Məhkəmə qərarları › İş №2-1(112)-632/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-632/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-632/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işsiz), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, hüquq məsləhətçisi) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının adına olan Goradil bağlar sahəsində yerləşən 838 A nömrəli bağ sahəsinin iddiaçının iştirakı təmin olunmaqla yanaşı sübutların olduğu yerdə (naturada) yerində koordinat və döngə nöqtələrinin təyin edilməsi və döngə nöqtələri arasındakı, ölçü məsafələrindəki verilən ölçülərdə iddiaçıya yol üçün ayrılan torpaq sahəsi də daxil olmaqla sənəd üzrə 0,12 ha, yəni 1200 kv metr torpaq sahəsinin faktiki olaraq 1200 kv metr olmaqla iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2-ci dərəcəli hərbi əlil olduğundan bağ sahəsi almaq üçün Bakı şəhər İcraiyyə Komitəsinə müraciət etmişdir.İddiaçının müraciəti əsasında Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar X4 19.05.1989-cu il tarixli, 4/151 №li qərarına əsasən Goradil bağlar sahəsində 75№li BTK nəzdində 4 №li order əsasında 0,12 ha torpaq sahəsi 838 A nömrəli bağ ərazisi kimi iddiaçıya ayrılmışdır. Həmin bağın ərazisi 14.06.1989-cu ildə Goradil bağlar ərazisində istifadəsiz qalmış 838 nömrəli bağ sahəsi kimi X8 nümayəndələri tərəfindən ona və onunla bərabər Vətən müharibəsi əlili olan 2-ci şəxsə göstərilmişdir. O və 2-ci şəxs həmin vaxt öz aralarında razılığa gəlmişlər və onların razılığı əsasında X10 nümayəndələri tərəfindən 838 №li bağın arxa tərəfinin bir hissəsi və həmin sahəyə giriş-çıxış üçün ayrılan yolun sahəsi də iddiaçıya ayrılan torpaq sahəsinə daxil olmaqla bərabər ölçülərək faktiki 1200 kv metr sahəsi olan 838A nömrəli bağ iddiaçıya verilmişdir. Qalan hissə isə 2ci şəxsə 838 nömrəli bağ olaraq verilmişdir. Ona aid olan 838A nömrəli bağın özəlləşdirilməsi üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə plan sxemin (cizginin) verilməsi üçün müraciət etmişdir. Onun müraciətinə əsasən 02.03.2010-cu ildə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi plan-sxem cizgisində və 06.05.2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan torpaq sahəsinə dair kadastr göstəricilərində 838A nömrəli bağ sahəsinin ərazisi sənəd üzrə 1200 kv.m. olsa da faktiki olaraq öz əksini tapmamışdır. Hər iki sənəddə faktiki göstərilən ölçülər də fərqlidir. Ona görə də bu səbəbdən iddiaçı Goradil bağlar sahəsində yerəşən onun adına olan 838A nömrəli bağ sahəsinin yenidən ölçülməsinin aparılması, onun iştirakının təmin olunması, sübutların olduğu yerdə (naturada) yerində, koordinat və döngə nöqtələrinin təyin edilməsi, koordinat və döngə nöqtələri arasındakı ölçü məsafələrindəki verilən ölçülərdə ona yol üçün ayrılan yol sahəsi də daxi olmaqla sənəd üzrə 1200 kv.m. torpaq sahəsinin onun adına özəlləşdirilməsi üçün DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə 20.10.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir.Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərmişdir ki, bağ sahəsinin torpaq sahəsinin ölçüsü sənədlə 1200 kv.m., faktiki isə 1045,66 kv.m. təşki edir. İddia edildiyi 220 kv.m. sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ümumi istifadə üçün nəzərdə tutulmuş yol sahəsidir. Bu səbəbdən ərizəçinin ərizəsi icra olunmamış və bu barədə ona imtina məktubunda izah edimişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi T.Yeganlı məhkəmədə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bağ Təsərrüfatının İnkişafı və İstismarı Birliyi “Goradil” massivi 75 nömrəli kooperativin verdiyi 4 nömrəli, 14.06.1989-cu il tarixli orderə əsasən Hüseynov İltifat Həsən oğluna Bakı şəhər Sovetinin 4/151 nömrəli, 19.05.1989-cu il tarixli qərarına əsasən 75 nömrəli BTK nəzdində sahəsi 0,12 ha göstərilmiş 838A nömrəli bağ sahəsi ayrılmışdır. 890 nömrəli, 07.04.2010-cu il tarixli arxiv arayışına əsasən Bakı şəhər X18 İcraiyyə Komitəsinin 4/151 №li, 19.05.1989-cu il tarixli qərarına əsasən Hüseynov İltifat Həsən oğlu Goradil massivində 75 nömrəli bağ-tikinti kooperativinin üzvlüyünə qəbul olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin planına əsasən iddiaçının 838 A saylı bağ sahəsinin faktiki sahəsi 1026 kv metr təşkil etmişdir ki, İddiaçı də həmin plan-sxemi imzalamışdır, imzanın qarşısında iddiaçının sxemlə razılaşdığı qeyd edilmişdir.Həmin sxemə əsasən iddiaçının bağ sahəsini 837A, 806A,839 və 838 saylı bağ sahələri əhatə edir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin sənəd iddiaçıya ayrılmış 838A saylı bağ evinin tikintisi üçün tərtib edilmişdir, torpaq sahəsinin ölçüsü 1045,66 kv metr göstərilmişdir. Cavabdehin 05.11.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 75 nömrəli Bağ Tikinti Kooperativinin planına əsasən 838A və 838 nömrəli bağ sahələrinin ümumi sərhədi vardır. Cavabdehin 12.07.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş: 3 nömrəli, 30 iyun 1989-cu il tarixli orderə əsasən Əzimov Hüseynəli Hüseynqulu oğluna Bakı şəhər Sovetinin 4/151 nömrəli, 19.05.1989-cu il tarixli qərarına əsasən 75 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 838 nömrəli bağ sahəsi ayrılmışdır,həmin bağ sahəsinin Həsənov Bağır Sadıq oğlunun adına keçirilməsi barədə qeyd edilən şəxsin yazılı ərizəsi əsasında 838 nömrəli bağ sahəsinin icarəyə verilməsi barədə Həsənov Bağır Sadıq oğlu ilə müqavilə bağlanmışdır, bağın sahəsi müqavilədə 0,12 ha göstərilmişdir,həmin şəxsin adına tərtib edilmiş Torpağın plan və ölçüsünə əsasən torpaq sahəsinin ölçüsü 1016,41 kv metr göstərilmiş və həmin bağ sahəsi (0,016 ha torpaq sahəsi) Həsənov Bağır Sadıq oğlunun adına ******* nömrəli çıxarışa əsasən mülkiyyəti hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, həmin bağ torpaq sahəsi Həsənov Bağır Sadıq oğlu tərəfindən ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Yusifova Məharət Fəxrəddin qızına satılmışdır, ******* nömrəli çıxarışa əsasən həmin bağ Yusifova Məharət Fəxrəddin qızının adına 02.09.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, torpaq sahəsinin ölçüsü çıxarışda 0,1016 kv metr göstərilmişdir, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin bağ sahəsi Yusifova Məharət Fəxrəddin qızı tərəfindən İsayev İbrahim İsa oğluna satılmışdır, bağın torpaq sahəsi alqı-satqı müqaviləsində 0,1016 ha göstərilmişdir, ******* nömrəli çıxarışa əsasən 21.12.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində İsayev İbrahim İsa oğlunun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır və çıxarışa əsasən 838 saylı bağ evinin torpaq sahəsinin ölçüsü 0,1016 kv metr təşkil edir. Cavabdehin 15.01.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, 838A nömrəli bağın sahəsi sənədlə 1200 kv.m., faktiki isə 1045,66 kv.m. təşkil edir. İddia edildiyi 220 kv.m. sahə bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən ümumi istifadə üçün nəzərdə tutulmuş yol sahəsidir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar X4 19.05.1989-cu il tarixli, 4/151 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 4 nömrəli order əsasında 0,12 ha torpaq sahəsi Goradil massivində yerləşən 838A nömrəli bağ sahəsi həmin ərazidə olan 838 nömrəli bağ sahəsinin iki bərabər hissəyə bölünməsi nəticəsində verilmişdir. İddiaçının özünün bildirdiyi kimi 838 nömrəli bağ sahəsi onunla digər vətəndaşın arasında bərabər hissələrə bölünmüş, iddiaçıya verilmiş bağ sahəsinin nömrəsi 838A, digər şəxsin bağının nömrəsi isə 838 müəyyən edilmişdir. Hazırda iddiaçı 838 nömrəli bağ iki yerə bölünən zaman 838 nömrəli bağın arxa tərəfinin bir hissəsinin və həmin sahəyə giriş-çıxış üçün ayrılan yolun sahəsinin iddiaçıya ayrılan torpaq sahəsinə daxil olmaqla bərabər ölçülərək faktiki 1200 kv metr təşkil etdiyini bildirərək 838A nömrəli bağın sahəsi 1200 kv metr göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. İş materiallarından göründüyü kimi ilkin olaraq həm 838 nömrəli, həm də 838A nömrəli bağ sahələri 838 nömrəli bağ sahəsinin tərkib hissəsi olmuşlar, sonradan həmin bağ sahəsi iddiaçının göstərdiyi kimi iki bərabər hissəyə bölünmüşdür, belə olan halda iddiaçıya 0,12 ha faktiki torpaq sahəsi ayrılmış olsa idi o zaman digər şəxsə də ayrılmış torpaq sahəsinin ölçüsü 0.12 ha olardı. Lakin məhkəməyə təqdim edilmiş, 838 nömrəli bağ sahəsinə aid alqı-satqı müqaviləsindən, torpaq sahəsinin plan və ölçüsündən, hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd edilən bağ sahəsinin ölçüsü də iddiaçıda olduğu kimi 0,12 ha deyil, 0,016 ha təşkil edir.Yəni bağ iki bərabər – ölçüsü təqribi 0,016 ha təşkil edən iki bağa ayrılmışdır ki, onların birinin nömrəsi 838A, digərinin nömrəsi isə 838 müəyyən edilmişdir, bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Torpaq haqqında qanunvericiliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən), onlara dair öhdəliklər və məhdudiyyətlər qoyula bilər. Torpaq Məcəllənin 52-ci maddəsinin 2-ci bəndinə əsasən, istifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair qoyulan öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. (52.3.) Torpaq sahəsinə qoyulan öhdəliklər və məhdudiyyətlər onun hüquqi statusuna daxil edilməklə, dövlət qeydiyyatından keçirilir. Torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüquqları başqa şəxsə keçdikdə həmin öhdəliklər və məhdudiyyətlər saxlanılır. İşin faktiki hallarına görə iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə müəyyən məhdudiyyət əsasında verilməsi (dövlət qeydiyyatına alınması) barədə bilmiş, etiraz etməmiş, məhdudiyyət (torpaq sahəsinin müqavilədə göstərilmiş sahəsindən az olması) ilə razılaşmışdır. İddiaçının mülkiyyəti kimi qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin 220 kv metr hissəsi yoldur - ümumi istifadədə olan torpaq sahəsidir, qanunvericiliyin tələbinə əsasən isə ümumi istifadədə olan torpaq sahəsinin - yolun hər hansı bir şəxsin adına özəlləşdirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir.Cavabdeh haqlı olaraq ümumi istifadədə olan yolun iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının adına olan Goradil bağlar sahəsində yerləşən 838 A nömrəli bağ sahəsinin iddiaçının iştirakı təmin olunmaqla yanaşı sübutların olduğu yerdə (naturada) yerində koordinat və döngə nöqtələrinin təyin edilməklə və döngə nöqtələri arasındakı, ölçü məsafələrindəki verilən ölçülərdə iddiaçıya yol üçün ayrılan torpaq sahəsi də daxil olmaqla sənəd üzrə 0,12 ha, yəni 1200 kv metr torpaq sahəsinin faktiki olaraq da 1200 kv metr olmaqa iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının adına olan Goradil bağlar sahəsində yerləşən 838 A nömrəli bağ sahəsinin iddiaçının iştirakı təmin olunmaqla yanaşı sübutların olduğu yerdə (naturada) yerində koordinat və döngə nöqtələrinin təyin edilməsi ilə və döngə nöqtələri arasındakı, ölçü məsafələrindəki verilən ölçülərdə iddiaçıya yol üçün ayrılan torpaq sahəsi də daxil olmaqla sənəd üzrə 0,12 ha, yəni 1200 kv metr torpaq sahəsinin faktiki olaraq da 1200 kv metr olmaqa iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar