Məhkəmə qərarları › İş №2-1(112)-6313/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6313/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6313/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün sorğu göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı, iddiаçının vəkili X1 iştirakı ilə, iddiаçı İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün sorğu göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı təkrar doğum haqqında şəhadətnamənin təkrar verilməsi məqsədilə sorğu göndərilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin iddiaçının şəxsiyyəti təsdiq edən sənədin olmaması əsas gətirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğum haqqında təkrar şəhadətnaməsinin alınması üçün Latviya Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı il tarixdə Latviyanın Riqa şəhərində doğulmuşdur. 1993-cü il tarixdən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Latviya dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənəd əldə etməmişdir. Azərbaycana SSRİ vətəndaşının pasportu ilə gəlmişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. BMT QAK-ın himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. Cavabdehin etirazları: Cavabdeh məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hal-hazırda vətəndaşın şəxsiyyət vəsiqəsinin olmaması nəzərə alınaraq doğum haqqında təkrar şəhadətnamənin sorğu edilməsi imkan xaricindədir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişinə cavab olaraq nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və işin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla Latviya Respublikasının Riqa şəhərində doğulmuşdur. Daimi yaşamaq üçün SSRİ pasportu ilə Azərbaycan Respublikasına gəlmiş. Doğum haqqında şəhadətnaməsi yoxdur. Hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin verdiyi Himayə Sənədinə əsasən vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-nın mandatı altında olan şəxsdir. Dövlət Miqrasiya Xidməti tərəfindən 14 noyabr 2023-cü il tarixindən 31 may 2024-cü il tarixinədək Bakı şəhəri, Səbail rayonu, MQÇİ 20-ci sahə, ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları İ. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİ. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 3.0.2. Vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir; 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir); 21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır; 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər; 74.2. Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 4-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən, hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Konvensiyanın 6-cı maddəsinə görə, razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Məhkəmə bu halda hesab edir ki, iddia təmin еdilməli, xx.xx.1966-cı il tarixdə Latviya Respublikaının Riqa şəhərində doğulmuş İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğum haqqında təkrar şəhadətnaməsinin alınması üçün Latviya Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1966-cı il tarixdə Latviya Respublikaının Riqa şəhərində doğulmuş İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğum haqqında təkrar şəhadətnaməsinin alınması üçün Latviya Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar