Məhkəmə qərarları › İş №2-1(112)-6334/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6334/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6334/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X14 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının onun mərhum qardaşı X2 vərəsəsi olmağını nəzərə alaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqların mərhum qardaşı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum qardaşı X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum qardaşı X2 vərəsəsidir. Belə ki, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X15 576 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən o (İddiaçı) xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır. Bundan sonra tərəfindən mərhum X2 istifadəsində olmuş 2265v nömrəli bağ sahəsinin vərəsə olaraq mülkiyyət hüququnun əldə edilməsi üçün İdarəyə müraciət edilmişdir. İdarənin **********92 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən X2 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0, 04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X16 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 29758 nömrəli müqavilənin tərtib edildiyi, lakin müqavilənin icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilmədiyi göstərilmişdir. Bundan başqa 06 dekabr 2021-ci il tarixdə tərəflərindən İdarəyə ərizə ilə müraciət edilmişdir. İdarənin 17 yanvar 2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsi icarədar olan X2 istifadə və sahibliyində olmuşdur. Hazırda da vərəsəsi olaraq onun (İddiaçı) istifadəsindədir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-cı il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin arxiv məlumatlarında mövcud olan bağ sahəsinin ayrılmasına dair müqavilə icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Bundan başqa, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsidir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X23 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X24 tərəfindən məhkəməyə ünvanlanmış 576 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X6 xx.xx.2008-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun arvadı İddiaçı mərhumun varisi olması barədə məlumat verilir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “2265v” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, tərəflərindən bağ sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında mövcud olan bağ sahəsinin ayrılmasına dair müqavilə icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Bundan başqa, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsidir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubdan görünür ki, onun mərhum X9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 2265v saylı bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, X6 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi olan 2265v nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X13 və İstismarı Birliyi tərəfindən xx.xx.2001-ci il tarixli, 29758 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. - Cavabdeh tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0,22 ha torpaq sahəsi olan 2265 saylı bağ sahəsinin üzərində olan tikililərlə istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı idarəsi ilə Tağı Məmədəli oğlu arasında xx.xx.1985-ci il tarixli, 1752 saylı müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi hər biri 0,04 ha olmaqla ailə üzvlərinin adlarına keçirilmişdir. Belə ki, sözügedən bağ sahəsinin 0,04 ha hissəsinə dair 2265v saylı bağ sahəsi kimi X6 adına xx.xx.2001-ci il tarixli, 29785 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktuba əlavə edilmiş X13 və İstismarı Birliyi ilə X10 arasından bağlanmış 19 fevral 2001-ci il tarixli, 29758 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixə kimi X3 icarəyə verilmişdir. İcarə müqaviləsində tərəflərin imzası yoxdur. - Həmin məktuba əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, məh12/13, ev 14, mənzil 89-da yaşayan X17 Bakı Bağlar İdarəsinə xx.xx.2001-ci il tarixli ərizə ilə müraciət edərək mərhum atasının Mərdəkan sahəsində 2265 saylı bağ sahəsinin evli hissəsinin qardaşı X7, qalan hissəsinin 0,04 hektar olmaqla Telman Tağıyevin, Cabir Tağıyevin, Yaşar Tağıyevin və onun arasında bölünməsinə sərəncam verilməsini xahiş etmişdir. - İdarə tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2265 nömrəli bağ sahəsi üzrə arxiv qovluğunun materiallarında olan: - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Məmmədəli Tağı oğlu arasından bağlanmış 08 yanvar 1974-cü il tarixli, 1752 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə Mərdəkan qəsəbəsində yerləşən, 0.22 hektar torpaq sahəsi olan 2 otaqdan ibarət 28,10 kvm. yaşayış mənzili ilə 2265 nömrəli bağ sahəsini Məmmədəli Tağı oğluna icarəyə verilmişdir. - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Məmmədəli Tağı oğlu arasından bağlanmış 15 aprel 1985-ci il tarixli, 1752 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə Mərdəkan qəsəbəsində yerləşən, 0.22 hektar torpaq sahəsi olan 2 otaqdan ibarət 28,10 kvm. yaşayış mənzili ilə 2265 nömrəli bağ sahəsini 16 yanvar 1993-cü il tarixə kimi Məmmədəli Tağı oğluna icarəyə verilmişdir. - Bakı şəhəri Oruconikodze VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədəli Tağı oğlu 26 aprel 1985-ci ildə ölmüşdür. - X13 və İstismarı Birliyi ilə X18 arasından bağlanmış 19 fevral 2001-ci il tarixli, 1752 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi, 28,1 kvm. 2 otaqdan ibarət bina yerləşən 2265 nömrəli bağ sahəsi xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixə kimi X5 icarəyə verilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 1495/2019 saylı qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindən ibarət 2265 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçı X20 mərhum atası X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən X7 xüsusi mülkiyyətindədir. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu - X25r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən X20 xüsusi mülkiyyətindədir. - Mərdəkan ərazisindəki 1752 №-li müqavilə ilə 0,22 ha torpaq sahəsi olan 2265 №-li bağa dair arayışın surətindən görünür ki, bağın icarədarı Məmmədəli Tağı oğlu xx.xx.1985-ci il tarixdə vəfat etmiş, oğlu X18 xahiş edir ki, həmin bağı 0,04 ha özünün adına, qalan 0,04 ha oğlu X11, qalan 0,04 ha oğlu X6, qalan 0,04 ha oğlu X8, qalan 0,04 ha oğlu X12 adına keçirsinlər. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktuba əlavə edilmiş bağ sahələrinin bölünməsinə və yeni müqavilələr imzalanmasına darir Birliyin komissiya iclasının 19 fevral 2001-ci il tarixli, 03 №-li protokolundan görünür ki, icarədar Məmmədəli Tağı oğlu (2265 №-li bağ, sahə 0,22) vəfat edib. X1 0,04 ha torpaq hissəsi, X17 0,04 ha torpaq hissəsi, X19, 0,04 ha torpaq hissəsi, X22 0,04 ha torpaq hissəsi, X18 0,04 ha torpaq tikinti hissəsi ilə. Bu protokola 2 (iki) icarədar daxil edilmişdir (X18, X17). Yazılışın düzgün formasına bütün komissiya üzvləri imzaları və gerb möhürü ilə təsdiq edirlər. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən bağ sahəsi sənəd üzrə 400,0 kv.m olsa da, faktiki olaraq hasar daxilində 430,0 kv.m təşkil edir. Sözügedən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 2265v kimi göstərilən faktiki sahə Xəzəl rayonu, Mərdəkan bağ massivində yerləşən, sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2265 nömrəli bağ sahəsi və həmin bağda olan sahəsi 28,1 kvm olan 2 otaqdan ibarət mənzil bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə əsasən Məmmədəli Tağı oğlunun icarəsinə verilmişdir. Məmmədəli Tağı oğlu 26 aprel 1985-ci ildə ölmüşdür. Bundan sonra Məmmədəli Tağı oğlunun uşaqları X13 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək atalarından qalan, sahəsi 0,22 hektar olan 2265 nömrəli bağ sahəsinə dair X21 ilə 0,04 hektar hissəsi, X17 ilə 0,04 hektar hissəsi, X19 ilə 0,04 hektar hissəsi, X22 ilə 0,04 hektar hissəsi və X18 ilə 0,04 hektar hissəsi və 28,1 kvm. yaşayış evindən ibarət hissəsi ilə müqavilə bağlanmasını xahiş etmişlər. X18 ilə X13 və İstismarı Birliyi arasında 2265 nömrəli bağ sahəsinə dair, X17 ilə X13 və İstismarı Birliyi arasında 2265V nömrəli bağ sahəsinə dair bağlanmış icarə müqavilələri cavabdeh İdarənin arxivində mövcuddur. X7 2265 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qanunu qüvvəyə minmiş məhkəmə qərarı əsasında qeydə alınmışdır. X17 isə xx.xx.2008-ci il tarixdə vəfat etdiyindən 2265V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. X6 vərəsəsi, hazırki iş üzrə iddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən X6 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0,04 hektar torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X13 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2001ci il tarixli, 29758 nömrəli müqavilənin icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməməsi, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin sxematik xəritə ilə 2265 saylı bağın bir hissəsi olması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan səbəblər çıxarışın verilməsinə münasibətdə imtina olaraq göstərilsə də, bu mahiyyət etibarilə arayışın verilməsindən də imtina kimi qəbul olunmalıdır. Belə ki, arayışın verilməsi də şəxsin mülkiyyət hüquqlarının təsdiqi mənasını daşıdığından, şəxs qeyd olunan arayışı aldıqdan sonra mülkiyyət hüquqları təsdiqlənmiş olduğu üçün daha sonra müraciət edərək, çıxarış ala bilər. Bu səbəbdən də imtinanın dəlilləri həmçinin arayışın verilməsinə münasibətdə də eynilik təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, X9 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.04 hektar torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X13 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2001ci il tarixli, 29758 nömrəli müqavilənin icarədar və səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməməsi hüquqların qeydinə mane olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, işin araşdırılmış hallarından göründüyü kimi mübahisə predmeti olan 2265V nömrəli bağ sahəsi X6 atası Məmmədəli Tağı oğlunun icarəsinə verilmiş 2265 nömrəli bağ sahəsinin bir hissəsidir və sonuncunun ölümündən sonra 2001-ci ildə sahəsi 0,22 ha. olan 2265 nömrəli bağ sahəsi övladlarının müraciətinə əsasən hər birinə 0,04 ha. olmaqla bölünmüşdür. Eyni zamanda Birliyin komissiya iclasının 19 fevral 2001-ci il tarixli, 03 №-li protokolu ilə 2265V nömrəli bağ sahəsinə dair X17 ilə icarə müqaviləsinin bağlanması təsdiq edilmişdir. Belə olan halda X17 və digərlər aidiyyəti şəxslər atalarına məxsus olmuş bağ sahəsinin bölünməsi ilə əlaqədar müvafiq ərizə ilə X13 və İstismarı Birliyinə müraciət etdiyindən, eləcə də həmin qurumun arxiv saxlayıcısı kimi hazırki cavabdeh inzibati orqanda saxlanılan sənədlərdə imzalanmamış müqavilənin mövcudluğu belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən həmin müqavilə bağlanmış hesab edilməlidir. Bundan əlavə məhkəmə araşdırılması zamanı mübahisə predmeti olan 2265V nömrəli bağ sahəsinin mərhum X6, hazırda isə iddiaçının faktiki istifadəsində olması, hər hansı şəxslərin maraqlarına və hüquqlarına toxunan halların mövcud olmaması müəyyən edilmişdir. Belə olan halda mərhum X17 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının vərəsəsi olduğu şəxsin qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ" mövcud olmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, habelə İddiaçı mərhum X6 vərəsəsi olduğundan, vəfat etmiş şəxs həmin bağ sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və müvafiq bağ sahəsinin qanuni istifadəçisi kimi o həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi olan 2265V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar