Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6329/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Mərkəzi Bankına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X10 Səhmdar Cəmiyyətinin Səbail filialına ("xxxx" X6) depozitə qoyduğu 325 000 ABŞ dolları məbləğində pul vəsaitinin, "xxxx"ın mərkəzi filialına köçürülüb-köçürülmədiyi və bankın mərkəzi filialı tərəfindən bu məbləğin depozitə götürüldüyü barədə cavabdehə məlumat verilib-verilmədiyi məsələlərinin araşdırılmaqla, ona məxsus depozit məbləğinin və faizlərin hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" X10 Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 aprel 2003-cü il tarixli müqaviləyə müvafiq olaraq, iddiaçı tərəfindən həmin bankın Səbail filialının hesabına 325 000 dollar məbləğində pul vəsaiti banka depozitə qoyulmuşdur. Onunla müqaviləni "xxxx" X7 adından çıxış edən, Səbail filialının müdiri X8 imzalamış və 325 000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" X5 Səbail filialının hesabına mədaxil olunması barədə ona müvafiq qəbz və əmanət kitabçası verilmişdir. Bankların fəaliyyətini tənzim edən qaydaların tələbinə görə "xxxx" X2 baş ofisi bankın hesabına 325 000 dollar məbləğində pul vəsaitinin daxil olması barədə iki gün ərzində cavabdehə məlumat verməli və bu əməliyyat cavabdehin bütün sisteminə oturmalı idi. Qanunvericiliyin tələb etdiyi bu əməliyyatlara cavabdeh tərəfindən əməl olunmuşdur. İddiaçı xəstəliyi ilə bağlı, habelə bir neçə dəfə cərrahiyyə əməliyyatlarına cəlb olunmaqla uzun müddət müalicə aldığından, bir müddət depozitə vəsait qoyduğu bankla əlaqələri kəsilmişdir. Eyni zamanda, yaşayış yerini dəyişdiyi üçün bankla arasında bağlanmış depozit müqaviləsini, pulun əmanətə qəbul edilməsinə dair qəbzi və əmanət kitabçasını çoxsaylı sənədləri arasında tapıb əldə edə bilməmişdir. Buna görə də, banka qoyduğu əmanətin və onun faizlərinin qaytarılması ilə bağlı etdiyi şifahi müraciətlər uzun müddət cavabsız qalmışdır. Bankla arasında bağlanmış müqaviləni və digər sənədləri tapdıqdan sonra əmanətə qoyduğu pul vəsaitini almaq üçün banka müraciət etdikdə, ona bankın lisenziyasının ləğv edildiyi bildirilmişdir. Depozitə qoyduğu pul məbləği və onun faizlərini əldə etmək üçün "xxxx" X3, nəzarət funksiyasını həyata keçirən cavabehə müraciətinə cavabdehbildirib ki, "xxxx" X6 Açıq Səhmdar Cəmiyyətinə verilmiş lisenziya ləğv edilib. Problemin həlli ilə bağlı müraciətə Mərkəsi Bank tərəfindən verilən tövsiyyələrə müvafiq olaraq, "xxxx" X4 cavabdeh kimi cəlb etməklə məhkəməyə müraciət etsə də, məlum oldu ki, ləğvetmə prosesində olan bankın məhkəməyə verilməsi, qanunda nəzərdə tutulmur və bundan sonra bütün məsuliyyət və proseslərə nəzarət yalnız məhz Mərkəzi Bank tərəfindən həyata keçirilir. Cavabdeh yazılı etirazında göstərmişdir ki, mülki hüquq münasibətləri çərçivəsində bank əmanəti müqaviləsinin bir tərəfi müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə digər tərəf qarşısında məsuliyyət daşıyır. Kredit təşkilatlarının fəaliyyətinə dair Mərkəzi Bankın normativ xarakterli aktlarında banklar tərəfindən əmanət qəbulu zamanı Mərkəzi Bankın məlumatlandırılması barədə tələblər mövcud deyil. X11 Heyətinin 09 iyul 2008-ci il tarixli qərarı ilə "xxxx" Kommersiya Bankının lisenziyası ləğv edilmişdir. Beləliklə, Mərkəzi Bank iş üzrə cavabdeh deyil. Sözügedən tələblə bağlı ləğvetmə prosesi çərçivəsində cavabdeh qismində Bankın ləğvetmə komissiyasına qarşı iddia qaldırıla bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya yardım etmək məqsədilə müvafiq tələblə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olması izah edilsə də, məhkəmənin təklifinə baxmayaraq iddiaçı işə baxılmasına təkid etdiyindən iddianın mümkünlüyü məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən görünür ki, iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə bağlanmış bank əmanəti müqaviləsinə əsasən həmin banka əmanət qoyduğunu, lakin bankın ləğv prosesində olduğunu və bu səbəbdən əmanətini geri ala bilmədiyini qeyd edərək, həmin əmanətin qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununda göstərilmişdir ki, bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən bu Qanunun 17-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən bank lisenziyası ləğv edildikdə bank səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər (58.1.). Bankın könüllü ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bank bu təqdirdə Mərkəzi Banka onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməlidir və ortaya çıxan məsələləri araşdırmaq məqsədilə Mərkəzi Bankın yazılı müraciəti əsasında onun səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaratmalıdır (58.2.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır (60.1.). Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır (60.2.). Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir (60.3.). Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir (60.4.). Qeyd edilən hüquq normalarından göründüyü kimi hüquqi şəxs ləğv prosesində olduğu vaxt onu təmsil etmək hüququ və ona qarşı tələblərə cavab vermək vəzifəsi bankın ləğvedicisinə keçir. Bu səbəbdən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinə qarşı olan əmanətin qaytarılmasını tələbini bankın ləğv edicisinə qarşı irəli sürməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankı isə bankların ayrı-ayrı fiziki və ya hüquqi şəxslər qarşısında götürdükləri öhdəliklərə görə məsuliyyət daşıya bilməz. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki müqavilə münasibətlərindən yaranan məsələlər barəsində bankın ləğvedicisini cavabdeh kimi göstərməklə mülki məhkəmə icraatı qaydasında ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6329/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6329/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver