Pirallahı yolunun sağ tərəfində yerləşən ticarət obyektinin tikinti-quraşdırma, mühəndis-kommunikasiya xətləri, xarici və daxili bəzək, abadlaşdırma işləri başa çatdığından ticarət obyektinin istismara qəbul olunmasına dair tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı qanunvericiliyin tələblərinə zidd tərtib olunaraq Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xx.xx.2018-ci il tarixədək Bakı şəhəri İcra Hakimiyyəti, xx.xx.2018-ci il tarixdən sonra isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qanunun göstərişlərinə uyğun tərtib edilmədiyindən və qeyd edilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmadığından cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıcarışın verilməsindən imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir...”

16. İddiaçı tərəfindən qüvvədə olan məhkəmə qərarında qeyd edilən bir hal – torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmamasına dair əsas aradan qaldırılmış olsa da (torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilmişdir), digər hal aradan qaldırılmamışdır.

17. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.

18. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar