Məhkəmə qərarları › İş №2-1(112)-6311/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6311/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6311/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək;

1. xx.xx.2022-ci tarixdə xəbəri və razılığı olmadan xidmətdə olduğu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad olunaraq aşağı vəzifə olan Milli Müdafiə Universiteti Rektorunun tədris İşləri Üzrə müavini vəzifəsinə keçirilməyi "Hərbi Xidmət keçmə haqqında" Əsasnamənin müvafiq tələblərinə zidd olduğu üçün (keçirildiyi vəzilə aşağı vəzifə olduğu üçün onun razılığı olmalıdır) qanunsuz hesab edilərək əvvəlki vəzifəyə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qovulması;

2. 38 il Silahlı Qüvvələr sıralarında olan hərbi xidmətin 31 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən zabit kimi, torpaqların müdafiəsində və azad olunmasında müstəsna xidmətləri olan İ və İİ X2 kimi, 55 illik ömrünün yarısından çoxu olan 31 ilini və sağlamlığını vətənin müdafiəsinə qurban verən bir zabit kimi, xidməti barəsində kütləvi informasiya vasitələrində yayılan böhtan və yalan məlumatlar və xüsusilə də özlərinin qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün ən axırıncı çirkin əməllərə əl ataraq xəstəliyi barədə kütləvi informasiya vasitələrində xəbərlərin qərəzli surətdə yayılmasını özünə qarşı təhqir və yüksək rütbəli zabit kimi şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edərək keçirdiyi streslər nəticəsində vurulan mənəvi ziyanın dəyərini 100000 manat qiymətləndirərək Müdafiə Nazirliyinin rəhbərliyindən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən mümkün sayıla bilməz. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrini məhkəməyə 2023-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı iddia ərizəsində əmr barədə xəbərsiz olduğunu qeyd etsə də, “Təyinat vərəqələrinin verilməsinin qeydiyyatı Kitabı”nda imza atmaqla təyinat vərəqəsinin götürülməsi və təyin olunduğu hərbi hissəyə getməsi bunu təkzib edir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq iddiaçıya 4.04.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər tərəflərin iştirakı ilə müzakirə edilmiş, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddiaçı məhkəməyə yazılı vəsatət təqdim edərək iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi iddianın mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki iddianı “müalicəyə sərf olunmuş pulun ödənilməsi” barədə digər bir iddia tələbi ilə eyni vaxtda, yəni 2022-ci ilin sentyabr ayında Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Bundan başqa əmrin ləğvi ilə bağlı Müdafiə Nazirliyinə vaxtında yazılı ərizələr ilə müraciət etmiş, heç bir cavab ala bilmədiyinə görə, məhkəməyə müraciət etmişdir. Əgər müddəti ötürübsə bu üzrlü sayılmalıdır. O, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 6 ay müddətində azadlıqdan məhrum edilib. Ona görə də, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Baxılan işdə iddia tələbi iki hissədən ibarətdir. İddiaçının tələbinin 1-ci hissəsindən görünür ki, o, cavabdehin xx.xx.2022-ci il tarixli əmrini mübahisləndirir. Cavabdehin məhkəmə sorğusuna cavab olaraq yazılı etiraz əlavə etdiyi Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsi “X1” kitbından çıxarışdan müəyyən edilir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdə tanış olmuş və həmin kitaba bu barədə imza etmişdir. Digər tərəfdən iddiaçının həmin əmrdən məlumatının olması onun iddia ərizəsinə əlavə etdiyi Milli Müdafiə Universitetinin rektoruna, Azərbaycan Respublikasının müdafiə nazirinə, Müdafiə nazirinin birinci müavininə ünvanladığı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli raport və müraciətlərinin məzmunundan da aydın görünür. Belə ki, iddiaçı həmin mürciətlərində xx.xx.2022-ci il tarixli əmrə istinad etmişdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə rabitə orqanına verilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və nəticədə həmin iddia müddətini ötürmüşdür. Məhkəmə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək işə mahiyyəti üzrə baxılması barədə vəsatətə qiymət verərək qeyd edir ki, iddiaçı vəsatətində iddia ərizəsinin Yanvar 2023-cü il tarixdə deyil, Sentyabr 2022-ci il tarixdə digər iddiası ilə birgə məhkəməninb dəftərxanasına verdiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsini 2022-ci ilin Sentyabr ayında vermiş olsa belə iddia müddətini buraxmış hesab edilir. Çünki iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2022-ci il tarixlidir və iddiaçı xx.xx.2022-ci il tarixdə həmin əmrlə tanış edilmişdir. İddiaçı həmin əmri xx.xx.2022-ci ilədək mübahisələndirə bilərdi. Digər tərəfdən iddiaçının bildirdikləri onun izahatlarından başqa hər hansı bir sübutla təsdiq edilmir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim etdiyini bildir. Lakin iddia ərizəsi məhkəmənin dəftərxanası vasitəsi ilə deyil, poçt rabitəsi vasitəsi ilə verilmiş və həmin poçt zərfi iş materiallarına əlavə edilmişdir. İPM-in 45.3-cü maddəsinə görə, iddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Digər tərəfdən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaçının qeyd etdiyi işin (“müalicəyə sərf olunmuş pulun ödənilməsi”) aid olduğu elektron kabinetdəki sənədlər yoxlanılmış, iddiaçının bildirdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin 2-ci hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarda ifadə edilmiş hüquqi mövqaeyə görə, ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İddiaçı tələbin 2-ci hissəsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı cavabdehdən 100000 manat kompensasiya tələb edir. İPM-in 2.2.7-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. İdiaçının tələbinin həmin hissəsi ilə bağlı cavabdeh orqana müraciət etməsi də müəyyən edilmir. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən kompensasiya tələb edərkən bu hissədə tələbini onunla əsaslndırmışdır ki, cavabdeh tərəfindən səhhəti barədə sosial şəbəkələrə yalan məlumatlar verilmişdir. Yəni iddiaçının kompensasiya (mənəvi zərər) tələbi onun tələbinin birinci hissəsində mübahisələndirdiyi əmrlə bağlı olmamışdır. Belə olan halda iddiaçı hər iki tələbin bir iddia ərizəsində birləşdirilməsinin hüquqi imkanını da əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə ...tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən hallarla bağlı iddiaçıya hüquqi yardım edilməsinə baxmayaraq iddiaçı iddia ərizəsini məhkəməyə təqdim etdiyi qaydada baxılmasında israr edərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar