Məhkəmə qərarları › İş №2-1(112)-6314/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6314/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6314/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Suraxanı rayon İcra Hakimiyyəti orqanı nəznində olan bağ təsərrüfatı İdarəsi tərəfindən hüquqlarının tanınması və Hövsan qəsəbəsi “100” saylı bağ sahəsinin özəlləşdirilməsini təmin edən qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatının protokoluna, üzvlük siyahısına və üzvlük protokoluna əsasən 100 saylı bağ sahəsinin sahibi İddiaçıdur. Göründüyü kimi iddiaçının bağ sahəsi üzərində hüquqları yaranmışdır. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planı) göstərilən koordinatların bəziləri faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Hövsan qəsəbəsi 100 nömrəli bağ sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan ölçü sənədində olan koordinatlara uyğun mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:

1. Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının qeyd olunmaması;

2. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə kadastr (kadastr planı) göstərilən koordinatlarının bəziləri faktiki vəziyyətlə uyğunsuzluq təşkil etməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabının, həm də etirazının dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahənin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsası kimi göstərilmişdir ki, müvafiq bağ sahəsinə münasibətdə bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktubuna əsasən təqdim olunmuş İdarədə saxlanılan “Nord “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı göstərilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının adı üzvlük siyahısında qeyd olunmasa da, bu hal onun bağ sahəsi üzərində mülkiyyət hüquqlarının yarandığını istisna etmir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli. 16/358 saylı qərarına əsasən bağçılıq təsərrüfatının yaradılması məqsədi ilə Hövsan qəsəbəsi ərazisində “Nord” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. Adıçəkilən qərara əsasən Hövsan qəsəbəsində yerləşən “Nord” ollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə verilmiş torpaq sahələrinin siyahısı təsdiq olunmuşdur. Doğrudur ki, İdarənin arxivində saxlanılan siyahıda torpaq (bağ) sahəsinin iddiaçıya ayrılması barədə məlumat olmamışdır. Lakin nəzərə alınmalıdır ki, ümumiyyətlə torpaq sahəsinin bölgü sxemində (sxematik xəritədə) iddia olunan 100 saylı bağ sahəsi göstərilsə də, İdarənin arxivində saxlanılan siyahıda 100 saylı bağ sahəsinin hər hansı fiziki şəxsə ayrılması barədə məlumat göstərilməmişdir. Məhkəmə diqqətə çatdırır ki, mübahisəli torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərkən Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli. 16/358 saylı qərarından savayi, həmçinin “Nord” b/y-nın xx.xx.1990-ci il tarixli 1-90 saylı protokola istinad olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən istinad olunan protokolun mötəbərliyi ilə bağlı araşdırma aparılmış və həmn protokol əsasında iddia olunan bağ sahəsinin iddiaçıya ayrılması təsdiq olunmuşdur. Belə ki, “Nord” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.1990-ci il tarixli 1-90 saylı protokoldan və protokoldan çıxarışdan görünür ki, X2 “Nord” bağçılıq yoldaşlığa üzv qəbul edilmiş, “Nord” bağçılıq yoldaşlığının 100 saylı, 500 kv.m (5 sot) bağ sahəsi X1 daimi istifadəsinə verilmişdir. Bunun əsasında “Nord” bağçılıq-yoldaşlıq sədri tərəfindən Hövsan qəsəbəsində yerləşən “Nord” bağçılıq-yoldaşlıq kollektivi üzvlərinə verilmiş torpaq sahələrinə dair yenilənmiş siyahı tərtib olunmuşdur ki, həmin siyahıda 100 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə məlumat mövcud olmuşdur. Qeyd olunanlar ilə bağlı Məhkəmə bildirir ki, hər nə qədər cavabdeh torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sənədin olmamasına istinad etsə də, məhkəmə araşdırılması zamanı bu hal təkzib olunmuşdur. Belə ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli. 16/358 saylı qərarı əsasında “Nord” birliyinin 200 üzvünə torpaq sahəsi ayrılmış, 131 üzvə torpaq sahəsinin ayrılması barədə siyahı tərtib olunmuş, sonradan “Nord” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının 200 üzvünə torpaq sahəsinin verilməsi ilə bağlı siyahı yenilənmişdir. Yenilənmiş siyahı əsasında isə iddiaçıya Hövsan qəsəbəsində yerləşən 100 saylı bağ sahəsinə münasibətdə həmin dövrdə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, cavabdeh inzibati orqanın arxivində saxlanılan siyahı, həmçinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olan yenilənmiş siyahı “Nord” bağçılıq-yoldaşlıq kollektivinin sədri X.Paşayev tərəfindən tərtib olunmuşdur. Məhkəmə icraatı zamanı X3 şahid qismində dindirilmiş və şəxs öz izahatında sənədlərin onun tərəfindən imzalandığını qəbul etmiş, Hövsan qəsəbəsi ərazisində yerləşən 100 saylı bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya verilmiş üzvlük kitabçası, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına və üzvlərin iclasının protokoluna uyğun olaraq verildiyindən, həmçinin mübahisəli torpaq sahəsinə münasibətdə həmin dövrdə səlahiyyətli olan qurum tərəfindən həmin sənədlər əsasında iddiaçının adına torpaq sahəsinin plan və ölçüsü verildiyindən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci dəlilə münasibətdə qeyd edir ki, hər nə qədər cavabdeh (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə kadastr (kadastr planı) göstərilən koordinatlarının bəzilərinin faktiki vəziyyətlə uyğunsuzluq təşkil etdiyini bildirsə də, həmin uyğunsuzluğun nədən ibarət olunması sübut edə bilməmişdir. Göründüyü kimi cavabdehin imtinası həmin hissədə də formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan ölçü sənədində olan koordinatlara uyğun qeydiyyata alınmasını xahiş edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta torpaq sahəsinin faktiki yerləşməsi ilə bağlı hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı Hövsan qəsəbəsi 100 nömrəli bağ sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan ölçü sənədində olan koordinatlara uyğun mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Hövsan qəsəbəsi 100 nömrəli bağ sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan ölçü sənədində olan koordinatlara uyğun mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar