Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6331/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçılar İddiaçı7, İddiaçı3, İddiaçı2, İddiaçı13, İddiaçı9 Oktay oğlu, İddiaçı8, İddiaçı1 və İddiaçı28, cavabdehin nümayəndələri Nümayəndə4 və Nümayəndə5, üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası X1rşı (üçüncü şəxs: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) “qərarın dəyişdirilməsi və digər” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Oktay oğlu, İddiaçı10, İddiaçı11, X9, İddiaçı13, İddiaçı14 Yəhya oğlu, İddiaçı15 Etbar oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, X5, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32, İddiaçı33, X10, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, X8, İddiaçı39 və X3 (bundan sonra – iddiaçılar) Azərbaycan Respublikası X4na (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X2 06 sentyabr 2024cü il tarixli, 7 nömrəli protokolla qəbul edilmiş qərarının dəyişdirilməsi, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağan edilməsi müddəasında “turist avtobusları istisna olmaqla” ifadəsinin “İçərişəhər sakinləri və turist avtobusları istisna olmaqla” kimi verilməsi və nəqliyyat vasitələrinin “İçərişəhər”ə cənub keçidindən (Qoşa Qala qapısı) giriş qadağasının İçərişəhər sakinlərinə aid edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2806/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunda yaşayan sakinlərdir. ”COP 29” Beynəlxalq konfransının keçirilməsi ərəfəsində bir sıra inzibati orqanların təmsil olunduğu kollegial qurum olan cavabdeh Azərbaycan Respublikası X2 06 sentyabr 2024-cü tarixli iclasında 7 nömrəli protokolla onların maraqlarına toxunan qərar qəbul edilmişdir. Belə ki, həmin qərara əsasən aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq İçərişəhərdə yaşayan sakinlərin rahatlığının təmin olunması, turist marşurtlarının maneəsiz hərəkətinin yaradılması, İçərişəhər ərazisində yerləşən abidələrin kənar vibrasiya təsirindən qorunması məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan Prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağasının tətbiq edilməsi, Əziz Əliyev küçəsi Konstitusiya Məhkəməsinin binasının qarşısından Neftçilər prospektinədək olan hissənin nəqliyyat vasitələri üçün bağlanması, Konstitusiya Məhkəməsi binasının qarşısında avtonəqliyyat vasitələri üçün qanunsuz parklanmanın ləğv edilməsi, turist avtobusları üçün minib-düşmə zonasının yaradılması qərara alınmışdır. Həmçinin qeyd edilən qərarda İstiqlaliyyət və Əziz Əliyev küçələri boyunca piyada və velosiped zolaqlarının yaradılması və nəqliyyat vasitələrinin “İçərişəhər”dən çıxışı üçün cənub keçidindən (Qoşa Qala qapısı) istifadə edilməsi, girişçıxış üçün isə şimal keçiddən (Neftçilər prospekti istiqamətindən) istifadə olunmasının təşkil edilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərara əsasən Konstitusiya Məhkəməsinin qarşısında turist avtobuslarının hərəkəti və parklanması üçün ərazinin yaradılması, İstiqlaliyyət küçəsi və Qoşa Qala qapısı ətrafında maneəsiz hərəkətin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılmışdır. Qeyd edilir ki, “İçərişəhərdə” 3000-dən bir az artıq əhali yaşayır. Onların maşınlarının sayı da 200-300 arasındadır. İçərişəhərə daxil olan qalan maşınlar Qoruğun öz administrasiyasının əməkdaşlarının, İçərişəhərdə yerləşən diplomatik korpusun, digər idarə, müəssisə, iaşə obyektlərinin (restoranların, otellərin) əməkdaşlarının və həmçinin restoranların müştərilərinə aid avtomaşınlardır. Cavabdehin qərarı qanunsuzdur və əhalinin maraqlarına cavab vermir. Belə ki, İçərişəhərə cənub qapısından (Qoşa Qala qapısından) girişin qadağan edilməsi əhalinin çox hissəsi üçün əlverişsiz şərait yaradıb. Yalnız Neftçilər prospektində olan qapılardan İçərişəhərə girişə icazə verilməsi yalnız İçərişəhərdə yaşayan əhalinin cüzi bir hissəsinin maraqlarına toxunmur, o da evinə gəliş üçün mütəmadi istifadə etdiyi yol bu prospektdən keçən və Azneft meydanı istiqamətə olan şəxslərdir. Qalan və mütləq əksəriyyət təşkil edən sakinlər isə İstiqlaliyyət küçəsi ilə Azərbaycan Prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağan edildiyi və Əziz Əliyev küçəsi Konstitusiya Məhkəməsinin binasının qarşısından Neftçilər prospektinədək olan hissənin nəqliyyat vasitələri üçün bağlandığı üçün əraziyə daxil olmaqdan ötəri məcburiyyət qarşısında ən azı 40-dəqiqə müddətində şəhərin mərkəzi hissəsində avtomobillə hərəkət etməli olurlar ki, bu da gün ərzində bir neçə yüz avtomobilin 50 metr məsafə əvəzinə, 3-4 km. məsafə qət etməsinə səbəb olur. Həmçinin, qeyd olunan qərar COP 29-la bağlı idisə, qərarda onun qüvvədə olma müddəti göstərilməli idi. Əks halda onlar üçün əlverişsiz akt olan bu qərarın hansı müddətdə təsirinə məruz qalacaqları qeyrimüəyyən duruma düşmüşlər. Bu da normanın onların üçün yaratdığı legitim gözlənti hüquqlarını pozur. Qərarda bu aktın həll etdiyi məsələlərdən biri kimi “İçərişəhərdə yaşayan sakinlərin rahatlığının təmin olunması” göstərilib. Lakin sakinlərin rahatlığının təmin olunması məsələsi bu qərarda hansı şəkildə həll olunduğu bəlli olmur. Belə ki, qərar sakinlərə əlavə məhdudiyyət (İçərişəhərə cənub qapısından (Qoşa Qala qapısından) girişin qadağanı) gətirir. Qərarı müəyyən etdiyi müddəalara diqqət etdikdə görmək olur ki, bu qərar turist avtobusları və şəhərin mərkəzində gəzən şəhərin qonaqları üçün əlverişli şərait yaradır. Hesab edirlər ki, “İçərişəhərdə yaşayan sakinlərin rahatlığının təmin olunması” müddəası qərarda həddə şablon və stereotip ifadə olaraq göstərilib, dəqiq göstərilməyib. Göründüyü kimi bu məsələ Şurada müzakirə olunub qərar qəbul edilsə də, İçərişəhərdə yaşayan əhalinin mobilliyinə əhəmiyyətli təsir etsə də, bu yalnız neqativ təsir olub, əhalinin mobilliyini əlverişli hala gətirməyib, əksinə əlverişsiz hala gətirib. Cavabdeh “aparılmış müvafiq araşdırmaların nəticəsi”ndə bu qərarı qəbul etdiyini qeyd etsə də, hesab edirlər ki, bu araşdırma ya aparılmayıb, ya da obyektiv göstəricilərə əsaslanmayıb. İçərişəhərdə yaşayan və avtomobili olan sakinlərin sayı süni şəkildə şişirdilib. Bu, vəzifəli şəxslərin İçərişəhərə giriş icazəsini vəzifə səlahiyyətlərini aşaraq qeyri-əhaliyə də verməsi hesabına baş verib. Bu da Şura qarşısında problemin qabarıq və fərqli şəkildə qoyulması ilə nəticələnib. Əgər Şura qarşısında faktlar dəqiq qoyulsaydı, o zaman İçərişəhərin avtomobili olan sakinləri üçün İçərişəhərə cənub qapısından (Qoşa Qala qapısından) giriş istisnası nəzərdə tutulmaya bilərdi. Hazırki, şəraitdə isə həm Konstitusiya Məhkəməsinin bəzi xidməti əməkdaşları, həm diplomatik korpusun əməkdaşları, İçərişəhərdə yerləşən idarə və tabe müəssisələrin əməkdaşları qadağaya məhəl qoymadan İçərişəhərə cənub qapısından maşınla (Qoşa Qala qapısından) giriş edirlər. Lakin sakinlərin girişdən istifadəsinə icazə verilmir. Hətta İstiqlaliyyət küçəsi ilə Azərbaycan Prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binası istiqamətinə girdikləri üçün cərimə edilirlər. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, X4 kollegial qaydada fəaliyyət göstərən təşkilatdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatında Azərbaycan Respublikası Nəqliyyat Əlaqələndirmə Şurası inzibati orqan kimi qeyd edilməmişdir. Azərbaycan Respublikası Nəqliyyat Əlaqələndirmə Şurasının inzibati akt qəbul etmək səlahiyyəti hər hansı bir Qanunda qeyd edilməmişdir. Odur ki, hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh tərəfindən öz mövqeyinin əsaslandırılması üçün məhkəməyə ərazinin fotoşəkilləri təqdim edilib. Lakin, qeyd edilən fotoşəkillər də cavabdehin mövqeyinin əsassız olduğunu göstərir. Məsələn bir fotoşəkil formula yarışları dövründə çəkilib. Halbuki adi günlərdə çəkilmiş fotoşəkil təqdim edilə bilərdi. Təqdim edilmiş bütün şəkillərdə turistlərin mövqeyi önə çəkilib. İçərişəhərə Qoşa qala qapısından girişin qadağan edilməsi sakinlərin İçərişəhərə daxil olmaları üçün uzun yol qət etmələrinə, əlavə vaxt, enerji və yanacaq sərf etmələrinə səbəb olur. Bu isə qanuni hesab edilə bilməz. İddiaçılar cavabdehin qərarını tam mübahisələndirmirlər. Sadəcə İçərişəhər sakinləri üçün qoyulan qadağa hissəində mübahisələndirirlər. Eyni zamanda qadağa İçərişəhərin iqtisadi həyatına da təsir göstərir. Məsələn İçərişəhərə mağazalara mal gətirən avtomobillər yolun uzun olması səbəbindən gün ərzində tez-tez İçərişəhərə girib çıxmırlar. Bu isə mağazalarda mal çeşidlərinin azalmasına səbəb olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Digər iddiaçılar iddia ərizəsi ilə oxşar məzmunlu izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə5 verdiyi izahatında bildirdi ki, qəbul edilmiş qərar “COP 29” dövründə qəbul edilmişdir. Həmin qərar sonradan məqsədə müvafiq hesab edilmişdir. Bu həmin ərazidə avtomobillərin sıxlığının azaldılmasına və həmin ərazidə insanların rahat şəkildə hərəkət etmələrinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar İçərişəhərə giriş və çıxışın təşkili ilə bağlıdır. Bu İçərişəhərin daxilin baş verən proseslərlə bağlı deyil. Həmin qərar isə İçərişəhərə giriş və çıxışın daha rahat olmasına səbəb olur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi verdiyi izahatında bildirdi ki, üçüncü şəxs İçərişəhər daxilində tənzimləməni həyata keçirir. İçərişəhərdə yalnız sakinlərin avtomobilləri deyil, bir sıra dövlət idarələrinin, həmçinin özəl qurumların əməkdaşlarının da avtomobilləri vardır ki, onlar da fəaliyyətləri ilə bağlı İçərişəhər ərazisinə daxil olurlar. Sakinlərin “Qoşa qala qapısı” istiqamətində İçərişəhərə girişlərinin təmin edilməsini onlar müdafiə edirlər. Belə ki, bu İçərişəhər daxilində nəqliyyat vasitələrinin mobilliyi baxımından daha əlverişlidir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə içərişəhər sakinlərinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanan kollektiv müraciəti əlavə edilmişdir. İddia ərizəsinə disk əlavə edilmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektiv müraciətə xx.xx.2024cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İdarənin Azərbaycan Respublikası X2 üzvü olan dövlət orqanları siyahısına daxil olmaması onun qərar qəbul edilməsi prosesində hər hansı münasibət bildirilməsini mümkünsüz edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə cavabdeh tərəfindən qəbul edilmiş 06 sentyabr 2024-cü il tarixli qərardan çıxarış və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Əziz Əliyev küçəsində, Qoşa Qala qapıları qarşısında və “İçərişəhər” ərazisində hərəkətin təşkilinə dair tədbirlərlə əlaqədar X2 xx.xx.2025-ci il tarixli iclasında verilmiş Qərardan çıxarışa əsasən Əziz Əliyev küçəsində, Qoşa Qala qapıları qarşısında və “İçərişəhər” ərazisində hərəkətin təşkilinə dair aşağıdakı tədbirlərin Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təmin olunması qərara alınmışdır: İstiqlaliyyət küçəsi ilə Azərbaycan Prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağasını tətbiq etmək (2.1); Əziz Əliyev küçəsi Konstitusiya Məhkəməsi binasının qarşısından Neftçilər prospektinədək olan hissəni nəqliyyat vasitələri üçün bağlamaq (2.2); Konstitusiya Məhkəməsi binasının qarşısında avtonəqliyyat vasitələri üçün qanunsuz parklanmanı ləğv etmək (2.3); Turist avtobusları üçün minib-düşmə zonası yaratmaq (2.4); İstiqlaliyyət və Əziz Əliyev küçələri boyunca piyada və velosiped zolaqları yaratmaq (2.5); Nəqliyyat vasitələrinin “İçərişəhər”dən çıxışı üçün cənub keçidindən (Qoşa Qala qapısı) istifadə edilməsi, giriş-çıxış üçün isə şimal keçidindən (Neftçilər prospekti istiqamətindən) istifadə edilməsini təşkil etmək (2.6). Məhkəmə iddiaçıların, cavabdehin nümayəndələrinin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçılar xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişlər. Mübahisələndirilən qərar iddiaçılara rəsmi qaydada təqdim edilmədiyi üçün məhkəmə hesb edir ki, iddiaçılar qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişlər. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli 2366 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X4 haqqında Əsasnamə”nin: 1.1-ci bəndinə əsasən X4 (bundan sonra − Şura) “X2 yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamına uyğun olaraq ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində (bundan sonra – müvafiq sahədə) fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır. 2.1-ci bəndinə əsasən şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahənin inkişafını və təkmilləşdirilməsini təmin etmək (2.1.1); müvafiq sahədə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə digər hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək (2.1.2) ; əhalinin mobilliyinin səmərəli təşkili məqsədilə tədbirlərin həyata keçirilməsini təmin etmək (2.1.3). 3.1-ci bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Şuranın vəzifələri aşağıdakılardır: müvafiq sahənin inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə Şura üzvlərinin fəaliyyətini əlaqələndirmək (3.1.1); nəqliyyat infrastrukturu obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və təkmilləşdirilməsi məqsədilə vəsait ayrılması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etmək (3.1.2); müvafiq sahədə Şura üzvü olan dövlət orqanları (qurumları) vasitəsilə monitorinqlərin keçirilməsi barədə qərar qəbul etmək (3.1.3); yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək (3.1.4); dəmir yolu xətlərinin (stansiyalarının) və avtomobil yollarının tikintisi, genişləndirilməsi və təkmilləşdirilməsi barədə təkliflər vermək (3.1.5); sərnişinlərin metro nəqliyyatı ilə daşınmasının keyfiyyətinin yüksəldilməsi məqsədilə metro nəqliyyatının inkişaf konsepsiyasının hazırlanmasını təşkil etmək və yeni metropoliten xətlərinin (stansiyalarının) tikintisi və təkmilləşdirilməsi barədə təkliflər vermək (3.1.6); ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqların müəyyən edilməsi və ləğv olunması barədə əsaslandırılmış qərar qəbul etmək (3.1.7); avtomobil yollarında sürət həddinin müəyyən olunması barədə əsaslandırılmış qərar qəbul etmək (3.1.8); avtomobil yollarında yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi (quraşdırılması və ya çəkilməsi (o cümlədən quraşdırılma və ya çəkilmə yerinin müəyyənləşdirilməsi) barədə əsaslandırılmış qərar qəbul etmək (3.1.9); nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək (3.1.10); fəaliyyət istiqamətlərinə uyğun olaraq, yol hərəkəti sahəsində görüləcək tədbirləri əlaqələndirmək (3.1.11); piyada infrastrukturunun inkişafı və əlçatanlığı, habelə velosiped və elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlər (parklanma və hərəkət üstünlüyünün verilməsi, enerjidoldurma məntəqələrinin, habelə yeraltı və yerüstü dayanacaq məntəqələrinin sayının artırılması və sair) görülməsini təşkil etmək və görüləcək işləri əlaqələndirmək (3.1.12); ağır nəticəli yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri ilə bağlı Şura üzvü olan dövlət orqanlarından (qurumlarından) ümumi vəziyyəti əks etdirən məlumatlar almaq və yol-nəqliyyat hadisələrinin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə görüləcək zəruri tədbirləri əlaqələndirmək (3.1.13); dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkilinə dair təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək (3.1.14); maliyyələşmə üçün təqdim edilən nəqliyyat infrastrukturu obyektlərinin layihələrinə müvafiq sahəyə təsiri baxımından rəy vermək (3.1.15); Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən nəqliyyat infrastrukturu obyektlərinin tikinti layihələrinə qanunla müəyyən edilmiş qaydada rəy verilməsi prosesinə nəzarət etmək (3.1.16); Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və nəqliyyat sahəsinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək (3.1.17); müvafiq sahədə həyata keçirilən işlər, onların zəruriliyi, məqsədi və mümkün nəticələri barədə mediada məlumat vermək (3.1.18); Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək (3.1.19). 4.1-ci bəndinə əsasən öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır: bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar işçi qruplar və komissiyalar yaratmaq, onların işinə aidiyyəti dövlət orqanlarını (qurumlarını), müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrini və qeyri-hökumət təşkilatlarını cəlb etmək (4.1.1); dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular vermək, onlardan belə sənədləri (məlumatları) almaq (4.1.2); bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı aidiyyəti üzrə təkliflər vermək (4.1.3); Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqinin aparılmasını təmin etmək (4.1.4); Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilmiş tədbirlər barədə, eləcə də yol-nəqliyyat hadisələrinin monitorinqinin nəticələrinə dair məlumatlar almaq (4.1.5); fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək (4.1.6); müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və Azərbaycan Respublikasında tətbiqi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək (4.1.7); beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək (4.1.8); Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək (4.1.9); Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək (4.1.10). İşdən görünür ki, iddiaçılar hazırkı iddia tələbində Azərbaycan Respublikası X2 06 sentyabr 2024-cü il tarixli, 7 nömrəli protokolla qəbul edilmiş qərarının dəyişdirilməsi, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Konstitusiya Məhkəməsinin binasına qədər turist avtobusları istisna olmaqla digər nəqliyyat vasitələri üçün giriş qadağan edilməsi müddəasında “turist avtobusları istisna olmaqla” ifadəsinin “İçərişəhər sakinləri və turist avtobusları istisna olmaqla” kimi verilməsi və nəqliyyat vasitələrinin “İçərişəhər”ə cənub keçidindən (Qoşa Qala qapısı) giriş qadağasının İçərişəhər sakinlərinə aid edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar İçərişəhər sakinlərinin hərəkət azadlığını əsassız şəkildə məhdudlaşdırır, onların maraqlarına ziddir və bərabərlik prinsipini pozur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (2.0.7.). İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1.). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2.). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3.). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (73.3). İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (74). Diskresion səlahiyyətin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan konkret situasiyanın xüsusiyyətlərini nəzərə alaraq qanunun yol verdiyi çərçivədə müxtəlif qərar variantlarından birini seçə bilər. Məhkəmə bu cür hallarda inzibati orqanın yerinə keçərək hansı qərarın daha məqsədəuyğun olduğunu qiymətləndirmir, yalnız inzibati orqan tərəfindən səlahiyyət həddinin aşılıb-aşılmadığını, qəbul edilmiş inzibati aktın açıq-aşkar əsassız və ya özbaşına olub-olmadığını və onun qanunun tələblərinə zidd olub-olmadığını yoxlayır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi müvafiq inzibati aktın qəbul edilməsi inzibati orqanın diskression səlahiyyətlərinə daxildir və məhkəmə müstəqil şəkildə inzibati orqanın bu səlahiyyətini əvəz edə bilməz. Məhkəmə yalnız həmin səlahiyyətin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayır. İPM-də göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). İddiaçıların əsas dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar, yəni İçərişəhərə girişin “Qoşa qala qapısı” istiqamətində bağlanması, sakinlərə yalnız “Azneft” meydanı tərəfdən İçərişəhərə daxil olmaq imkanı tanıyır. Bu isə onların İçərişəhərə daxil olmaq üçün uzun yol qət etmələrinə, nəticədə əlavə vaxt itkisinə, yanacaq sərfinə və stres keçirmələrinə səbəb olur. İddiaçıların özlərinin də məhkəmə iclasında qeyd etdikləri kimi “İçərişəhər” X15 ərzisində 3000 nəfərdən artıq əhali yaşayır. Qeyd edilməlidir ki, həmin sakinlərdən bəzilərinin yaşayış yerləri İçərişəhərin “Qoşa qala qapısı” tərəfdə olan girişinə, bəzilərininki isə “Azneft” meydanı tərəfdən olan girişinə yaxın ola bilər. Göründüyü kimi, mübahisələndirilən qərarla sakinlərin “Qoşa qala qapısı” istiqamətində İçərişəhərdən çıxışları məhdudlaşdırılmayıb. Yalnız giriş həmin istiqamətində qadağan edilib. Belə olan halda İçərişəhər sakinlərinin İçərişəhərdən çıxışı üçün hər hansı maneə mövcud deyildir. Yalnız məsələ İçərişəhərə girişlə bağlıdır. “Qoşa qala qapısı” istiqamətindən İçərişəhərə girişin qadağan edilməsi isə yalnız yaşayış yerləri həmin əraziyə yaxın olan sakinlər üçün çətinlik yarada bilər. Yuxarıda da qeyd edildiyi kimi mübahisələndirilən qərar cavabdeh tərfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi nəticəsində qəbul edilmişdir. Belə olan halda həmin səlahiyyətlərin düzgün hədlərdə həyata keçirilib keçirilmədiyinin yoxlanması yalnız ictimai maraqlar baxıından qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, həmin qərarın qəbul edilməsinin ictimai maraqlar baxımından əlverişli olub-olmadığına tam obyektiv qiymət verilməsi mümkün deyildir. Belə ki, həmin qərarın yaratdığı çətinliklərin həddinin (qərarın əksər sakinlərin gündəlik həyatında çətinliklər yaradıb yaratmaması, İçərişəhər sakinləri üçün həddindən artıq vaxt itkisi, stres və maddi itkilərə səbəb olması), həmçinin qərarın yaratdığı üstünlükərin (“Qoşa qala qapısı” istiqamətində nəqliyyat sıxlığının azalması, həmin ərazidə insanların gəzinti və istirahətinin əlverişli olması və sair) müəyyən edilməsi, həmçinin bu çətinliklər və üstünlüklərin müqayisə edilərək hansının daha üstün olmasına qiymət verilməsi hər hans mütəxəssis və ya ekspert rəyi ilə baş tuta bilməz. Bu səbəbdən məhkəmə həmin qərarın müvafiq qurumun diskresion səlahiyyətləri çərçivəsində qəbul edilmiş bir akt olmasını nəzərə alınaraq hesab edir ki, cavabdeh tərəfindən diskresion səlahiyyətlərin hədlərinə düzgün riayət edilməməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası X1rşı (üçüncü şəxs: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) “qərarın dəyişdirilməsi və digər” tələbləri barədə iddiaları təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6331/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6331/2025
16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver