Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6323/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 06 avqust 2013-cü ildən təyin edilməsi və xx.xx.2013-cü ildən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb, birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 07 avqust 1956-cı ildə Lerik rayonunda doğulmuşdur, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək olan müddətdə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək olan müddətdə Bakı şəhəri 88 saylı texniki peşə məktəbində “elektrik montyoru” ixtisası üzrə peşə təhsili almış, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək olan müddətdə “Elektrosentrolit' zavodunda 3-cü dərəcəli çilingər (zərərli iş şəraitində); xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “Leninneft” Neftqazçıxartma idarəsinin quyuların yeraltı və əsaslı təmiri sexində quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator; xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək “İttifaq telefon tikinti” Trestinin Bakı Tikinti-Quraşdırma idarəsində 2-ci dərəcəli lehimçi; xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 3-cü dərəcəli rabitə quraşdırıcı- lehimləyici; “Azərkəndsutəchizat” DK-nin 10 saylı Səyyar mexanikləşdirlmiş dəstəsində xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək 4, 5 və 6-cı dərəcəli takelajçı; xx.xx.1989-cu ildən 4-cü dərəcəli elektrik qaynaqçısı; xx.xx.1992-ci ildən 5-ci dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.2009-cu ildə başqa təşkilata işə qəbul olunduğuna görə işdən azad edilmişdir. xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək “Sədərək” firmasının tikinti-təmir bölməsinə traktorçu işləmişdir. İşlədyi işlərin əksəriyyəti güzşətli siyahıda qeyd edilmişdir. Ümumlikdə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. Belə ki, işlədiyi dövrlər üzrə xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “Lennneft” Neftqazçıxartma idarəsinin quyuların yeraltı və əsaslı təmiri sexində quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsi, hələ 1 saylı güzəştli siyahıda 1100000a-15876 quyuların yeraltı təmir üzrə operatorlar peşəsinə uyğun gəlir. xx.xx.1989-cu ildən xx.xx.2009-cu ilədək işlədiyi elektrik qaynaqçısı peşəsi isə Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli güzəştli siyahısının 35-ci bəndində güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. Eləcə də xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək olan müddətdə “Elektrosentrolit” zavodunda 3-cü dərəcəli çilingər kimi zərərli iş şəraitində işləməyi əmək kitabçasının özündə qeyd edilmişdir. Əmək kitabçasından da görünür ki, xx.xx.2006-ci ildədək olan müddətdə onun 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, o, 57 yaşının tamam olduğu 07 avqust 2013-cü ildən əmək pensiyası təyin edilməli idi. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 fevral 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından nümayəndəsi və vəkili “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X3 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, arxiv arayışı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında işlədiyi işlər və peşələr xarici dildə tərtib edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi, həmçinin həmin peşələrin ona güzəştli pensiya hüququ verən peşələrə aid olu-olmaması aydın deyil. İddiaçı iddia ərizəsində göstərdiyi tələblə eyni məzmunlu xahişlə İdarəyə müraciət etmiş və İdarə tərəfindən məktubla cavab verilərək ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 2 nömrəli əlavəsində qeyd edilən sənədlər göstərilməklə həmin sənədlərin əsilləri idarəyə təqdim edildikdən sonra onun müarciətinə baxıla biləcəyi bildirilmişdir. Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Cavabdehin iddiaçıaya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericilklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh Filialın həmin xx.xx.2020-ci il tarixli cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər-hansı bir maraqlarını pozmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı-İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəklinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 08 avqust 1978-ci il tarixdə verilmiş 4969 №-li, attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 30 mart 1978-ci ildə Azərbaycan SSR Bakı şəhəri 88 №-li Texniki məktəbinə daxil olmuş və 06 avqust 1978-ci ildə “Elektrik avadanlıqlarının təmiri və istismarı üzrə elektrik montyorları” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İT-İ seriyalı ******* №li xx.xx.1978-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.1978-ci ildə SSRİ Elektrotexnika və Sənaye Nazirliyi “Elektrotəchizat” zavodundasənaye ventiliyasiyasına xidmət göstərilməsi sahəsinə sənaye ventiliyasiyası və isitməsinə xidmət göstərilməsi üzrə 3-cü dərəcəli çilingər qəbul olunmuşdur (Əmr 463, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə işdən azad edilmişdir (Əmr № 573, xx.xx.1978-ci il); xx.xx.1979-cu ildə “Leninneft” Neftqazçıxarma idarəsinə Quyuların yeraltı və əsaslı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operatoru qəbul edilmişdir (Əmr 58/k, xx.xx.1979-cu il); xx.xx.1981-ci ildə işdən azad olunmuşdur ( Əmr № 58/k, xx.xx.1979-cu il); xx.xx.1981-ci ildə “İttifaq telefon tikinti” trestinin Bakı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli lehimçi qəbul olunmuşdur (Əmr № 47/kş, xx.xx.1981-ci il); xx.xx.1983-cü ildə 3-cü dərəcəli rabitə quraşdırıcısı-lehimləyici keçirilmişdir (Əmr 109/kş, xx.xx.1983-cü il); xx.xx.1984-cü ildə vəzifəsindən azad olmuşdur (Əmr № 5/kş, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə “Azərkəndsutəchizat” DK-nin 10 saylı Səyyar mexanikləşdirlmiş dəstəsində 4-cü dərəcəli takelajçı təyin olunmuşdur (Əmr № 4-k, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə 5-ci dərəcəli takelajçı keçirilmişdir (Əmr № 32, xx.xx.1984-cü il); xx.xx.1985-ci il 6-cı dərəcə takelajçı dərəcəsi verilib (Əmr № 21-k, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə 5-ci dərəcəli takelaçı keçirilmişdir (Əmr № 49-1, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmişdir ( Əmr № 37 k/1, xx.xx.1989-cu il); xx.xx.1992-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmişdir (Əmr № 77/k, xx.xx.1992). xx.xx.2009-cu ildə işdən azad olmuşdur (Əmr № 12/k, xx.xx.2009-cu il); xx.xx.2012-ci ildə “Sədərək” firmasının tikinti təmir bölməsinə traktorçu vəzifəsinə qəbul edilmişdir (Əmr №-10-k, xx.xx.2012-ci il); xx.xx.2013-cü ildə işdən azad edilmişdir (Əmr № 28-k, xx.xx.2013-cü il). "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 02/əmək №li arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən keçmiş adı “Azərkəndsutəchizat” DK-nin 10 saylı X1 və hal hazırki adı "xxxx" QSC-də 12 yanvar 1984-cü il (Əmr № 4-k) tarixdən işə başlamışdır. O, xx.xx.1989-cu il tarixdən (Əmr № 37-k) müəssisədə elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir və 30 dekabr 2009-cu il (Əmr № 12/k) tarixədək elektrik qaynaqçısı işləmişdir. “SOCAR”-Mərkəzi Arxiv tərəfindən verilmiş “İş stajı haqqında” 01 iyul 2021-ci il tarixli **********80020123X00179 saylı arxiv arayışında qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçın həqiqətən xx.xx.1979-cu ildə (əmr № 58/k, xx.xx.1979-cu il) “Leninneft” Neft və Qazçıxarna İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 91/k, xx.xx.1981 -ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli **********8 №li cavab məktubunda göstərilmişdir ki, Filiala 05 avqust 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - SOCAR- X2 05 iyul 2022-ci il tarixli **********30490075X00287 saylı cavab məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 01 iyul 2022-ci il tarixli SOCAR**********80020123X00179 nömrəli arxiv arayışına əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. İddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (02 il 01 ay 26 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a—15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022ci il tarixli 1-8-118/9423-22 saylı məktubu ilə təqdim olunmuş MA-317 saylı arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1981-ci il tarixdən (xx.xx.1981-ci il tarixli, kş/47 №-li əmr) “İttifaqtelefontikinti” Trestinin Bakı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli rabitə quraşdırıcı-lehimləyici vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli, kş/5 №li əmr) 3-cü dərəcəli rabitə quraşdırıcı-lehimləyici vəzifəsindən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən azad edilmişdir. İddia mümkündür. Belə ki, İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı hazırki tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinə mahiyyəti üzrə müsbət cavab verilmədiyindən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1956-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) xx.xx.2013-cü il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər, hərbi xidmət və təhsil dövrləri də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Xİİ fəsil “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” (kod ********); “Neft-qaz və qaz kondensatının hasilatı” - bölmə 2 (kod ********); quyuların yeraltı təmiri üzrə operatorlar (kod 2130200a-15870); XXİX fəsil “Rabitə” (kod ********) adlanan bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər (kod 23100000— 12624); qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları (kod 23100000— 14629); XXXİİİ fəsil Ümumi peşələr (kod ********) əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000—19906). Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 04 oktyabr 2021-ci il tarixli **********8 №li “Güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin avqust ayının 05-də (müraciəti 04 oktyabr 2021-ci il tarixli **********8 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (05 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 05 avqust 2018-ci ildən 05 avqust 2021-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6323/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6323/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver