Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6327/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının cavabdeh təşkilat tərəfindən səhiyyə müəssisəsinin 88 nömrəli göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni ağır dərəcəli baş beynin dağınıq sklerozu, sağ alın payında, sol yan mədəciyin arxa buynuzun periventrikulyar nahiyəsində və sağ beyincik ayaqcığında giqant demiyelinizasiya ocaqları, hiperintens plaklar, əksər plaklarda silikləşmə ilə birlikdə, sağ frontal payda yukstakortikal yerləşimli və sağ caudat nukleusda olmaqla yeni plaklar diaqnozu əsasında birinci qrup əlilliyin təyin olunmasına dair qərar qəbul olunması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komssiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, idiaçı İddiaçı, ağır dərəcəli baş beynin dağınıq sklerozu, sağ alın payında, sol yan mədəciyin arxa buynuzun periventrikulyar nahiyəsində və sağ beyincik ayaqcığında giqant demiyelinizasiya ocaqları, hiperintens plaklar, əksər plaklarda silikləşmə ilə birlikdə, sağ frontal payda yukstakortikal yerləşimli və sağ caudat nukleusda olmaqla yeni plaklar diaqnozu ilə əliləm. Və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 08 yanvar 2020-ci il tarixdə mənə əlillik vəziyyətimin adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəyi bildirilsə də ötən bu müddət ərzində cavabdeh təşkilat tərəfindən mənə birinci qrup əlillik təyin edilməsi əvəzinə qanunsuz və əsassız olaraq əlillik təyin edilməsindən imtina edilmişdir. Hal-hazırda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq səhiyyə müəssisəsinin sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni ağır dərəcəli baş beynin dağınıq sklerozu, sağ alın payında, sol yan mədəciyin arxa buynuzun periventrikulyar nahiyəsində və sağ beyincik ayaqcığında giqant demiyelinizasiya ocaqları, hiperintens plaklar, əksər plaklarda silikləşmə ilə birlikdə, sağ frontal payda yukstakortikal yerləşimli və sağ caudat nukleusda olmaqla yeni plaklar diaqnozu haqqında məlumatlar əsasında birinci qrup əlillik təyin olunmasına dair qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassız olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı tərəfindən irəli sürülən tələblər əsassız olduğundan etirazla qarşılanılır. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikasının 14.11.2019-cu il tarixli 0530003AAE6F saylı göndərişi əsasında qiymətləndirilmiş və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz; Diaqnozun mətni: Dağınıq skleroz, Dağınıq skleroz.serebro spinal forma.Sağ tərəfli hemiparez.Beyincik ataksiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Stasionar müalicə müddətin az olması son altı ayda stasionar müülicədə olmaması diaqnoz və ağırlaşmaları təstiq edən müxtəlif diaqnostikvə laborator müayinələrin olmaması səthi yazılışı” əsas gətirilməklə imtina verilmişdir. Poliklinikanın 18.12.2019-cu il tarixli 0530003AAE8G saylı göndərişi əsasında qiymətləndirilmiş və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz; Diaqnozun mətni: Dağınıq skleroz,serebrospinal forma.Sağ tərəfli hemiparez; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2015- 2019 tarixləri arasındakı ambulator və stasionar müalicələr qeyd edilməyib” əsas gətirilməklə imtina verilmişdir. Poliklinikanın 18.03.2020-ci il tarixli 0530003AAFC8 saylı göndərişi əsasında qiymətləndirilmiş və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz; Diaqnozun mətni: G35 Dağınıq skleroz, Dağınıq skleroz, remistik gedişli, kəskinləşmiş forma. Sol aşağı ətrafın ifadəli parezi,ataksiya.Çanaq orqanlarının funksiyasının ləngimə tipli pozulması. Ağırlaşma H47.2 Görmə sinirinin atrofiyası, OS Görmə sinirinin atrofiyası.OS Daxili çəplik. Ağırlaşma G35 Dağınıq skleroz, Dağınıq skleroz, remistik gedişli, kəskinləşmiş forma. Sol aşağı ətrafın ifadəli parezi, ataksiya. Çanaq orqanlarının funksiyasının ləngimə tipli pozulması. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno nevrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” əsas gətirilməklə imtina verilmişdir. Məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda qanunvericiliklə müəyənləşdirilmiş qaydada aidiyyəti sənədlər ilə əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan, -İddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, NağıyevaƏfsanə Turab qızı xx xxx 1987-ci il təvəllüdlüdür. - Sumqayıt şəhər 1 nömrəli Xəstəxanası tərəfindən verilmiş 06 avqust 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı baş beynin dağınıq sklerozu (MS), sağ alın payında, sol yan mədəciyin arxa buynuzun periventrikulyar nahiyəsində və sağ beyincik ayaqcığında giqant demiyelinizasiya ocaqları diaqnozu qoyulmuşdur. - Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 29 fevral 2020-ci il tarixli Kranial MRT-nın nəticəsində İddiaçı 06.08.2019-cu il tarixli MRT müayinə ilə müqayisədə əksər plaklarda silikləşmə ilə birlikdə, sağ frontal payda yukstakortikal yerləşimli və sağ caudat nukleusda olmaqla 2 ədəd yeni plakın qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı barəsində göndərişinin natamamlığının nədən ibarət olması barədə məlumat sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlar təqdim edilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı barəsində Sumqayıt 2 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0530003AAE8G nömrəli göndəriş 18.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması – səbəb: 2015-2019 tarixləri arasındakı ambulator və stasionar müalicələrin qeyd olunmaması barədə qərar qəbul edilərək, imtina edilmişdir. Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2712003AADB7 nömrəli göndərişində İddiaçı əsas diaqnoz “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz; Diaqnozun mətni: Dağınıq skleroz,serebrospinal forma.Sağ tərəfli hemiparez diaqnozları qoyulmuşdur. İşdə olan TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı barəsində Sumqayıt 2 nömrəli Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0530003AAFC8 nömrəli göndəriş 18.03.2020-cı il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması – səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” barədə qərar qəbul edilərək, imtina edilmişdir. Sumqayıt 2 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0530003AAFC8 nömrəli göndərişində İddiaçı əsas diaqnoz “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz; Diaqnozun mətni: G35 Dağınıq skleroz, Dağınıq skleroz, remistik gedişli, kəskinləşmiş forma. Sol aşağı ətrafın ifadəli parezi,ataksiya.Çanaq orqanlarının funksiyasının ləngimə tipli pozulması. Ağırlaşma H47.2 Görmə sinirinin atrofiyası, OS Görmə sinirinin atrofiyası.OS Daxili çəplik. Ağırlaşma G35 Dağınıq skleroz, Dağınıq skleroz, remistik gedişli, kəskinləşmiş forma. Sol aşağı ətrafın ifadəli parezi, ataksiya. Çanaq orqanlarının funksiyasının ləngimə tipli pozulması. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno nevrotik sindrom diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər Poliklinikasının 14.11.2019-cu il tarixli 0530003AAE6F nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən qiymətləndirilmə aparılarkən, stasionar müalicə müddətinin az olması, s6 ayda stasionar müalicədə olmaması, diaqnoz və ağırlaşmaları təsdiq edən müxtəlif diaqnostik və laborator müayinələrin olmaması əsası ilə imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir.Növbəti dəfə İddiaçı əlillik vəziyyəti həmin xəstəxananın 0530003AAE8G nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 18.12.2019-cu il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişin natamam doldurulması – səbəb: 2015-2019 tarixlər arasında ambulator və stasionar müalicələrin qeyd edilmədiyi barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmiş, eyni xəstəxananın 0530003AAFC8 nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 18.03.2020-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişin natamam doldurulması – səbəb: “Xəstənin ağırlıq dərəcəsi, unksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsasdır. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Lakin bundan sonra həmin natamamlıq aradan qaldırılmamış, səhiyyə müəssisəsi tərəfindən eyni səbəblər göstərilməklə İddiaçı ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə sonuncu müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyindən, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 0530003AAFC8 nömrəli göndərişi əsasında ona əlilliyin təyin edilməsi mümkün olmadığından, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6327/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6327/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver