Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6318/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna qarşı X8, X9, X4, X6 maraqlı şəxs qismində göstərilməklə bağışlanma müqaviləsinin bağlanılması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna qarşı X8, X9, X4, X6 maraqlı şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, H.Cavid prospekti, 522-ci məhəllə, ev E, mənzil 28-in bacısı, paylı mülkiyyət hüququ ilə ona X3 bağışlama müqaviləsinin cavabdehlərin razılığı olmadan rəsmiləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, H.Cavid prospekti, 522 məhəllə, ev E, mənzil 28 paylı mülkiyyət hüququ ilə ona, qardaşları X7, X5 və bacısı X3 məxsusdur. Bu mənzil vərəsəliklə onlara anaları X1. Bu haqda onlar, vərəsələr vərəsəlik haqda şəhadətnamələr almışlar və mülkiyyətlərini təsdiq edən çıxarış da almışlar. Ona məxsus olan mənzilin ona məxsus olan 1/4 hissəsini bacısı X3 bağışlamaq istəyir. Lakin o Notariat Kontoruna müraciət etdikdə ona bildirmişlər ki, həmin mənzildə pasport qeydiyyatında olan şəxslərin razılığı olmasa bağışlama müqaviləsini rəsmiləşdirə bilmirlər. Həmin mənzildə pasport qeydiyyatında olan şəxslərdən ikisi qardaşları, biri isə qardaşı arvadıdır. Qardaşları da onunla bərabər vərəsəlik yolu ilə bu mənzilə mülkiyyət hüququ əldə etmişlər. Qardaşı arvadının isə bu mülkiyyətə aidiyyatı belə yoxdur. O onlara notariat kontoruna gedib razılıq vermələrini təklif etsə də onlar qəti etiraz edərək heç bir səbəb göstərmədən razılıq verməyəcəklərini bildirmişlər. Onların imtinası və notariusun da onların razılığı olmadan bağışlamanı etməkdən imtinası ona məxsus əmlak üzərində qanunla qorunan sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiasına onun iştirakı olmadan mahiyyəti üzrə baxıb iddiasının təmin edilməsini xahiş etmiş, cavabdehin səlahiyyətli nümayəndəsi və maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun üzərinə Bakı şəhəri, H.Cavid prospekti, 522-ci məhəllə, ev E, mənzil 28-də olan payının bacısına bağışlanması müqaviləsinin maraqlı şəxslərin razılığı olmadan rəsmiləşdirilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi bağışlama müqaviləsi ilə bağlı notariat hərəkətlərinə dair olduğundan həmin tələbə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatında baxılmalıdır. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6318/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6318/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver