Məhkəmə qərarları › İş №2-1(112)-6326/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6326/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6326/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X2) qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 2500 kv.metr olan, 948 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, sahəsi 2280 kv.m olan, 948 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli qərardadı ilə X2 3-cü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 2500 kv.m. olan, 948 saylı bağ sahəsi, mərhum Fərzəli Xəlil oğluna verilmiş və verildiyi vaxtdan daimi istifadədədir. İddiaçı bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə nümayəndəsi vasitəsi ilə müraciət etmiş, lakin müraciətinə imtina edilərək bildirilmişdir ki, torpaq sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmışdır. Bağ sahəsinin 949 saylı sahə və bölünənlərin ərazisinə düşməsi və keçid yolu qoyulmaqla bölgü sxeminin təqdim edilməsi bildirilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən, qeyd olunan torpaq sahəsi “949” saylı sahə və bölünənlərinin ərazisinə düşür. Lakin müvafiq torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 948 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair X3 İdarəsi ilə Fərzəli Xəlil oğlu (sənədə olduğu kimi) arasında bağlanılmış xx.xx.1981-ci il tarixli, 17810 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. X3 İdarəsi ilə Fərzəli Xəlil oğlu arasında bağlanmış Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsi haqqında xx.xx.1981-ci il tarixli, 17810 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 hektar olan, 948 nömrəli bağ sahəsi Fərzəli Xəlil oğlunun istifadəsinə verilmişdir. ünvan ünvanlanmış 27 noyabr 2024-cü il tarixli, 208 nömrəli məktubda iddiaçının xx.xx.1997-ci il tarixdə vəfat etmiş Fərzəli Xəlil oğlunun vərəsəsi olması barədə məlumat verilmiş, həmçinin vərəsəlik işinin icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 948 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,25 ha olsa da, faktiki olaraq 0,228 ha təşkil edir. Bağ sahəsinin sərhədləri şərtidir. Sahə üzərində tikili yoxdur. Bağ sahəsinin ərazisi 949 saylı bağın sahibi tərəfindən inşa olunmuş mişar daşından hasarla və hasarın bünövrəsi ilə üç hissəyə ayrılıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi 947 (özəl) saylı bağ sahəsi ilə üst-üstə düşür. Sahə qonşu özəl 943 və 946 saylı bağların nömrə ardıcıllığına uyğun gəlir. İş materiallarına bağların sxematik xəritəsi və ərazinin ortofoto görüntüsü əlavə edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 947 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə X5 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 39 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-56 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsi X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Üçüncü şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 2280 kv.metr olan 948 № li bağ sahəsinin Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsinə etiraz etmədiyini, gələcəkdə bununla əlaqədar heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı X3 İdarəsi ilə Fərzəli Xəlil oğlu arasında bağlanmış müqaviləyə əsasən sonuncuya ayrılmış torpaq sahəsinin ölmüş şəxsə, yəni Fərzəli Xəlil oğluna məxsus olması barədə arayış verilməsini istəyir. İdddiaçı öz tələbinin əsası kimi xx.xx.1981-ci il tarixli müqaviləyə əsaslanmışdır ki, həmin müqavilənin həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin müqavilə cavabdehin arxiv sənədlər arasında da mövcuddur. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən, qeyd olunan torpaq sahəsi “949” saylı sahə və bölünənlərinin ərazisinə düşür. Lakin müvafiq torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmçinin, cavabdehin mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.25 ha olsa da, faktiki olaraq 0.228 ha təşkil edir. Bağ sahəsinin sərhədləri şərtidir. Sahə üzərində tikili yoxdur. Bağ sahəsinin ərazisi 949 saylı bağın sahibi tərəfindən inşa olunmuş mişar daşından hasarla və hasarın bünövrəsi ilə üç hissəyə ayrılıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi 947 (özəl) saylı bağ sahəsi ilə üst-üstə düşür. Sahə qonşu özəl 943 və 946 saylı bağların nömrə ardıcıllığına uyğun gəlir. Qeyd edilməlidir ki, cavabdehin gətirdiyi əsaslar iddia tələbinin rədd edilməsinə səbəb ola bilməz. Belə ki, iddiaçı bağ sahəsini faktiki olaraq istifadə edir və faktiki istifadəsində olan 0,228 ha torpaq sahəsinə iddia edir. Görünür ki, iddia olunan bağ sahəsinin yalnız 947 saylı bağ sahəsi ilə üst-üstə düşmə halı var. Belə olan halda, bağ sahəsinin ərazisində 949 saylı bağ sahəsinin sahibinin hasar inşa etməsi qanunsuz olduğu üçün iddianın təmin edilməsinə maneə deyil. O ki qaldı, bağ sahəsinin bir hissəsinin 947 saylı bağ sahəsi ilə üst-üstə düşmə halına, həmin bağ sahəsinin mülkiyyətçisi iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və yazılı ərizə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiyini, gələcəkdə bununla əlaqədar heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Buradan belə nəticə çıxır ki, üçüncü şəxs başqa ərazidə 947 saylı bağ sahəsinə dair çıxarış almışdır və onun mülkiyyətində olan sahə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, sahəsi 2280 kv.m olan, 948 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Fərzəli Xəlil oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, sahəsi 2280 kv.metr olan, 948 nömrəli torpaq sahəsinin mərhum Fərzəli Xəlil oğluna məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar