Məhkəmə qərarları › İş №2-1(112)-6324/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6324/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6324/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı tərcüməçi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin yardımçı sahəsinə bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin yardımçı sahəsinə bölgü sxeminin tərtib edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 2 saylı ünvanda yerləşən 1-mərtəbəli evin ümumi sahəsi 59,0 kv.metr, yaşayış sahəsi 40,5 kv.metr olan 3 otaqlı mənzilin yardımçı sahəsinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən ünvan 2 saylı ünvanda yerləşən 1-mərtəbəli evin ümumi sahəsi 59,0 kv.metr, yaşayış sahəsi 40,5 kv.metr olan 3 otaqlı mənzilinin sahəsi 10,0 kv.metr olan bir yaşayış otağı onun mülkiyyətindədir. Sözügedən bina daşdan inşa edilmişdir, birmərtəbəli yaşayış evidir, yaşayış evinə giriş-çıxış yolu küçədəndir. Həmin mənzil paylı mülkiyyət hüququ üzrə, eyni zamanda, X1 və X2 da mülkiyyətindədir. Sözügedən mənzilə qanunsuz müdaxilələr edilir. Belə ki, paylı mülkiyyətçilər tərəfindən həmin mənzilə aid sənədlərdə göstərilənlərdən kənar müdaxilələrə yol verilir, konstruktiv dəyişikliklər, söküntü, tikinti və yenidənqurma işləri aparılır. Qısacası, mənzilin texniki pasportundan kənar konstruktiv dəyişikliklər aparılması ilə yaşayış sahəsinə aid qapı boşluğu qanunsuz olaraq bağlanmışdır. Bu müdaxilələrin aradan qaldırılması ilə əlaqədar aidiyyəti orqanlara dəfələrlə müraciətlər etsə də, müraciətləri nəticəsiz qalmışdır. Hazırda mənzilin yardımçı sahəsinə dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bölgü sxeminin tərtib edilməsi vəzifəsinin qoyulmasını tələb edir. İddiaçı izahatının sonunda mövcud vəziyyətdə ona köməklik göstərilməsini və iddianın mümkün sayılaraq, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmənin qənaətinə görə hazırkı iddianın qaldırılmasında əsas məqsəd iddiaçının paylı mülkiyyətində olan mənzilə dair deyil, ümumilikdə bütün mənzilin yardımçı sahəsinə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsindən ibarətdir. Ancaq iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5.-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 23.2.-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmin Məcəllənin 39.2.-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Həmin Məcəllənin 61.2.-ci maddəsinə əsasən ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçıya izah edilir ki, iddia etdiyi daşınmaz əmlaka münasibətdə paylı mülkiyyətçi statusu olduğundan ümumi əşyanın (yaşayış sahəsinin) yardımçı sahələrinə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsini tələb edə bilməz. Hər bir halda yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mübahisə olduqda isə mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz payının naturada ayrılmasını əmlakın oldugu yer üzrə rayon (şəhər) məhkəməsi müstəvisində tələb edə bilər. Göstərilən məsələlər öz həllini tapdıqdan və iddiaçının paylı əmlakdan payı ayrıldıqdan sonra isə müvafiq səlahiyyətli inzibati orqana əmlak hüquqları ilə bağlı sənədləşmə işlərinin aparılması haqqında ərizə ilə müstəqil şəkildə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasının mümkün sayılmaması qənaətinə gəldiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, məhkəmə icraatına cəlbetmə və əsl olmayan tərəflərin əvəz edilməsi ilə bağlı məsələlərə baxlmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar