Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-633/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə məlumatın verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə üçüncü şəxsə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2014-cü ildə Abşeron rayonu, Höküməli qəsəbəsində 0,02 ha torpaq sahəsinə mülkiyyəıt hüququ əldə etmiş və bu barədə 18 iyul 2014-cü il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. Lakin daşınmaz əmlakım üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün 2020-ci ilin fevral ayında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə İdarə tərəfindən ona verilən cavab məktubunda "xxxx" ASC-nin cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinin 6/45- 243 m saylı 12 may 2015-ci il tarixli məktubuna əsasən sözügedən əmlak üzərində nəzarət qoyulduğu bildirilmişdir. Daha sonra DƏDRX-ə ünvanlanmış müraciətlərdə də ona məxsus torpaq sahəsi üzərində Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulduğu və Nazirliyin məsələyə münasibət bildirdikdən sonra torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məsələsinə müvafiq qanunauyğun qaydada baxılacağı bildirilmişdir (2 mart 2020-ci il və 2 sentyabr 2020-ci il tarixli məktublar). 2020-ci ilin fevral, mart aylarında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 18 iyul 2014-cü il tarixli ******* saylı reyestrdən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə daşınmaz əmlakın üzərindən DİN-in 6/45- 243m saylı 12 may 2015-ci il tarixli məktubu ilə qoyulmuş nəzarət və məhdudiyyətin götürülməsi haqqında adiyyatı qurumlara göstəriş verilməsinə dair ünvanladığı müraciətlərə cavab ala bilmədiyindən 2020-ci ilin 30 iyul tarixində yenidən Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin bu günədək cavab ala bilməmişdir. xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş hazırkı İddiaçı 18 iyul 2014-cü il tarixli ******* saylı reyestrdən çıxarışla qanun üzrə mülkiyyətçisi olduğu Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində hansı əsasla, hansı qərarla nəzarətin, məhdudiyyətin qoyulmasına dair məlumat verilməsini və qoyulmuş nəzarət məhdudiyyətlə bağlı qərarın bir nüsxəsinin təqdim edilməsinə dair Daxili İşlər Nazirliyinə vəkil tərəfindən verilmiş sorğuya belə bu günədək cavab verilməmişdir. İddiaçıya məxsus torpaq sahəsi üzərində hansı səbəbə, hansı cinayət işi üzrə məhdudiyyət qoyulduğu ona məlum deyil. Çünki bu günədək heç bir cinayət işi üzrə nə şahid, nə şübhəli şəxs, nə də ki təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlnmış şikayətinə əsasən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona verdiyi 20 may 2020-ci il tarixli 007-14429/4ə cavab məktubunda keçmiş əri X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-nə kredit borcunun olduğu və həmin borc üzrə tələb hüququnun "xxxx" Səhimdar Kredit Təşkilatına keçdiyi bildirilmişdir. İddiaçı qeyd edilən bankla və cinayət iş ilə bağlılığı yoxdur. Ümumiyyətlə, mülkiyyət üzərində məhkəmə qərarı olmadan hansı bir nəzarətin qoyulması özü qanunsuzluqdur, onun konstitusion hüquqlarının pozulmasıdır. İddiaçı hesab edir ki, Daxili İşlər Nazirliyinin ona məxsus torpaq sahəsi üzərində adiyyatı olmayan bir cinayət işi üzrə məhdudiyyət qoyması qanunsuz və əsassızdır. İlk növbədə qeyd olunur ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona verdiyi 20 may 2020-ci il tarixli 007- 14429/4ə cavab məktubunda adı göstərilən X2 onun keçmiş əridir. Onunla bağlanmış nikah 2017-ci ildə pozulmuşdur və nikahın pozulması barədə qeyd nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 7 fevral 2017-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. Onların nikahı 2017-ci ildə pozulsa da, faktiki nikah münasibətlərinə 2011-ci ildən son qoyulmuşdur və onlar ayrı yaşayırdılar. Mübahisə edilən daşınmaz əmlak isə, keçmiş əri ilə faktiki olaraq ayrı yaşadığı, ayrı təsərrüfat apardığı dövrdə iddiaçının atası tərəfindən alınmışdır. İkincisi, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona verdiyi 20 may 2020-ci il tarixli cavab məktubunda keçmiş əri X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-nə kredit borcunun olduğu və həmin borc üzrə tələb hüququnun "xxxx" Səhimdar Kredit Təşkilatına keçdiyi bildirilmişdir. Lakin, onun keçmiş əri banka olan kredit borcuna görə heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 510 nömrəli Fərmanının icrası ilə əlaqədar bankın kredit borcları üzrə tələb hüququ "xxxx" QSC BOKT-a keçmişdir. "xxxx" QSC BOKT 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh "xxxx" MMC-yə qarşı «kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı»na dair iddia qaldıraraq cavabdehdən 2.063.310,21 manat kredit borcunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2-2(81)-527/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icraya yönəlmişdir. Daha sonra tələbkar "xxxx" QSC BOKT 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə icra üsulunun dəyişdirilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmənin 28 sentyabr 2017-ci il tarixli 8- 2(81)-148/2017 saylı qərardadı ilə ərizə təmin edilmiş və 20 aprel 2017-ci il tarixli qətnamənin icra üsulu dəyişdirilərək borc tələbinin "xxxx" MMC-yə məxsus daşınar və daşınmaz əmlaklarına, "xxxx" MMC-nin "xxxx" ASC-nin nizamnamə kapitalında mövcud olan iştirak (təsis) payına, eyni zamanda təsisçisi olduğu "xxxx" ASC-yə məxsus daşınar və daşınmaz əmlaklarına yönəldilməsi, "xxxx" MMC-nin və "xxxx" ASC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüququna xitam verilməsi, "Aqrarkredit” QSC BOKT-ın həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC BOKT-ın qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması hərəkətlərin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Göründüyü kimi, onun keçmiş ərinin "xxxx" ASC-nə kredit borcun üzrə məhkəmə qərarı var və bu borc üzrə tələb mülki xarakter daşıyır. Keçmiş ərinin rəhbəri və təsisçisi olduğu "xxxx" MMC-nin kredit borcunun ödənilməsi üçün daşınar və daşınmaz əmlakı var. Həmin əmlaklar üzərinə mülkiyyət hüququ da hal-hazırda məhkəmə qərarı ilə "xxxx" QSC BOKTa aiddir. Qeyd olunanlardan əlavə "xxxx" QSC BOKT-ın 10 iyul 2020-ci il tarixli 3-11/1186 saylı məktubu ilə iddiaçıya məxsus Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində məhdudiyyətin qoyulmasına dair Kredit Təşkilatı tərəfindən istintaq orqanlarına müraciət edilmədiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddiaçıya məxsus həminəmlak üzərində qoyulmuş məhdudiyyət qeyri qanunidir, həmin məhdiyyəti barədə qərar ləğv edilməlidir və mülkiyyət hüquqları ilə bağlı heç bir maneənin olmaması barədə DƏDRX-ə məlumat verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 26, 29, 60, 71-ci maddələrinə, İPM-in 2.1, 34.1, 39.1-ci maddələrinə əsaslanaraq, 18 iyul 2014-cü il tarixli, RX ******* saylı reyestrdən çıxarışla mülkiyyət hüququ İddiaçı məxsus olan Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş nəzarətin qeyri qanuni hesab edilərək götürülməsi, həmin nəzarətin, məhdiyyətin qoyulmasına aid qərarın ləğv edilməsi və iddiaçının mülkiyyəti üzərində hüquqlarının həyata keçirilməsi üçün heç bir maneənin olmaması barədə DƏDRX-ə məlumat verilməsi öhdəliyinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İş üzrə məhkəmə iclasdı təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 18 iyul 2014-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 7 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ ******* nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 və İddiaçı ilə nikah 7 fevral 2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış 2 sentyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Həmin məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması məqsədəmüvafiqdir. Daxili İşlər Nazirliyi tərəfindən məsələyə münasibət bildirildikdən sonra sözügedən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış 2 mart 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 may 2015-ci il tarixli müvafiq məktubuna əasən müvəqqəti məhdudiyyət qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 24 yanvar 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" ASC-nin cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinin 12 may 2015-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərinə nəzarət qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İddiaçı ünvanlanmış 20 may 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-yə kredit borcu vardır və həmin borc üzrə tələb hüququ "xxxx" Səhmdar Kredit Təşkilatına keçmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə diqqətə çəkir ki, hazırda iddiaçı iddianın bir hissəsində tələb kimi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiada göstərilən digər tələbə, yəni “müvafiq məlumatın verilməsi” tələbinə hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, bu tələb birinci tələbdən törəmə və asılıdır, ona görə də iddiaya həmin hissədə də inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-633/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-633/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver