Məhkəmə qərarları › İş №2-1(112)-6314/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6314/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6314/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xəzər rayon Türkan kənd Bələdiyyəsinə (3-cü şəxs Xətai rayon Bələdiyyəsi olmaqla) qarşı "torpaq sahəsinin verilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Xəzər rayon Türkan kənd Bələdiyyəsinə və Xətai rayon Bələdiyyəsinə qarşı ona pulsuz verilməli olan torpaq sahəsinin 75.000 manat dəyərinin ödənilməsi, yaxud Xəzər rayonunun Türkan kəndindən dənizə yaxın məsafədən 15 sot torpaq sahəsinin verilməsinə dair qərar çıxarılması barədə tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 11 iyun 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, iddiaçıya iddia tələbinin ayrı-ayrı inzibati orqanlarına qarşı yönəlməklə həmçinin qeyri-müəyyən olması və müxtəlif iddia tələblərindən ibarət olması və həmin tələblərə eyni icraatda birgə baxılmasının mümkün olmadığı, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı hüququnun mövcud olması, bununla da hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 05 avqust 2021ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Xətai rayon Bələdiyyəsinin cavabdehlərin sırasından çıxarılaraq 3-cü şəxs kimi qəbul edilməsini, 15 sot torpaq sahəsini verilməsinin Xəzər rayon Türkan kənd Bələdiyyəsinə həvalə edilməsi, Xəzər rayon Türkan kənd Bələdiyyəsi boş torpaq sahəsinin olmadığını bildirməklə hüquququnu bərpa etməkdən imtina etdiyi təqdirdə iddiaçıya verilməli olan 15 sot torpaq sahəsinin 75.000 manat dəyərinin Xətai rayon Bələdiyyəsi tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində Xətai rayon Bələdiyyəsinin cavabdehlərin sırasından çıxarılaraq prosessual fəaliyyətinin 3-cü şəxs olaraq davam etdirilməsini xahiş etsə də, lakin tələbində 15 sot torpaq sahəsinin 75.000 manat dəyərinin Xətai rayon Bələdiyyəsi tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə iddaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsinin verilməsindən sonra yenidən iddia tələbinin dəqiqləşdirilərək qoyduğu tələblərin məhz hansı inzibati orqana qarşı yönəldilməsini, o cümlədən tələbinin aydın şəkildə qoyulmasını təklif etsə də, lakin iddiaçı işə həmin tələb üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarət olmaqla birinci tələb üzrə 15 sot torpaq sahəsini verilməsinin Xəzər rayon Türkan kənd Bələdiyyəsinə həvalə edilməsi, ikinci tələb üzrə Xəzər rayon Türkan kənd Bələdiyyəsi boş torpaq sahəsinin olmadığını bildirməklə hüquququnu bərpa etməkdən imtina etdiyi təqdirdə iddiaçıya verilməli olan 15 sot torpaq sahəsinin 75.000 manat dəyərinin Xətai rayon Bələdiyyəsi tərəfindən ödənilməsini tələb edir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı öz iddiasının əsası kimi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2009-cu il tarixli M-9/5 nömrəli məktubuna və Xətai Rayon İcra Hakimiyyətinin Başçısının güzəştli mənzil növbəsinə götürülməsinə dair sərəncamına istinad edir. Həmçinin, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hər hansı sənədinin olmadığını məhkəmə iclası zamanı öz izahatında qeyd etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1 -ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Məhkəmə iddiaçının tələbinin hər iki hissəsinə, 15 sot torpaq sahəsini verilməsinin Xəzər rayon Türkan kənd Bələdiyyəsinə həvalə edilməsinə və ikinci tələb üzrə Xəzər rayon Türkan kənd Bələdiyyəsi boş torpaq sahəsinin olmadığını bildirməklə hüquququnu bərpa etməkdən imtina etdiyi təqdirdə iddiaçıya verilməli olan 15 sot torpaq sahəsinin 75.000 manat dəyərinin Xətai rayon Bələdiyyəsi tərəfindən ödənilməsinə dair hissələrinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarına istinadən Xəzər rayon Türkan kənd Bələdiyyəsinin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmadığından, iddiaçının iddia etdiyi müvafiq torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin müvafiq bələdiyyə orqanın üzərinə qoyulması yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Halbuki, hazırda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırda iddiaçının qaldırdığı məsələnin həlli ilə bağlı cavabdeh müvafiq səlahiyyətlərə malik deyildir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbləri hər iki hissədə mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Xəzər rayon Türkan kənd Bələdiyyəsinə (3-cü şəxs Xətai rayon Bələdiyyəsi olmaqla) qarşı "torpaq sahəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar