Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6332/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “2-ci qrup əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Mərkəzi Xəstəxanasının forma 27-də göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən- xx.xx.1992-ci ilə qədər 722(896) saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmuş, İ Qarabağ müharibəsində iştirak edərək xx.xx.1992-ci il tarixdə yaralanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 569 №-li xx.xx.2016-ci il tarixində verilmiş forma 27-də göstərilən digər diaqnozlar ididaçıya təyin edilmişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasının forma 27-də göstərilən digər diaqnozlar ona təyin edilmişdir. O, özünü həmin tarixdən narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müalicələr alsa da, sonra yenidən ağrıları başlamışdır. İddiaçı ona ikinci dərəcəli əlillik təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, iddiaçının xəstəliyi əlillik səviyyəsində olmadığından ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli arxiv arayışına əsasən N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixli yaralıların qeydiyyatı kitabında iddiaçının xx.xx.1992-ci il tarixdə yaralanması barədə məlumat aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçıya qoyulan diaqnozda qeyd edilmişdir: “odlu silahla yaralanmadan sonra sağ qasıq sümüyünün yuxarı kənarı ilə strukturu qeyri-həmcinsdir, qalınlaşıb, sağ bud-çanaq oynağının yaxınlaşdırıcı kəskin kontrakturası, neyropatik ağrılar, əzələ artetiyası, daimi ağrılar” İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan müəyyən edilir ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, ona “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə (MMSE-24).Yüngül koqnitiv pozuntu” diaqnozu qoyulmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində iddiaçıya “Üzvi (İ Qrabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Tərtər Rayon Mərkəzi xəstəxanasında müyinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Sağ budun qəlpə yarası. Kontuziya hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddia ərizəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar əlavə edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən iddiaçıya dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə göndərilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli göndərişə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Bakı 2 nömrəli X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişə əsasən xx.xx.2023-cü il tarixdə iddiaçı müayinə edilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbindən diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndərişə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçı müayinə edilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1540 saylı ekspert rəyinə əsasən iddiaçıda hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Qərardadda qoyulmuş digər sualların cavablandırılması onların səlahiyyətinə aid deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçıya xx.xx.2023-cü il tarixli tibbi göndərişdə qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə” diaqnozunun hal-hazırda onda müşahidə olunub-olunmaması, həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə uyğun olub-olmaması və həmin xəstəliklərin onda müşahidə olunduğu təqdirdə, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olubolmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəiklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd oluna “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. Həmin “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə” diaqnozu “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 2 il. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 2 il. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına dair ekspert rəyində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1540 saylı ekspert rəyində iddiaçıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)” müəyyən edilməsi bildirilmişdir. Lakin, ekspert rəyində həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə uyğun olub-olmaması və əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində ona 2-ci dərəcəli əlilliyin təyin edilməsini xahiş etmişdir. Şəxsə konkret əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi üçün onun sağlamlıq imkanlarının hansı faizdə pozulmasının müəyyən edilməsi zəruridir. Lakin, məhkəmənin istinad edə biləcəyi yeganə sübut olan ekspert rəyində iddiaçının sağlamlıq imkanlarının hansı dərəcədə pozulması, ümumiyyətlə iddiaçıdan aşkar edilmiş xəstəliyinin “Əlilliyin müəyyən edilməsi Meyarları”nda nəzərdə tutulmuş ağırlaşmalara səbəb olub-olmaması öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya təyin edilməli olan əlillik dərəcəsi (sağlamlığın pozulma dərəcəsi) məhkəmə qərarı ilə müəyyən edilə bilməz. Bu səbəbdən iddia qismən təmin edilməli, iddiaçıya əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əlillik dərəcəsi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6332/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6332/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver