Məhkəmə qərarları › İş №2-1(112)-6323/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6323/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6323/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmuşdur.

3. Tələb onunla əsaslandırılmışdır ki, 1991-ci ilin dekabr ayında əskəri xidmətə çağırılmışdır. Xidməti Bakı şəhəri N saylı hərbi hissədə olmuşdur. Qeyd edir ki, o zaman Sovet höküməti mövcud idi və iddiaçının ilkin xidmətində həmin dövrə təsadüf etmişdir. Lakin 1991-ci ilin 15 dekabrında Sovet Höküməti dağılmış və onun xidmət etdiyi hərbi hissə ləğv edilmiş və həmin dövrdə Qarabağ zonasında Ağdam rayonu ərazisində N saylı hərbi hissəyə göndərilmişlər. O zaman Qarabağ uğrunda döyüşlərin ilkin mərhələsi idi və iddiaçı və digər əsgərlər birlikdə döyüş əməliyyatlarına cəlb edilmişdirlər. Həmin vaxtı döyüş zonası kimi iddiaçı Naxçivannik, Can yataq Gül yataq, Qalayçılar, Xırmandalı kəndlərində döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci ildə Yeddi xırman deyilən ərazidə yaralanmış və həmin vaxtı aldığı xəsarət “sağ əlin dəlib keçən güllə yarası” olmuşdur. O zaman hərbi döyüşlərdə yaralananlar çox olduğundan və xəstəxana az olduğu üçün onu “Dəmir Yolu xəstaxanasının onkoloji şöbəsinə yerləşdirmişdilər. Aldığı xəsarət sağaldığı üçün xx.xx.1992-ci ildə onu 145 saylı Poliklinikanın sərancamına cərrahin nəzarəti altında evə yazmışlar. Bir ay məzuniyyətdən sonra yenidən xidmətini davam etdirmişdir. Belə ki, hərbi komissarlıq onu Bakı şəhəri Montin qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəyə göndərmişdir. 1992-ci ilin noyabr ayında onu Laçın rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərmişlər. 1993-cü ilin mart ayında onu və digər əskərləri Gəncə şəhəri ərazisində yerləşən N saylı hərbi hissəyə göndərmişlər. 1993-cü ilin sentyabr ayına kimi həmin hərbi hissədə qulluq etmişdir. Həmin dövdə X2 qiyamı baş verdiyindən onun xidmət etdiyi hərbi hissə yandırılmış və dağıdılmışdır. Ona görə o və digər əsgərlər sərbəst sürətdə Bakı şəhərindəki N saylı hərbi hissəyə qayıtmışlar. Təxminən iki ay xidmət etdikdən sonra yenidən Gəncəyə N saylı hərbi hissəyə aparmışlar. Lakin hərbi hissədə Bakıdan gəlmiş əsgərləri, o cümlədən iddiaçını incitdiklərinə bir neçə nəfər əsgərlə birlikdə Bakı şəhərinə qayıtmışlar. Sonradan isə xidmətini başa çatdıraraq bir daha xidmətə getməmişdir. Hərbi xidməti başa vurduqdan sonra “Müharibə veteranı” adı almaq üçün hərbi kommisarlığa müraciət etmiş və xx.xx.2001-ci il tarixində ona 048432 nömrəli Veteran Vəsiqəsi verilmişdir. Lakin 2006-cı ildə ona heç bir məlumat vermədən ona verilən veteranı müavinətinin ödənilməsini dayandırmışlar. Sonradan ailəsini dolandırmaq üçün müxtəlif fəhlə işlərində çalışmış, buna görə də veteran ödəncinin verilməsinin dayandılmasının səbəblərini aydınlaşdıra bilməmişdir. 2020-ci ildə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək Veteran adının bərpa edilməsini xahiş etmişdir. AR Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/x-16350 saylı məktubu ilə verilən cavabda bildirilmişdir ki, ““Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyasın”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır.” İddiaçı xidmərtini AR Müdafiə Nazirliyinin Daxili Qoşunların Hərbi Hissəsində etmişdir. Sonradan Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciət edərək verilmiş Veteranlığın əsasız olaraq dayandırılması barədə şikayət etmiş və Prezident Administrasiyanın rəhbər şəxslərinin qəbulunda olmuşdur. Həmin vaxta ona bildirilişdir ki, Veteranlıq statusu ilə əlaqədar yenidən müraciət etsin. Ona görə də təkrar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə müraciət edərək hərbi xidməti barədə Arayış verilməsini xahiş etmişdir. Lakin ona verilən xx.xx.2022-ci il tarixli 1049 nömrəli məktubunda qeyd etmişdir ki, “Müharibə Veteranı” status verilməsi və ya bərpası ilə bağlı məsələ AR Müdafiə Nazirlinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı ilə həyata keçirilir. Bu səbəbdən də həmin komissiyaya mütraciət etməyi məsləhət görmüşdür. Onun üçün də yenidən Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə müraciət edərək X1 bərpa edilməsini xahiş etmişdir. AR Müdafiə Nazirliyinin ona verilmiş cavabında onun amnistiya almağını əsas gətirərək müharibə veteranı verilməsindən imtina etmişdir. Sonradan ərizəsi əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsi xx.xx.2022-ci il tarixli 1332 nömrəli məktubla müharibə statusunu yerilməsi və veteran təqaüdünün verilməsi barədə müraciətinə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalindan xx.xx.2022-ci il tarixli **********4 N:li məktubla verilmiş cavabda qeyd edilir ki, Veteran adının bərpa edilməsi üçün AR Daxili İşlər Nazirli Aparatında yaradılmış komissiyaya müraciət etməyi tövsiyə edilir. İddiaçı Müdafiə Nazirliyində xidmət etmiş və xidməti nəzərə alınaraq Veteran adı verilmişdir. Hazırda ona verilmiş veteran statusunu dayandırılması qanunsuzdur və bununla əlaqədar müraciətlərinə verilən cavablar əsasızdır. Hesab edir ki, onun döyüş zonasında ölümlə çarpışdığı dövrü nəzərə alınmaqla müharibə veteranı status verilməlidir. 1991-1994-cü ilə kimi döyüş zonalarında düşmənlə üz-üzə döyüşən əsgəri xidmətçiləri “Müharibə Veteran” adı və vəsiqəsi almaq üçün hər hansı bir formada mədudiyyət nəzərdə tutulmamışdır. Belə ki, qanunda yalnız Qarabağ müharibə zonasında müddətindən asılı olmayaraq iştirak etmiş şəxslərə Veteran adı və vəsiqəsi verilməsi qeyd olunur. Lakin müvafiq qurumların ona Müharibə Veteranı verilməsindən “xəsarət almamağını əsas gətirməklə imtina etməsi” qanunsuzdur.

4. Cavabdehin məhkəmənin sərəncamına əsasın iddiaya dair münasibəti onunla əsasladırılmışdır ki, vətəndaş İddiaçı müharibə veteranı statusu üzrə Daxili İşlər Nazirliyinə müraciəti müəyyən edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianın təmin olunmasını xahiş etdi.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İİ. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır...

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclaslarında (xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli iclaslarda) iştirak edən iddiaçıya cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Dəfələrlə bunun üçün əlavə vaxt istənilməsinə baxmayaraq, iddiaçı cavabdeh inzibati orqana müraciət etməsinə dair müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir.

15. Eyni zamanda məhkəmə iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli hüquqi yardım barədə məktubunda iddiaçıya iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilməsinə və həmin müraciətə cavabdeh orqanın imtina məktubuna dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Əks təqdirdə məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir.

16. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar