Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6326/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “məhkumla görüşün verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) 23 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (bundan sonra – Cavabdeh) müraciət edərək 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İran İslam Respublikasının vətəndaşı X3 ilə görüşə icazə verilməsini xahiş etmişdir.
2. Cavabdeh 07.10.2020-ci il tarixli, 17/4-12360 M-479 nömrəli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, məhkum X3 ilə görüşmək üçün hüquqi əsasın olmadığını bildirmişdir.
3. Bundan sonra İddiaçı 04 may 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İran İslam Respublikasının vətəndaşı X1 və anası X2 etibarnamələri əsasında qanuni nümayəndə kimi ona görüş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, penitensiar xidmətin vəzifəli şəxslərinin mövcud qanunları kobud surətdə pozmaları ilə bağlı xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, görüşmək istədiyi məhkum X1 anası X4 uzaq yolu gələ bilmədiyinə görə oğluna lazımi hüquqi yardım göstərilməsi üçün ona müraciət edərək, etibarnamə vermişdir. Eyni zamanda, məhkum M.Ağazadə tərəfindən də ona etibarnamə verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq yaxın qohumların və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir. Bu isə anasının və məhkumun özünün nümayəndəsinin ərizəsinə əsasən görüş verilməli olduğu anlamındadır.
5. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, iddiaçının məhkum M.Ağhazadeh ilə görüşünə icazə verilməsinin qanuni əsasları müəyyən edilməmiş, “etibarnamə əsasında qanuni nümayəndə” qismində qanunvericilikdə məhkumla görüşün verilməsi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının qohumluq əlaqəsini, xidməti səlahiyyətlərini təsdiq edən sənədləri mövcud olmadığından Penitensiar Xidmət tərəfindən görüşə imtina edilməsi tam qanuni və əsaslıdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və fəaliyyət istiqaməti “vəkillik fəaliyyəti”, “hüquq sahəsində fəaliyyət” və “mühasibat uçotu və vergilər üzrə məsləhətlər” olan "xxxx" MMC-nin rəhbəri olduğunu, qanuni əsaslara hüquqi yardım göstərdiyini, eyni zamanda məhkumun ailə dostu olduğu üçün ona müsbət təsir göstərə biləcəyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra –CİM) 81-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir (maddə 81.1). Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir (maddə 81.2). Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər (maddə 81.3). Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır (maddə 81.4). Görüşlərin sayı və növləri bu Məcəllə ilə müəyyən edilir (maddə 81.5). Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır (maddə 81.6). Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir (maddə 81.7). Məhkumlarla bu Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin X6 riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir (maddə 81.8). Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir (maddə 81.9).
10. Göründüyü kimi qanunverici məhkumla görüşün iki növünü müəyyən edir: uzunmüddətli görüş və qısamüddətli görüş.
11. Uzunmüddətli görüşlər yalnız yaxın qohumlarla verildiyindən İddiaçı hazırda ona məhkum M.Ağhazadeh ilə qısamüddətli görüş verilməsini xahiş edir. Bu zaman iddiaçı həm məhkuma müsbət təsir edən şəxs kimi, həm də ona hüquqi yardım göstərmək hüququna malik şəxs kimi qısamüddətli görüş verilməsi tələbi ilə çıxış edir.
12. Məhkəmə qeyd edir ki, qanunverici hüquqi yardım almaq üçün məhkuma verilən görüşlə digər qısamüddətli görüşləri fərqləndirmişdir. Belə ki, qısamüddətli görüşlər cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə dörd saatadək verildiyi halda, hüquqi yardım almaq üçün görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilə bilir, habelə belə görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və CİM ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir.
13. Buna görə də iddiaçının hansı əsasla iddiaçı ilə görüşmək istədiyini əsaslandırması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında iddiaçı bu əsaslardan hər birinə istinad edərək məhkuma həm müsbət təsir göstərən şəxs olduğunu, həm də hüquqi yardım göstərmək hüququna malik şəxs olduğunu bildirməklə, qanunvericiliyə əsasən bu əsaslardan biri ilə ona görüş verilməli olduğunu bildirdi. Buna görə də məhkəmə qeyd olunan əsasların hər birinə ayrılıqda qiymət verilməsini zəruri hesab edir.
14. Hüquqi yardım almaq üçün məhkumların belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüşü İşdən görünür ki, cavabdeh İddiaçının müraciətini təmin etməkdən imtina edərkən məhz bu əsası qiymətləndirmiş və iddiaçının təqdim etdiyi etibarnamənin hüquqi yardım üçün kifayət etməməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşır və qeyd edir ki, CİM-də hüquqi yardım almaq üçün məhkumların vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş imkanı nəzərdə tutulsa da, qüvvədə olan qanunvericilik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən müstəqil hüquqi təsisat olaraq yalnız vəkilliyi müəyyən etmiş, qanunvericiliklə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərin dairəsi müəyyən edilməmişdir. Belə olan halda aydın olur ki, qanunvericliklə dairəsi müəyyən olunmayan şəxslər kateqoriyasına iddiaçının özünü aid etməsinin hüquqi əsası yoxdur və buna görə də cavabdehin imtinası əsaslıdır. İddiaçı cavabdehə müraciət edərkən həm məhkumun, həm də məhkumun anasının ona verdiyi etibarnaməyə istinad etmişdir. Belə ki, iş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayonu 10 saylı Cəzaçəkmə Müəssisəsinin məhkumu X3 daşınan və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bütün müəssisə, idarə, təşkilatlar, məhkəmələr və digər orqanlarda onu təmsil etməyi və adından nümayəndə olmağı, məhkəmə orqanlarında onun adından işləri aparmağı bir il müddətinə iddiaçıya etibar etmişdir. Habelə iş materiallarında olan İran İslam Respublikası ünvanında qeydiyyatda olan X4 16.08.2020-ci il tarixli etibarnamə ilə iddiaçıya respublika ərazisindəki bütün məhkəmə və polis orqanlarına müraciət etməyi, bütün idarə və qanuni işlərini adı çəkilən orqanlarda yerinə yetirməyi, və hansısa hüquqi və yaxud fiziki şəxsin əleyhinə ərizə, şikayət, bəyannamə, müdafiə vekselləri verməyi, şikayət etməyi, mühakimə icraatı iclaslarında iştirak etməyi və onun haqlarını müdafiə etməyi, protokolları imzalamağı, sülh etməyi və razılaşmağı, mühakimə icraatının xitam verilməsi ilə bağlı razılıq verməyi, lazım olduğu təqdirdə verilən qərarlara etiraz etməyi və qərarların apellyasiya məhkəməsində yenidən icraata alınmasını istəməyi, üçüncü şəxsi mühakimə icraatlarına cəlb və dəvət etməyi, mühakimə icraatını təkrar etdirməyi və lazım bildiyində dosyeni münsiflər heyətinə göndərməyi və ekspertə yoxlatdırmağı və münsiflər heyəti və ekspertdən qərar və fikir almağı və qərara etiraz etməyi, məhkəmə müdafiəçisi qəbul etməyi və səlahiyyətlərini başqasına verməyi və onları işindən kənar etməyi və təkrar işə almağı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35 və 36-cı maddəslərinə əsasən mühakimə prosesini davam etdirməyi və mühakimə icraat işlərini nəticələndirməyi, protokolları və qərarları tətbiq etdirməyi, istənilən vəsiqələr və sənədləri təqdim etməyi, öhdəlik verməyi, müvafiq vəsiqələri və sənədləri imzalamağı, mühakimə icraatı iclaslarında iştirak etməyi, protokolları imzalamağı, verilən qərarlara etiraz etməyi, apellyasiya məhkəməsinə müraciət etməyi, tədqiqat aparılmasını istəməyi, qanuni xərcləri ödəməyi və təqsitləndirməyi və onun iştirakı olmadan və təkrar izni və imzası tələb olunmadan bütün müvafiq idarə və qanuni hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə qeyd edir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir və həmin vəkalət şəxsə hüquqi yardım göstərmək üçün əsas sayılmır.
15. Məhkumların onlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüşü Məhkəmə qeyd edir ki, qanunverici məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslər dedikdə, “digər şəxslər” ifadəsi işlətməklə qohumları istisna edir. Deməli, buraya qohum olmayan, məhkumla görüşü ona müsbət təsir edən şəxslər aiddir. Məhkəmə qeyd edir ki, o şəxslər məhkuma müsbət təsir edən şəxslər hesab edilə bilər ki, onun məhkumla görüşü məhkumun islah edilməsinə, tərbiyəsinə, onun mənəvi inkişafına müsbət təsir göstərsin, onda müsbət vərdişləri inkişaf etdirilməsinə kömək etsin. Qanunvericilikdə bu şəxslərə kimlərin aid edilməsi konkret göstərilməsə də, qanunvericiliyin mahiyyətinə əsasən belə şəxslərə qeyri-hökumət təşkilatlarının, dini qurumların nümayəndələri, hüquq müdafiəçiləri, ictimai xadimlər aid edilir. CİM-in 81.4-cü maddəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X9”nın 30.3-cü bəndinə əsasən məhkumlara qohumları və digər şəxslərlə qısamüddətli görüş müəssisə müdiriyyəti nümayəndəsinin iştirakı ilə verilir. Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır. Görüşün təqdim olunmasına etiraz edildikdə, məhkumun və ya onunla görüşmək istəyən şəxsin ərizəsində etirazın səbəbləri barədə qeyd aparılır. Qaydaların 31.5-ci bəndinə əsasən görüşə gəlmiş şəxs (şəxslər) məhkuma müsbət təsir göstərilməsi məqsədi ilə müəssisə rəisi və ya onun müavinləri tərəfindən qəbul olunur. Bu zaman görüşə gəlmiş şəxs (şəxslər) məhkumun davranışı haqqında məlumatlandırılır. Göründüyü kimi, cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlara müsbət təsir göstərə biləcək şəxslərin onlarla görüşü üçün özü şərait yaratmalı, görüşə gəlmiş şəxsi məhkum, onun davranışı barədə məlumatlandırmalıdır. Belə olan halda aydın olur ki, həmin şəxslərin dairəsini müəyyənləşdirmək də cəzaçəkmə müəssisəsinin müdiriyyətinin səlahiyyətindədir. İddiaçı məhkum M.Ağhazadehə müsbət təsir göstərə biləcəyini iddia etsə də, bununla bağlı cavabdeh orqana hər hansı bir sənəd təqdim etməmiş, müraciətində isə ümumiyyətlə bu hala istinad etməmişdir.
16. Belə olan halda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı, cavabdehn imtinası isə qanunsuz hesab edilə bilməz. Buna görə də idiaçının əsas tələbdən törəyən qanunları kobud surətdə pozmaları ilə bağlı cavabdehin əməkdaşları barədə xüsusi qərardad çıxarılması barədə tələbi də əsaslı hesab edilmir.
17. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova