Məhkəmə qərarları › İş №2-1(112)-6316/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6316/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6316/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması hərəkətlərinin aradan qaldırılması və pensiyanın bərpa olunması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qeyri-qanuni qərarın ləğv edilməsi və pensiyanın dərhal verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı 2016-cı ilin dekabr ayından güzəştli şərtlərlə yaşa görə işlədiyi "xxxx" MMC-dən pensiyaya çıxmışdır. 2021-ci ilin yanvar ayından Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qeyri-qanuni olaraq, ona dövlət tərəfindən verilən pensiya heç bir hüquqi əsas olmadan dayandırılmışdır. Belə səthi qərarın qəbul edilməsini həmin İdarə tərəfindən guya onun işləmiş olduğu itiləyici vəzifəsinin metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun olmaması göstərilmişdir. Pensiyaya çıxdığı "xxxx" MMC-nin pensiya üçün zəruri sənədlərin toplanması zamanı hələ 08 dekabr 2016-cı il tarixdə vermiş olduğu “arayış – açılış” sənədimdə onun işlədiyi müddət ərzində daimi zərərli əmək şəraitində çalışdığı, tam iş günü ərzində fəhlə peşələri və işlərin “Vahid tarif - ixtisas sorğu kitabçası”nda uyğun müxtəlif kəsici alətlətlərin quru üsulla abraziv dairələrin köməyi ilə kəsilməsi, itilənməsi ilə məşğul olduğu göstərilmişdir. Bundan əlavə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən 11-ci bölmə, “Metal emalı”, 11.14-cü bənd “Metal emalının digər peşələri”, a) fəhlələr, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə onun işlədiyi itiləyici peşəsi tamamilə eyni olması müəyyən edilmişdir. 2021-ci ilin yanvar ayından indiyədək DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun pensiyasının verilməsinin dayandırmaq barədə verdikləri qeyri- qanuni qərar indiyədək ləğv edilməmiş, yazılı ərizə cavabsız qalmışdır. Göstərilənlərə əsaslanaraq, Xüsusi Şərtlərlə Təyinat İdarəsinin onun qanuni pensiyasının verilməsinin dayandırılması barədə qeyri-qanuni qərarının ləğv edilməsi və pensiyanın dərhal tam həcmdə verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab edilir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 18 fevral 2021-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı Mərkəzi Filial tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF Daxili Nəzarət Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Metal emalı” bölməsinin (11) metal emalının dlgar peşələri bəndinin (11.4) fəhləllər yarımbəndində (a) metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun 10 oktyabr 1980-ci il tarixdən 3 mart 1987-ci il tarixədək və 18 iyul 1991-ci il tarixdən 13 iyun 1994-cü il tarixədək olan dövrlər ərzində "xxxx" MMC-də itiləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi itiləyici vəzifəsi yuxarıda qeyd olunan metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona 30 noyabr 2016-cı il tarixdən DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən DSMF Daxili Nəzarət Departamenti tərəfindən iddiaçıya 30 noyabr 2016-cı il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 9.581,26 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya ünvanlanmış 5 mart 2021ci i! tarixli məktubla artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «əmək pensiyasının dayandırılması hərəkətlərinin aradan qaldırılması və pensiyanın bərpa olunması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XİV Metal emalı” bölməsində (Metal emalının digər peşələri) 2151200a – 1753a kodu ilə “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı 30 noyabr 2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi “itiləyici” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilməməsini göstərmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona pensiya ödənişinin bərpa olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya yaşına çatması və müvafiq tarixədək 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə olunmayan hallarına daxildir. İş materiallarında olan "xxxx" MMC-nin 9 iyul 2021-ci il tarixli məktuba əlavə olaraq verilmiş “Arayış-açılış”ında aşağıdakılar bildirilir: - İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyinin (hazırki vaxtda "xxxx" MMC) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olan zərərli əmək şəraitli işlərdə: 23 iyul 1980-cı il tarixdən 10 oktyabr 1980-cı il tarixədək itiləyici şagirdi; 10 oktyabr 1980-ci il tarixdən 3 mart 1987-ci il tarixədək və 18 iyul 1991-ci il tarixdən 13 iyun 1994-cü il tarixədək itiləyici peşəsində işləmişdir. İddiaçı həmin müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin Vahid tarif-ixtisas sorğu kitabçası”na uyğun quru üsulla abraziv dairələrlə işləyən 3B642 markalı universal itiləmə və 3601 markalı itiləyici dəzgahlarında müxtəlif kəsici alətlərin quru üsulla abraziv dairələrin köməyi ilə soyulması (kobud cilalanması), itilənməsi, kəsilməsi, cilalanması işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşə AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən (2 nömrəli siyahı, XİV bölmə “Metal emalı” 12-ci bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “2151200a-1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”) və AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən (11-ci bölmə “Metal emalı” 11.14-cü bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) müəyyənləşdirilmişdir. İddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olması məsələsi ilə bağlı məhkəmə vurğulayır ki, iddiaçının işlədiyi müəssisənin yuxarıda qeyd olunan arayışından görünür ki, onun peşəsinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XİV Metal emalı” bölməsində 2151200a – 1753a kodu ilə göstərilən “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” peşəsinə uyğundur. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" MMC-nin müvafiq arayışı onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə iş stajına malik şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər aradan qaldırılmalı və ödənilməsi bərpa edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəssinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının tərəfindən aradan qaldırılmalı və həmin pensyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aradan qaldırılsın və həmin pensyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar