Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6321/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi Ağdam şəhər 07 nömrəli orta məktəbin müəllimi kimi fəaliyyət göstərmişdir. Ümumilikdə pedoqoji iş stajı 18 il 15 gün olmuşdur. xx.xx.1998-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1998-ci il tarixdən H.Z.Tağıyev adına Azərbaycan X1 dili fənni üzrə müəllim fəaliyyətini davam etdirmişdir. xx.xx.2004-cü il tarixli əmrlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Maliyyə-İqtisad Kollecində iş stajı 6 il təşkil etmişdir. Pensiyaya çıxması ilə əlaqədar cavabdeh təşkilata müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətindən imtina edilmişdir. İmtinada göstərilmişdir ki, təqdim etdiyi xx.xx.1998-ci il tarixidnə tərtib edilmiş НТ-İ serialı, ******* saylı əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı əyani təhsil müddəti nəzərə alınmaqla, 10 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesabının sığorta hisəssində qeydə alınmış pensiya kapitalı 10 il 9 ay sığorta stajına uyğun olaraq 7015.55 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 200 manatdan az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı iddia etmişdir ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Ağdam rayon 07 saylı orta məktəbin müəllimi, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək H.Z.Tağıyev adına Azərbaycan Maliyyə-İqtisad Kollecində ingilis dili fənni üzrə müəllim işləmişdir və hal-hazırda 29 il sosial sığorta stajı vardır. Buna görə də, o, 29 illik sosial sığorta stajı nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən, yəni 62 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmişdir. Filial xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Filial imtinasını belə əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasına əsasən ümumi sığorta stajı 10 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda onun fərdi hesabında qeydə alınmış pensiya kapitalı 7015,55 manat omaqla tələb olunan pensiya kapitalından azdır. Həmçinin, İddiaçı çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət aldığından ona avtomatikləşdirilmiş qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı məxsus əmək kitabçasında müvafiq olaraq xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Ağdam rayon 07 saylı orta məktəbin müəllimi, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək isə H.Z.Tağıyev adına Azərbaycan Maliyyə-İqtisad Kollecində ingilis dili fənni üzrə müəllim işlədiyi qeyd edilmişdir. İddiaçının xx.xx.1980-ci ildən xx.xx.1998-ci ilədək Ağdam rayon 07 saylı orta məktəbdə müəllim işlədiyi dövrlər əmək kitabçasında qeyd edilsə də, işə daxil olma və işdən azad olma ilə bağlı əmrlər qeyd edilməmişdir. Əlavə olaraq, Ağdam rayon Təhsil Şöbəsinə ünvanladıqları sorğuya verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Açıdan rayon Təhsil Şöbəsinin tabeçiliyində 07№-li məktəb fəliyyət göstərmir. 07№-li orta məktəb Ağdam rayonunun işğalından əvvəl fəaliyyət göstərmişdir. Hazırda Ağdam rayon Təhsil Şöbəsinin elektron əmək müqaviləsi sistemində İddiaçıYusif gızı adlı şəxsin əmək müqaviləsi mövcud deyildir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı Ağdam rayon 07 saylı orta məktəbdə işlədiyi dövr əmək kitabçasında xx.xx.1980-ci ildən xx.xx.1998-ci illər arasında qeyd edilsə də, Ağdam rayonu 1993-cü il 23 iyul tarixində işğal olunmuşdur və müvafiq sorğuya cavabda məktəbin işğaldan əvvəl fəaliyyət göstərdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq 25 il sosial sığorta stajına malik deyildir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı Qanunun 7-ci maddəsinə müvafiq olaraq 25 il sosial sığorta stajına malik olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kaitalı qanunvericiliklə tələb edilən pensiya kapitalından az olduğundan iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Briffa (Yusifova) Adilə Yusif qızı həqiqətən xx.xx.1980ci il 31 dekabr 1993-cü ilə kimi Ağdam şəhər 7 nömrəli orta məktəbdə ingilis dili müəllimi işləmişdir. Ağdam rayonunun işğalından sonra iş yerini itirdiyinə görə 01 sentyabr 1998-ci ilə kimi Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli qərarına əsasən işləmədiyinə görə aylıq əmək haqqı almışdır. xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək H.Z.Tağıyev adına Azərbaycan Maliyyə-İqtisad Kollecində işləmişdir. İşdə olan iddiaçıya məxsus ЕВ seriyalı, 278322 nömrəli diplomun surətindən görünür ki, Briffa (Yusifova) Adilə Yusif qızı 1975-1980-ci illərdə SSR-nin 50 iliyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnsitutununn ingilis və fransız dilləri ixtisasını bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 54 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Briffa (Yusifova) Adilə Yusif qızı xx.xx.1980-ci il 31 dekabr 1993-cü ilə kimi Ağdam şəhər 7 nömrəli orta məktəbdə ingilis dili müəllimi işləmişdir. Ağdam rayonunun işğalından sonra iş yerini itirdiyinə görə 01 sentyabr 1998-ci ilə kimi Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli qərarına əsasən işləmədiyinə görə aylıq əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilmiş 54 nömrəli, 26 oktyabr 2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Ağdam şəhər 7 nömrəli orta məktəbin xx.xx.1980-xx.xx.1993-cü ilə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün Filialda mühafizə olunmur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18 sentyabr 2021-ci il tarixli, **********0 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1998-ci il tarixdə tərtib edilmiş ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı əyani təhsil müddəti nəzərə alınmaqla 10 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10 il 9 ay sığorta stajına uyğun olaraq 7015.55 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kaitalından azdır və əmək pensiyasının minimum məbləğindən 200 (manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, “Sosail müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixdən, 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Ağdam rayon Təhsil Şöbəsi tərəfindən 21 aprel 2022-ci il tarixli, 02/532 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Briffa (Yusifova) Adilə Yusif qızı xx.xx.1980-ci il 31 dekabr 1993-cü ilə kimi Ağdam şəhər 7 nömrəli orta məktəbdə ingilis dili müəllimi işləmişdir. Ağdam rayonunun işğalından sonra iş yerini itirdiyinə görə 01 sentyabr 1998-ci ilə kimi Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli qərarına əsasən işləmədiyinə görə aylıq əmək haqqı almışdır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X4 tərəfindən təqdim edilmiş 11 may 2022-ci il tarixli, 14 nömrəli arxiv arayışından görünür ki, Ağdam rayon Təhsil Şöbəsinin 1993-cü ilin iyul ayına qədər olan arxiv sənədləri (arxiv kitabları, əmək haqqı cədvəlləri) rayonun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. 1993-2000-ci ilə qədər olan orta aylıq əmək haqqı cədvəlləri Filiala təhvil verilməyib. Həmin sənədlər Filialda mühafizə olunmadığı üçün Briffa (Yusifova) Adilə Yusif qızının aldığı orta aylıq əmək haqqı barəsində məlumatı göndərmək mümkün olmamışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” 11 sentyabr 2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və cavabdehin imtinasının məzmunundan göründüyü kimi, hazırki məhkəmə mübahisəsinin predmetini iddiaçının xx.xx.1980-ci ildən 31 dekabr 1993-cü ilə kimi Ağdam şəhər 7 nömrəli orta məktəbdə ingilis dili müəllimi işlədiyi illər və iş yerini itirdiyinə görə xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli Qərarına əsasən işləmədiyinə görə orta aylıq əmək haqqı aldığı müddətin onun sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. Cavabdehin qənaətinə görə iddiaçının Ağdam şəhər 7 nömrəli orta məktəbdə işlədiyi dövrlər üzrə əmrlər olmadığına görə həmin dövr onun əmək stajına daxil edilə bilməz. Məhkəmə cavabdehin həmin qənatinə münasibətdə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (-). Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (-). Maddə Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri (-). 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2- ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) və q) bəndlərinə görə əmək kitabçası və dövlət arxivinin verdiyi arayışlar iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2- 1(102)- 523/2020 saylı 17 iyun 2020-ci il tarixli, 2-1(102)-1944/2020 saylı 28 oktyabr 2020- ci il tarixli və 2-1(102)-404/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarında “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə istinad edərək 1 yanvar 2006-cı ilədək olan iş dövrü əmək kitabçası ilə təsdiq olunduğuna görə şəxsin sığorta stajına daxil edilməsinin və pensiya hüququnun yaranmasının zəruriliyi bildirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, xx.xx.1980-ci ildən 31 dekabr 1993-cü ilə kimi Ağdam şəhər 7 nömrəli orta məktəbdə ingilis dili müəllimi işlədiyi illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə mübahisə predmetini təşkil edən digər dövr isə iş yerini itirdiyinə görə xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli Qərarına əsasən iddiaçıya işləmədiyinə görə orta aylıq əmək haqqı aldığı dövrdür. Məhkəmə həmin dövrə münasibətdə qeyd edir ki, yuxarıda da, göstərildiyi kimi, iddiaçıya xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli Qərarına əsasən işləmədiyinə görə orta aylı əmək haqqı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli “Büdcədən maliyyələşdirilən müəssələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında aşağıdakılar göstərilmişdir:
1. Respublikanın əlaqədar nazirlik, dövlət komitələri, idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanları əraziləri işğal olunmuş rayonların mövcud idarəetmə strukturlarını saxlamaq və onların fəaliyyətindən bilavasitə istifadə etməklə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili surətdə işlə təmin edilməsi üçün qəti tədbirlər görsünlər.
2. Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər.
3. Dövlətstatkom və Dövlətqaçqınkom əraziləri işğal edilmiş rayonların icra hakimiyyətləri ilə birlikdə işlə təmin olunmuş məcburi köçkünlərin dəqiq uçotunun aparılmasını təşkil etsinlər və hər ay bu barədə Maliyyə Nazirliyinə məlumat təqdim etsinlər. 4-1. Büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə pensiya yaşına çatdıqda, orta aylıq əməkhaqqının verilməsi dayandırılır.
5. Nəzərə alınsın ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” və “Vətəndaşların pensiya təminatları haqqında” Azərbaycan Respublikasının qanunlarında və eləcə də bu qanunlar barədə Nazirlər Kabinetinin qəbul etdiyi normativ sənədlərdə məcburi köçkün problemlərinin həlli öz əksini tapmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, sözügedən dövr də, iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2018-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. Məhkəmə eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva