Məhkəmə qərarları › İş №2-1(112)-6331/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6331/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6331/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 və cavabdehlərin nümayəndəsi Nümayəndə və X3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarlarının ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan dəqiqləşmə əsasında qəbul edilmiş məhkəmə qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üçüncü şəxs kimi iştirakçılığına xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı tanınmış, İddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının yaşa görə əmək pensiyası təyinatı haqqında qərarının ləğv edilməsini, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və dövlət qulluqçusu ailə üzvü kimi pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddia tələbinə sonradan verilmiş dəqiqləşmə əsasında qəbul edilmiş məhkəmə qərardadı ilə İddia tələbi “cavabdeh XŞTM-nin xx.xx.2022-ci il tarixli, cavabdeh SÖTMFnin xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, dövlət qulluqçusunun ailə üzvü kimi pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsinin cavabdehlərə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı A.Əhməd-zadəyə sabiq dövlət qulluqçusu kimi 25 iyul 2016-cı il tarixdə əmək pensiyası təyin edilmiş, onun vəfatından sonra iddiaçı öz əmək pensiyasından imtina edərək 01 sentyabr 2022-ci il tarixədək həmin pensiya məbləğini almış, pensiya ödənişi 01 sentyabr 2022-ci il tarixindən dayandırılmış, sonradan bərpa edilmiş və ona yeni pensiya təyin edilmiş, aldığı məbləğdən əvvəlki illərdə ödənişlər tutulmağa başlanılmışdır. İddiaçı hesab edir ki, cavabdehin həmin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, əvvəlki pensiyası bərpa edilməlidir. Etirazlar onunla əsaslandırılmışdır ki, dövlət qulluğu stajı olmadığı halda əmək pensiyası ödənişi həyata keçirilmiş, həmin pensiya 01 sentyabr 2022-ci il tarixdən dayandırılmış adi qaydada əmək pensiyası təyinatı üçün sənədlər aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Həmin Filial tərəfindən 28 sentyabr 2022-ci il tarixli qərarla 25 iyul 2016-cı il tarixdən 201,67 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddia əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Əmək pensiyasının dayandırılması haqqınd 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iddiaçının əmək pensiyası dövlət qulluğu stajı olmaması səbəbindən dayandırılmış, ödənişin edildiyi dövr 01 sentyabr 2019-cu il tarixdən 31 avqust 2022-ci il tarixədək 322.98 manat kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda, hər hansı inzibati icraatın aparılmadan əmək pensiyasının dayandırıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, məhkəmə hazırkı iş üzrə hər iki cavabdehin prosessual həmiştirakçı qismində tanınması məsələsinə münasibətdə də mümkünlük şərtinin ödənilməsi qənaətindədir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, mümkün hesab edilir. Hazırkı iş üzrə də ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən iki tələbin mövcudluğu və həmin tələblərin cavabdehlərin qəbul etdiyi qərarların hüquqi nəticəsindən əmələ gəlməsi aşkardır. Belə ki, iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilmişdir. Cavabdehlərdən biri olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” qərarına əsasən həmin pensiya dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarları ilə iddiaçıya adi qaydada pensiya təyinatının aparılması həyata keçirilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi təyin edilmiş əmək pensiyasını qərar əsasında dayandırılması qanunsuz sayılıb, onun həmin növdə pensiyasının bərpa olunması ilə bağlı məhkəmə qərarı qəbul olunsa belə, həmin məhkəmə qərarının icrası şəxs barəsində bu iş üzrə inzibati orqan kimi çıxış etməyən başqa inzibati orqan tərəfindən qəbul edilmiş qərarlara əsasən mümkün olmayacaqdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən və hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlandırılan orqan tərəfindən iddiaçıya ümumi əsaslarla pensiya təyinatı barədə qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona dövlət qulluqçusunun ailə üzvü kimi təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir. Bu səbəbdən də uyğun faktiki və hüquqi əsaslara söykənən həmin tələblərin bir yerdə baxılması, həmçinin prosessual qənaət prinsipləri baxımından da əhəmiyyətlidir. Əks halda isə, iddiaçı ilk növbədə ümumi əsaslara görə əmək pensiyasının ləğvinə nail olmalı, həmin icraat bitdikdən sonra isə dövlət qulluğuna görə təyin edilmiş əmək pensiyasının ləğvinə dair iddia qaldırmalıdır ki, ikinci tələbin birinci tələbə baxılmadan baxıla bilməməsi, yəni qərarın icrasız qalması aydın görünür. Məhkəmə hesab edir ki, əksi qaydası olduqda da iddiaçı hüquqi marağına uyğun nəticə əldə edə bilməz. Bu səbəbdən də, hazırkı iddialara bir icraatda bir-neçə cavabdehə baxılması məqsədəuyğundur. Bundan əlavə, o da qeyd edilməlidir ki, hazırkı halda cavabdehlər hər ikisi Dövlət Sosial Müdafiə Fondunun tərkibinə daxil olan Filiallardır və hüquqi şəxsin müxtəlif məsələlər üzrə qərarları qəbul etmək səlahiyyətinin müxtəlif Filiallarına verməsi iddiaçının məhkəməyə hər iki qərarın bir icraatda ləğv edilməsi barədə müraciət hüququna müdaxilə ilə nəticələnə bilməz. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Cavabdehin 16 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət qulluğu stajı olmadığı halda əmək pensiyası ödənilmiş, sonradan pensiya 01 sentyabr 2022-ci il tarixdən dayandırılmış adi qaydada əmək pensiyası təyinatı üçün sənədlər aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Cavabdehin 28 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 25 iyul 2016-cı il tarixdən 201,67 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının hüququ olmadığı halda əmək pensiyası təyin edilmiş 31 avqust 2022-ci il tarixinədək ödəniş edilmişdir. Həmçinin artıq ödəmə müəyyən edilmişdir. Cavabdehin 13 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya 29 sentyabr 2022-ci il tarixli sərəncam əsasında 2694,98 manat artıq ödəmə müəyyən edilmişdir. Hesablanmış artıq ödəmədən 262,68 manat ailə başçısını itirməyə görə aldığı pensiyadan tutulmuş, 2432,30 manat isə onun razılığı ilə 01 fevral 2023-cü il tarixindən 31 mart 2029-cu il tarixinədək hər ay 33,32 manat tutulacaqdır. Əmək pensiyasının ümumi əsaslarla yenidən hesablanması haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iddiaçının əmək pensiyası ümumi əsaslarla yenidən hesablanmış, 311,51 manat əmək pensiyası məbləği müəyyən edilmişdir. Əmək pensiyasının ümumi əsaslarla yenidən hesablanması haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, iddiaçının əmək pensiyası ümumi əsaslarla yenidən hesablanmış, 376,41 manat əmək pensiyası məbləği müəyyən edilmişdir. X4 06 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 1975-1987-ci illərdə 26 Bakı Komissarları adına rayonun İcraiyyə Komitəsinin Layihə-Smeta bürosunun rəisi vəzifəsində iş müddətinin dövlət qulluğuna aid olub-olmaması araşdırılmışdır. Buna dair aidiyyəti qurumlara rəy bildirilməsi üçün Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinə sorğular göndərilmiş, 1975-1987-ci illərdə adıçəkilən İcraiyyə Komitəsinin strukturunu və Komitənin Layihə-Smeta Bürosunun hüququ statusunu müəyyən edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlər təqdim edilmədiyindən adıçəkilən illərin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıbalınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. Əmək kitabçasının tərcümə edilmiş hissəsindən görünür ki, iddiaçı 1975-1987-ci illərdə 26 Bakı Komissarları adına rayonun İcraiyyə Komitəsinin Layihə-Smeta bürosunun rəisi vəzifəsində işləmişdir. İşin faktiki hallarından da görünür ki, iddiaçının tələbi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır ki, həmin hüquqi nəticələr, həmçinin də digər cavabdeh tərəfindən qəbul edilmiş qərarların da qüvvədən salınmasını ehtiva edir. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə əmək pensiyasının dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının dayandırılması barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki bu səbəbdən Məhkəmə hesab edir ki, əmək pensiyasının dayandırılması haqqında qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. Məhkəmə əmək pensiyasının dayandırılmasına yönəlmiş qərarın ləğvinin prosessual əsasları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatla bağlı oxşar prosessual normalar, eyni zamanda inzibati məhkəmə icraatı ilə bağlı da mövcuddur. Belə ki, AR İPM-nin: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir: 69.1.3. əsaslandırma hissəsindən; 9.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İnzibati prosessual qanunvericiliyin inzibati məhkəmə icraatının işin mahiyyəti üzrə nəticələrini əks etdirən yekun qərarının tərtib edilməsi ilə bağlı məcburi normalarının tələbindən də göründüyü kimi məhkəmə yekun nəticəyə gələrkən, o cümlədən şəxsin iddiasının rədd edilməsi kimi iddiaçıya münasibətdə əlverişsiz olan nəticəyə gələrkən öz qərarında mövqeyini əsaslandırdığı səbəbləri göstərməli, faktlar və sübutlara əsaslanmalıdır. Qərarın əsaslandırma hissəsində isə faktlar və sübutların qiymətləndirilməsi əks etdirilməli, məhkəmə hansı səbəblə iddianın təmin, o cümlədən rədd edilməsinə qiymət verməlidir. Eyni zamanda oxşar normalar inzibati icraatı həyata keçirən inzibati orqanın qərar qəbul edilməsinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi məhkəmə qərarında olduğu kimi inzibati aktın qəbulu zamanı da, həll edilən məsələnin dəqiq göstərilməsi, aydın və anlaşılan olması, əsaslandırılmalı olması, əsaslandırma zamanı faktiki və hüquqi halları, bununla bağlı sübutların qiymətləndirilməsi mütləq şərt kimi göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, necə ki, pensiya təminatı ilə bağlı iddialarda daxil olmaqla məhkəməyə daxil olan iddia ərizəsinin mahiyyətinə qiymət verilən zaman, eləcə də iddia rədd edilən zaman, rədd edilmənin əsaslandırılması məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri əsas götürülməklə həyata keçirilir, inzibati orqan tərəfindən də inzibati icraat haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırma olmalıdır. Necə ki, heç bir əsaslandırma olmadan iddia tələbi rədd edilsin, çünki belə hesab edirəm formasında birinci instansiya məhkəməsinin yekun qərarı yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti düzgün olsa belə ləğv üçün əsasdır, eləcə də cavabdehin heç bir əsaslandırma olmayan əmək pensiyasının yenidən hesablanması barədə qərarı mahiyyət baxımından gəlinən nəticə düzgün olsa belə prosessual baxımından ləğv edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar hüququ baxımından mahiyyəti üzrə düz olsa belə inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan, məhkəmə iclası keçirilmədən şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan, inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məqsəd isə konkretdir. maraqlı şəxs, xüsusi ilə də hazırki halda pensiya alan şəxs (iddiaçı) pensiya məbləğinin azaldılması və ya dayandırılması barədə pensiya məbləğinin azaldılmasını pensiya kartından pul çəkərkən müəyyən etməsin, ehtimal olunan azaldılma barədə əvvəlcədən məlumatlı olsun ki, minimum yaşayış üçün nəzərdə tutulmuş məbləğin azaldılmasına münasibətdə həyat tərzini, maddi ehtiyaclarla uyğun məbləğ bölgüsünü əvvəlcədən müəyyən edə bilsin. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək pensiyasının ləğv edilməsi ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar (əmək pensiyasının ləğv edilməsi barədə) ləğv edilməlidir. Lakin, məhkəmə hesab edir ki, hazırkı halda imtinanın maddi baxımından da düzgünlüyü istisna edilir. Belə ki, Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”na əsasən aparılır. Göründüyü kimi iddiaçının mərhum həyat yoldaşının dövlət qullu vəzifələrində stajı olmuşdur ki, həmin staj nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməsi üçün yetərlidir. Bu zaman dövlət qulluğu stajının istər qüvvədən düşmüş qanunvericilik, istərsə də hazırda qüvvədə olan qanunvericilik baxımından fərqləndirilməsi zərurəti də mövcud deyildir. Belə ki, iddiaçı nəinki 5 il, hətta 15 ildən artıq dövlət qulluğu stajında nəzərdə tutulan vəzifələrdə çalışmışdır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) -23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. -23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): -7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mərhum həyat yoldaşının 1975-1987-ci illərdə 26 Bakı Komissarları adına rayonun İcraiyyə Komitəsinin Layihə-Smeta bürosunun rəisi vəzifəsində iş müddətinin dövlət qulluğuna aid olub-olmaması ilə əlaqədardır. Cavabdeh həmin dövrü dövlət qulluğu stajına aid etməsə də, nəzərə almamışdır ki, həmin illərin dövlət qulluğuna aid olmaması müəyyən edilməmişdir. Belə ki, X4 məktubundan da göründüyü kimi həmin qurum tərəfindən Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinə sorğular göndərilmiş, 1975-1987-ci illərdə adıçəkilən İcraiyyə Komitəsinin strukturunu və Komitənin Layihə-Smeta Bürosunun hüququ statusunu müəyyən edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlər təqdim edilmədiyindən adıçəkilən illərin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı rəy verilməsi mümkün olmamışdır. Göründüyü kimi dövlət qulluğuna aid olub-olmama barədə rəy verilməsinin mümkün olmaması X5 tərəfindən qeyd edilmişdir ki, həmin hal iddiaçının mərhum həyat yoldaşının dövlət qulluqçusu kimi fəaliyyətini istisna edən hal kimi müəyyən edilməməli AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın xeyrinə şərh edilməlidir. Əks yanaşma, bir tərəfi inzibati orqanlar olan sənədləşmə ilə bağlı məlumatların mövcud olmamasına istinadla digər tərəf kimi sıravi vətəndaşın mülkiyyət hüququna müdaxilə xarakteri daşıyar ki, məhkəmə hesab edir ki, göstərilən hal nəzərə alınmaqla cavabdeh əmək pensiyasını dayandırmaq əvəzinə göstərilən məlumatların mövcud olmamasını iddiaçının xeyrinə şərh etməlidir. Nə qədər ki, inzibati orqan kimi cavabdeh X5 və aidiyyəti qurumlardan iddiaçının mərhum həyat yoldaşının dövlət qulluqçusu olmaması barədə mötəbər sübutları əldə etməmişdir, ehtimala əsaslanmaqla əmək pensiyasının dayandırılması məhkəmə hesab edir ki, qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, yuxarıda göstərilən qiymətləndirmə və məhkəmənin hüquqi mövqeyi digər cavabdehin ümumi əsaslarla pensiya təyinatı və yenidən hesablamaları barədə qərarların ləğvi üçün də əsasdır. Nə qədər ki, əmək pensiyasının dayandırılması barədə qərar ləğv edilmişdir, deməli ümumi əsaslarla pensiya təyinatının da düzgünlüyündən söhbət gedə bilməz. BU səbəbdən də əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilərək şəxsin dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının bərpası onun hüquqi marağına xidmət etdiyindən, sonradan ümumi əsaslarla aparılmış pensiya təyinatı da qanunsuz və əsassız hesab edilməli, qərarlar ləğv edilməlidir. Tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsinin cavabdehlərə həvalə edilməli olmasına da münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid iddia üzrə hüquqi nəticələrin aradan qaldırılması ilə əlaqədardır. İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən tələb mübahisələndirilən qərarların ləğvindən yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına da xidmət edir. Odur ki, əmək pensiyasının dayandırılması barədə qərar ləğv edildiyindən, əvvəlki pensiya bərpa edildiyindən, bunun davamı kimi ümumi əsaslarla əmək pensiyasının hesablanması barədə qərarlar da ləğv edildiyindən, aydın məsələdir ki, onun hüquqi nəticələri də aradan qalxmalı, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsinin cavabdehlərə həvalə edilməlidir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi əmək pensiyasının dayandırılması 16 sentyabr 2022ci il tarixli olmuş, pensiya isə 01 sentyabr 2022-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi dayandırma faktiki olaraq inzibati akt olmadan həyata keçirilmiş, qərar isə sonradan qəbul edilmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı X1 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” qərar ləğv edilsin. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı X1 barəsində qəbul edilmiş xx.xx.2022 və xx.xx.2023-cü il tarixli ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması barədə qərarlar ləğv edilsin. İddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsi cavabdehlər Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar