Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6328/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli cavab məktublarında bildirmişdir ki, onun pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 24 yanvar 2013-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən pensiya ödənişi dayandırılmışdır. Ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala 5 iyul 2021-ci İİ tarixli ərizə ilə müracət etmişdir. İddiaçının 5 iyul 2021-ci il tarixindən "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 16 il 1 ay qulluq stajına uyğun olaraq (xx.xx.1983-xx.xx.1988-cı il, xx.xx.1989xx.xx.1993-cü il, xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) orta aylıq əmək haqqı (965,43 manat) 53.25 faizi-514.10 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 460,00 manat, qulluq stajına görə əlavə 116,93 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 69.00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 92.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 172,50 manat olmaqla orta aylıq əmək haqqısı 965,43 manat təşkil edir. Həmçinin iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində rütbəli şəxs kimi işlədiyi təqdirdə həmin dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması hazırda qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət qulluğu stajının yenidən hesablanması məsələsinə xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində rütbəli şəxs olmadığına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğunda 24 il 9 ay 28 gün əmək stajının olması nəzərə alınmaqla 05 iyul 2021-ci il tarixdə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq, qeyd edilən tarixdən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyinin keçmiş məhkəmə qərarlarının İcrası Baş İdarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışdığı illərin dövlət qulluğu stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsini qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh 24 yanvar 2022-ci il tarixli, **********5 saylı məktubu ilə onun yaşa görə pensiyasının düzgün hesablanmasından imtina etmişdir. Cavabdeh pensiyanın düzgün hesablanmasının mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, "təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 dekabr 2021-ci il tarixli, 06 24-1048 nömrəli arayışında keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunda inspektor vəzifəsində mülki işçi qismində işlədiyi göstərildiyindən həmin vəzifədə işlədiyi dövrün dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". Bundan başqa eyni tələb üzrə çoxsaylı şikayətinə cavab olaraq 4 fərqli və biri-birini təkzib edən cavablar verilmişdir. Verilmiş cavab məktublarının birində dövlət qulluğunda cəmi 16 il 1 ay əmək stajının olmasını, digərində Ədliyyə Nazirliyindən işlədiyi dövürdə mülki işçi olmağı barədə ondan arayış almağını tələb edərək, pensiyasının yenidən hesablanacağı bildirilmişdir. Arayış təqdim etdikdən sonra isə qanunun yol vermədiyi bildirilmiş, hansı qanun olması göstərilməmişdir. Cavabdehin bu cür əsassız, məzmunsuz, cavabları qanunsuz və ədalətsizdir. Belə ki, o, 16 avqust 1983-cü il tarixdən 31 mart 1993-cü il tarixədək Laçın Rayon Məhkəməsində dəftərxana katibi və məhkəmə icraçısı vəzifələrində işləmişdir. 1983-cü ildə məhkəmələrdə ədliyyə polis qurupları yaradıldığı üçün polis yaşları keçmiş onun kimi məhkəmə icraçıları yaradılmış həmin qruplarda ədliyyə polis inspektorları olaraq dövlət qulluqçusu mülki işçi kimi vəzifələrində saxlanılmışlar və məhkəmə icraçısının vəzifəsini icra etmişlər. O cümlədən o da 31 mart 1993-cü il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru təyin edilərək öz əvvəlki məhkəmə icraçısı vəzifəsində saxlanaraq fəaliyyətini davam etdirmişdir. Yəni vəzifə həmin vəzifə olmuşdur, yalnız adı dəyişdirilmişdir. 12 yanvar 2001-ci il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsindən azad edilmişdir. O, işdən azad edildikdən, yəni 2001-ci ildən sonra ədliyyə işçiləri haqqında qanun qəbul edildiyindən həmin qanun ona şamil edilməmişdir. 01 iyun 2005-ci il tarixdən 01 noyabr 2012-ci il tarixədək Laçın Rayon İcra Hakimiyyətində Laçın şəhər İcra nümayəndəsinin müavini və Kənd İcra Nümayəndəsi vəzifələrində işləmişdir. Beləliklə, əmək kitabçası üzrə dəftərxana katibi və məhkəmə icraçısı işlədiyi illər 16 avqust 1983-cü il tarixdən 31 mart 1993-cü il tarixə qədər 9 il 7 ay 16 gün, ədliyyə polis qrupunda mülki işçi olaraq inspektor işlədiyi illər 31 mart 1993-cü il tarixdən 12 yanvar 2001-ci il tarixə qədər 7 il 9 ay 12 gün, icra nümayəndəsinin müavini və icra nümayəndəsi işlədiyi illər 01 iyun 2005-ci il tarixdən 01 noyabr 2012-ci il tarixə qədər 7 il 5 ay, cəmi isə 24 il 9 ay 28 gün olmuşdur. Faktiki olaraq dövlət qulluğunda olan 24 il 9 ay 28 gün əmək stajından yalnız 16 il 1 ayına görə cavabdeh təşkilat ona yaşa görə cəmi 514 manat pensiya hesablamışdır. 8 il 8 ay 28 gün əmək stajının 7 il 9 ay 12 gününü xüsusi rütbəli polis olduğundan nəzərə almamışdır. Qalan 9 ay 16 gün əmək stajının hələ də niyə nəzərə alınmaması ona məlum deyil. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, iddiaçıya xx.xx.2021-ci ildə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, xx.xx.1993-xx.xx.2001-ci ildəki əmək fəaliyyəti də dövlət qulluğunda əmək stajı kimi hesablanmalı və onu pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçı həmin müddət ərzində işlədiyi peşələrin dövlət qulluğu hesab edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məlumdur ki, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İddiaçının pensiyasının hansı qaydada hesablanmasını tələb etdiyi tam aydın deyil. İddiaçı həmin müddət ərzində işlədiyi peşələrin dövlət qulluğu hesab edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1993-xx.xx.2001-ci il tarixlərdə Ədliyyə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş idarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində mülki işçi qismində çalışmışdır. Məhkəmə sorğusuna cavab olaraq X2 tərəfindən göndərilmiş məktubda bildirilmişdir ki, iddiaçının həmin müddətdə işləmiş olduğu vəzifə dövlət qulluğunun xüsusi növüdür. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Bu səbəbdən də, həmin dövr iddiaçının dövlət qulluqçusu kimi ümumi stajının üstünə gəlinə bilməz. Cavabdeh buna görə də, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III.Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il tarixində Laçın rayon, Qırmızıgüney kəndində doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdə Laçın rayon Arıçılıq Birliyində arıçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixdə Meşə Təsərrüfatı İdarəsində arıçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə başqa işə keçdiyi üçün işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə 26 Komissar adına kolxozda arıçı vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə 26 Komissar adına sovxozda arıçı vəzifəsindən arıçılıq üzrə briqadir vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə Laçın Rayon Məhkəməsində dəftərxana katibi vəzifəsinə təyin edilmiş, xx.xx.1987-ci il tarixdə Laçın Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdə öz ərizəsi ilə Laçın Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı vəzifəsinə bərpa edilmiş, xx.xx.1993-cü il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə Ədliyyə polis bölmələrinin (qruplarının) ləğv edilməsi ilə əlaqədar ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati-ərazi vahidi üzrə nümayəndəsinin müavini təyin edilmiş, xx.xx.2007-ci il tarixdə başqa işə keçməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati-ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə başqa işə keçməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər ərazi icra nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2008-ci il tarixdə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan pensiyaçının uçot vərəqindən və DSMF-nin Xətai rayon (şəhər) şöbəsinin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2013-cü il tarixli, 912 nömrəli qərarından görünür ki, xx.xx.2013-cü il tarixdə iddiaçıya dövlət qulluqçusu kimi ikinci dərəcə əlilliyə görə 127, 22 manat pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək pensiyasının növünü əlillikdən yaşa görə dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********97 nömrəli qərar ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin etmişdir. Qərardan görünür ki, iddiaçının dövlət qulluğu stajı 16 il 1 ay, dövlət məvacibinin orta aylıq məbləği 965,43 manat, pensiyanın faizi 53, 25 faiz, pensiyanın məbləği isə 514, 09 manat müəyyən edilmişdir. İşdə olan cavabdehin məktubundan görünür ki, o, iddiaçının qulluq müddətini 16 il 1 ay müəyyən edərkən onun xx.xx.1983-xx.xx.1988-cı il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasında qulluq keçdiyi dövrləri qəbul etmişdir. İddiaçı hazırda onun dövlət qulluğunda staj müddətinin 16 il 1 ay deyil, 24 ildən çox təşkil etdiyini iddia edərək, onun xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyinin keçmiş məhkəmə qərarlarının İcrası Baş İdarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışdığı illərin də qulluq stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdeh isə həmin dövrlər dövlət qulluğunun xüsusi növünə daxil olduğundan iddiaçının qulluq stajına daxil edilməsinin mümkünsüz olduğunu bildirir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 06/13-730 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1987-xx.xx.1988-ci və xx.xx.1989-xx.xx.1993-cü il tarixlərdə Laçın rayon xalq məhkəməsinin məhkəmə icraçısı vəzifəsində, xx.xx.1993-xx.xx.2001-ci il tarixlərdə isə Ədliyyə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışmışdır. Həmin vəzifələr 28 dekabr 1999-cu il tarixli “İcra məmurları haqqında” Qanuna əsasən ali hüquq təhsili tələb olunan və xüsusi rütbə nəzərdə tutulan vəzifələrdir. Lakin İddiaçı orta təhsilli olmuş və sonuncu vəzifədə mülki işçi qismində çalışmaqla xüsusi rütbə daşımamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndinə əsasən aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş idarəsi “Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 1993-cü il tarixli 399 nömrəli Fərmanına əsasən həmin Fərmanın 1-ci bəndində sadalanan orqanların ştat vahidləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ştat vahidlərinin bazasında yaradılmışdır. Sözügedən İdarənin sıravi və rəis heyəti ədliyyə polisi adlandırılmış və bu heyətin statusu (rütbə, staj və s. saxlanılmaqla) Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulmuşdur. Qeyd edilən Fərmanın 5-ci hissəsinə əsasən islah işləri müfəttişlikləri rayon, şəhər məhkəmələrinin ştat vahidlərinə daxil edilməklə intizam qaydasında həmin məhkəmələrin sədrlərinə, funksional qaydada isə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə tabe edilmişdir. Bu müfəttişliklərin rayon, şəhər məhkəmələrinin tərkibinə verilən ştatları və məhkəmələrin tərkibində olan məhkəmə icraçıları ştatları hesabına rayon, şəhər məhkəmələrinin tərkibində ədliyyə polisi bölməsi yaradılmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətlən üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsaən prokurorluq, ədliyyə, ...və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Məhkəmə qeyd edir ki, iddiaçının 1993-2001-ci illərdə ədliyyə orqanlarında işlədiyi vəzifənin dövlət qulluğunun xüsusi növünə aid olması işin mübahisəsiz halıdır. Lakin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və Qanuna aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir: “22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.” Göründüyü qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1398 saylı Fərmanının 2.1-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasının və şərtlərinin üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Hazırkı tarixədək həmin qayda təsdiq edilməsə də, məhkəmə hesab edir ki, qanunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsini nəzərdə tutan norması hazırda qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, müvafiq qaydanın təsdiq edilməməsi iddiaçının sosial təminatını məhdudlaşdıran hal kimi qəbul edilməməli və iddiaçının 1993- 2001-ci illərdə ədliyyə orqanlarında işlədiyi müddət də onun dövlət qulluğu stajına daxil edilərək ona təyin edilən əmək pensiyası yenidən hesablanmalıdır. Cavabdehin etirazında görünür ki, etirazda X1 xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022- 740 nömrəli məktubuna istinad edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli, PHŞ/3-2- 2022-740 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalan”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıs’nın 1 -ci və 2ci bəndinə əsasən aparılmışdır. Dövlət qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən, iddiaçı 1977- 1983-cü illərdə Laçın rayon Arıçılıq Birliyində, X3 İdarəsində, 26 Komissar adına sovxozda arıçı və arıçılıq üzrə briqadir, 1983-1993-cü illərdə Laçın Rayon Xalq Məhkəməsində dəftərxana katibi və məhkəmə icraçısı vəzifələrində çalışmışdır. Yuxarıda adı çəkilən Siyahıda vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılan dövlət, sovet və partiya orqanlarının sırasında heç bir birlik, Meşə təsərrüfatı idarəsi, habelə sovxoz göstərilməmiş və sözügedən qurumlarda mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Həmin Siyahının 1.14-cü bəndində rayon (şəhər) məhkəmələri aparatında məhkəmə icraçısı vəzifəsi Təsnifat Toplusunda göstərilən rayon (şəhər) məhkəmələri aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Sözügedən Siyahının 3-cü bəndinə əsasən 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri həmin Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1.10-cu bəndində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər) vəzifələri dövlət orqanlarında yardımçı vəzifələr kimi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 2.3.4-cü yarımbəndinə əsasən rayon (şəhər) məhkəmələrinin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis vəzifələri yardımçı vəzifələrin dördüncü təsnifatına aiddir. “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1.10-cu bəndində qeyd edilmiş “sair işçilər"in dairəsi “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarında dəqiqləşdirilmişdir. Belə ki, “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2013-cü il tarixli 135 nömrəli Sərəncamına Əlavə 3-də yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə nəzərdə tutulan vəzifələr arasında böyük mütəxəssis-dəftərxana müdiri vəzifəsi göstərilmişdir. İddiaçının 1987-1988-ci illərdə və 1993-2001-ci illərdə işlədiyi müddətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş idarəsi “Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 1993-cü il tarixli 399 nömrəli Fərmanına əsasən həmin Fərmanın 1-ci bəndində sadalanan orqanların ştat vahidləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ştat vahidlərinin bazasında yaradılmışdır. Sözügedən İdarənin sıravi və rəis heyəti ədliyyə polisi adlandırılmış və bu heyətin statusu (rütbə, staj və.s. saxlanılmaqla) Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulmuşdur. Qeyd edilən Fərmanın 5-ci hissəsinə əsasən islah işləri müfəttişlikləri rayon, şəhər məhkəmələrinin ştat vahidlərinə daxil edilməklə intizam qaydasında həmin məhkəmələrin sədrlərinə, funksional qaydada isə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə tabe edilmişdir. Bu müfəttişliklərin rayon, şəhər məhkəmələrinin tərkibinə verilən ştatları və məhkəmələrin tərkibində olan məhkəmə icraçıları ştatları hesabına rayon, şəhər məhkəmələrinin tərkibində ədliyyə polisi bölməsi yaradılmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. İddiaçının 2005-2012-ci illərdə işlədiyi Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini və Piçənis kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifələri ilə bağlı bildiririk ki, həmin vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndində nəzərdə tutulmuş və inzibati vəzifələrin yeddinci təsnifatına aid edilmişdir.” Məhkəmə qeyd edir ki, DİM bu məktubunda iddiaçının həmçinin 1987-1988-ci illərdə işlədiyi vəzifəni də dövlət qulluğunun xüsusi növünə daxil etsə də, cavabdeh həmin dövrü iddiaçının dövlət qulluğu stajına daxil etmiş, bununla eyni mühüm faktiki hallar üzrə müxtəlif qərar qəbul etmişdir. İkincisi, DİM məktubda yalnız həmin vəzifənin dövlət qulluğunun xüsusi növünə aid olduğunu bildirməklə kifayətlənmiş, həmin dövrün iddiaçının dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə cavabdehin həmin məktuba istinadını iddianın rədd edilməsi üçün əsas kimi qəbul etmir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində işlədiyi illər onun dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6328/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6328/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver