Məhkəmə qərarları › İş №2-1(112)-6334/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6334/2021

30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6334/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması və ödənilməmiş ayların əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının bərpa olunması və 2020-ci ilin ödənilməmiş 6 ayının və 2021-ci ilin müvafiq aylarının əmək pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxs kimi 2019-cu il fevral ayından 2020-ci il may ayına qədər əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. 30 ildən çox müddətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər kateqoriyasına aid olan işdə işləmişdir. Lakin 2020-ci ilin may ayından pensiya kartı itdiyinə görə həmin kartı blok elətdirmişdir. Bundan sonra yeni kartın alınması üçün müvafiq olaraq Beynəlxalq Banka müraciət olunmuş, lakin kartın alınması üçün banka yox, Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməyi bildirmişlər. Dəfələrlə həmin idarə ilə əlaqə saxlanılmış, vətəndaş qəbulunun olmadığı bildirilmiş, ya da ki əlaqə nömrələrinə cavab verən olmamışdır. 31.12.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müvafiq ərizə ilə müraciət olunmuşdur. 2021-ci ilin yanvar ayında müraicətinə baxılaraq qeyd olunan problem aradan qaldırılmış, əmək pensiyasının alınması üçün yeni kart təqdim olunmuş, müvafiq olaraq 2020-ci ilin iyun ayının və 2021-ci ilin yanvar ayının (cəmi 2 ayın əmək pensiyası köçürülmüş, 2020-ci ildən 6 ayın əmək pensiyası köçürülməyib) əmək pensiyaları köçürülmüşdür. 2021-ci ilin fevral ayının əmək pensiyası köçürülməli olduğu zaman məlum olmuşdur ki, əmək pensiyası yenidən ona məlum olmayan səbəblərə görə köçürülməmişdir. Qeyd olunan məsələ ilə bağlı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunmuş, cavab olaraq bildirilmişdir ki, araşdırılma aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsi tərəfindən əmək pensiyasının alınması dayandırılmışdır. 04.03.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin Nazirliyin strukturunda olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yaranmış problemin və bürokratik əngəllərin aradan qaldırılması barədə müvafiq ərizə ilə müraciət olunmuşdur. Qeyd olunan müraciətə nazirlik tərəfindən cavab verilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən müraciətinə baxılmışdır. Cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırıldığı, əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırıldığı qeyd olunmuşdur. Qeyd olunan problemin həlli ilə bağlı məsələlərə inzibati orqan tərəfindən cavab məktubunda münasibət bildirilməmiş, əmək pensiyasının hansı əsaslarla dayandırıldığına dair məlumat verilməmiş, yalnız “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad olunmuşdur. Bundan sonra 4 saylı Dost Xidmət Mərkəzinə müraciət olunmuş, inzibati orqan tərəfindən araşdırmanın hansı əsas və meyarlara əsasən aparılmasını izah edə bilməmişdir. Həmçinin nazirlik tərəfindən araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra əmək pensiyasına baxılacağı qeyd edilmişdir. Bütün müraciətlərində qeyd etdiyi kimi hazırda 63 yaşı var və şəkər xəstəsi olan, ürək əməliyyatı keçirmiş adamdır. Müalicələri ilə əlaqədar və ailəsinin maddi rifahının təmin olunması üçün əmək pensiyasının alınmasına ehtiyacı vardır. İnzibati orqan tərəfindən 2020-ci ilin 6 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr) və 2021-ci il yanvar ayı istisna digər ayların əmək pensiyasını ala bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-6334/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Bugünədək araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Suraxanı rayonu ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(82)-5099/2017 saylı inzibati iş materialları məhkəməyə təqdim edilmişdir. Həmin inzibati işdən görünür ki: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək kitabçasına əsasən “Neftqaztikinti” trestinin idarələrində işlədiyi iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 01.04.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-492/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1878/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 492/2018 saylı iş üzrə 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 13.02.2019-cu il tarixli, **********0 nömrəli məktubundan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı pensiyanın təyin edilərək ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/18 saylı iş üzrə qərarı tərəflərindən icra olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin 07.06.2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 18.05.2015-ci il tarixli, 456 nömrəli qərarı ilə İddiaçı 01.04.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-6334/2021 nömrəli sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına əsas olan məlumatın müvafiq təsdiq olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim edilməsi tələb edilmiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08 oktyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işininin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi 04.02.2021-ci il tarixindən dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. İş materiallarına əlavə edilmiş Pensiya təyinatı alt sisteminin çıxarışından görünür ki, İddiaçı aylıq pensiya məbləği: 1971,0132 manat, keçmiş dövr məbləği: 1517,42 manat, ödəniş məbləği: 3488,4332 manat, sonuncu əməliyyat tarixi: 27.02.2021-ci il, Nazirliyin Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən dayandırılmışdır, dayandırılma tarixi: 04.02.2021-ci il. Pensiya təyinatı alt sisteminin çıxarışından görünür ki, 06.12.2019-cu il tarixdə cari dövr 1517,42 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3034,84 manat, 15.01.2020-ci il tarixdə cari dövr 1517,42 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3034,84 manat, 07.02.2020-ci il tarixdə cari dövr 1769,31 manat, keçmiş dövr 1769,31 manat, cəmi 3538,62 manat, 06.03.2020-ci il tarixdə cari dövr 1769,31 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3286,73 manat, 09.04.2020-ci il tarixdə cari dövr 1769,31 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3286,73 manat, 07.05.2020-ci il tarixdə cari dövr 1769,31 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3286,73 manat, 11.06.2020-ci il tarixdə cari dövr 1769,31 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3286,73 manat, 14.01.2021-ci il tarixdə cari dövr 1769,31 manat, keçmiş dövr 1517,42 manat, cəmi 3286,73 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X2 Əli Bəndəli oğluna ünvanladığı 12.03.2021-ci il tarixli, **********0 nömrəli güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Sizin əmək pensiyanızın bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Bugünədək araşdırmanın nəticəsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 18.05.2015-ci il tarixli, 456 nömrəli qərarı ilə 01.04.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı ilə iddiaçıya 01.04.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-492/2018 saylı, 24 aprel 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1878/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5099/18 saylı iş üzrə qərarı qanuni qüvvəsini almış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən icra olunmuşdur. İddiaçı təyin edilmiş əmək pensiyası ödənişi 04.02.2021-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə əlaqədar pensiya ödənişinin dayandırıldığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən hərkətlərinin qanunsuzluğunu iddia edir və pensiya ödənişinin bərpa edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın özünün 18.05.2015-ci il tarixli qərarla pensiya təyin etdikdən və məhkəmənin qanuni qüvvəsini almış qərarını icra edərək pensiyanı yenidən hesablayaraq müvafiq pensiya ödənişləri həyata keçirdikdən sonra pensiya ödənişini dayandırması artıq inzibati orqanın yeni faktiki və hüquqi əsasa söykənən hakimiyyət tədbiri hesab olunur ki, bu tədbirin (hərəkətin) qanuniliyinin mübahisələndirilməsi yalnız müstəqil inzibati iddia çərçivəsində mümkündür. Başqa sözlə, hazırkı iş üzrə cavabdehin pensiya ödənişlərini dayandırması müstəqil inzibati məhkəmə icraatının predmeti qismində çıxış edir və iddiaçının pensiya ödənişlərinin bərpası tələbi öhdəliyin icrası növündə iddia tələbinə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən normaların tələbləri işin faktiki halları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan 18.05.2015-ci il tarixli qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq 12.03.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 37-ci maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Hazırkı iş üzrə cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılmasının əsası kimi sözügedən Qanunun 37.8.3-cü maddəsinə istinad etsə də həmin maddəyə uyğun olaraq əmək pensiyasının dayandırılmasına əsas verən pensiyanın verilməsi şərtlərinə uyğun olmayan nə kimi halların müəyyən olunduğu, bu halların araşdırılması gedişində hansı tədbirlərin görüldüyü və yekun olaraq hansı nəticəyə gəlindiyi barədə nə iddiaçıya, nə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun pensiyanın dayandırılması məsələsinə baxılması ilə bağlı konkret müddətlə bağlı müddəa nəzərdə tutmaması inzibati orqana inzibati icraat qanunvericiliyində nəzərdə tutulmuş müddətlə bağlı tələbə riayət etməsi vəzifəsindən azad etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.2-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. -52.3-cü maddəsinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. -52.4-cü maddəsinə əsasən bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. -52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İşin hallarından görünür ki, cavabdeh orqan 04.02.2021-ci il tarixdən pensiya ödənişini dayandırmış, bundan sonra iddiaçının pensiya ödənişi ilə bağlı müraciətlərinə cavabında pensiya təyinatı zamanı əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun nazirlik tərəfindən yoxlanıldığını, araşdırmanın nəticəsi barədə müvafiq məlumatın daxil olacağı təqdirdə əmək pensiyasının bərpa edilməsi məsələsinə baxılacağını qeyd etmişdir. Həmçinin hazırkı iddia ərizəsi məhkəməyə təqdim edildiyi 04.05.2021-ci il tarixdən məhkəmə icraatı gedişində cavabdeh orqanın məhkəməyə təqdim etdiyi cavabda müvafiq araşdırmanın aparıldığı, araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişinin bərpa olunacağı qeyd edilmişdir. Beləliklə, cavabdeh pensiya ödənişini dayandırdığı 04.02.2021ci il tarixdən hazırkı məhkəmə qərarı qəbul edildiyi tarixədək pensiya təyinatının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı inzibati icraatı yekunlaşdırmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi inzibati orqanın inzibati icraatı ən geci 90 günün tamamında başa çatdırması tələb olunur. Məhkəmə qeyd edir ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqanın əsas gəlir (qazanc) mənbəyi pensiya olan əmək pensiyaçısını heç bir əsaslandırma olmadan qeyri-müəyyən müddətə bu hüquqdan məhrum etməsi qanuni hesab edilə bilməz. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, dinlənilmə hüququnu təmin etmədən, inzibati icraatın aparılma müddətini pozmaqla və tələb olunan yazılı şəkildə əsaslandırılmış inzibati akt qəbul etmədən sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadən faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçıya 2020-ci il üzrə cəmi 06 ay üzrə (yanvar, fevral, mart, aprel, may, iyun ayları) pensiya ödəmələri aparılmış, 2020-ci ilin sonrakı 06 ayı iyul-dekabr ayları üzrə pensiya ödənişi aparılmamışdır. Eyni zamanda 2021-ci il üzrə yalnız yanvar ayı üçün pensiya ödənilmiş, fevral 2021-ci ildən isə pensiya ödənişi dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iş üzrə pensiya ödənişinin dayandırıldığı 04.02.2021-ci il tarixdən bərpa edilməsi tələbi ilə yanaşı eyni əsasla ödənilməmiş 2020-ci ilin 06 ayı üzrə pensiya ödənişlərinin də ödənilməsini tələb etməkdə haqlıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 04.02.2021-ci il tarixdən ödənilməsinin bərpa edilməsi və 2020-ci ilin 06 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 04.02.2021-ci il tarixdən ödənilməsinin bərpa edilməsi və 2020-ci ilin 06 ayının (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar