Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6337/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovnanın, cavabdehin nümayəndəsi X1, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Maraqlı şəxs2 iştirakı ilə iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Maraqlı şəxs2 cəlb olunmaqla) «qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovna cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi»tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, Bakı şəhəri, Ramanı kəndi, Südçülük Sovxozu, E.Məhərrəmli küçəsi, dalan 7, ev 2, mənzil 24 ünvanında yaşayır. O, 2020-ci ildə taleyini Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 ilə bağlamağı qərara almış və bu məqsədlə onun yanına gəlmişdir. Onların nikahı 2 iyul 2022-ci il tarixdə Bakı şəhəri ASAN Xidmət Mərkəzi tərəfindən qeydə alınmışdır. Lakin bu evlilikdən övladları yoxdur. İddiaçı yuxarıda qeyd olunan ünvanda məskunlaşmışdır, əri ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır. İddiaçı qanunvericiliyə uyğun olaraq, 9 sentyabr 2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş və ərizəsində ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdehin 6 oktyabr 2022-ci il tarixli ******* saylı qərarı ilə ərizəsi təmin edilməmişdir. Cavabdeh qərarını belə əsaslandırmışdır ki, icraat nəticəsində təqdim olunmuş sənədlər əsasında guya onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə nikaha daxil olduğu müəyyən edilmişdir. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsini rəhbər tutaraq, onun ərizəsinin təmin olunmaması barədə qərar çıxarmışdır. O, qərara əsasən 10 gün müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Dəlillərə deyil, ehtimallara əsaslanmaqla qəbul edilmiş bu qərar əsassız hesab olunur. Cavabdeh inzibati orqanla (nümayəndələri) ilə ilk gündən ünsiyyətdə iddiaçının ailəsinə qarşı qərəzli münasibət müşahidə olunurdu. Cavabdeh ona müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edərkən, qanuna yox, onun ailəsinə bəyan edilən “mentalitet”lə bağlı münasibətə əsaslanmışdır. 4 oktyabr 2022-ci il tarixdə iddiaçının əri ilə söhbət zamanı Azərbaycan Respublikasından deportasiya edilməsi hədəsi ifadə olunmuşdur. Bu hədə nəticəsində iddiaçının əri cavabdehin nümayəndəsinin diktəsi ilə izahat yazmağa məcbur olmuşdur, özü tam başa düşmürdü. Sonradan cavabdeh orqan bu yazılı sənəddən icazədən imtina barədə qərarı qəbul edərkən istifadə etmişdir. İddiaçının əri keçmiş arvadı ilə əlaqə saxlayır, ona baş çəkir, orada gecələyir. İddiaçı ilə evliliyi barədə ərinin keçmiş ailəsi məlumatlı deyil, bu onun sağlamlıq problemlərinin kəskinləşməməsi naminədir. İddiaçı ərizə ilə cavabdeh orqana əməkdaşların qeyri-adekvat davranışı ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. 7 oktyabr 2022-ci il tarixdə ASAN Xidmət Mərkəzində iddiaçıya və ərinə bildirilmişdir ki, cavabdeh onun Azərbaycan Respublikasında müvəqqəti yaşayış üçün icazə verilməsi ilə bağlı müraciətini səbəb göstərmədən rədd etmişdir. Qanuna görə cavabdeh ona poçt vasitəsilə qərarı və səbəbləri ilə bağlı rəsmi cavabı göndərməli idi. Amma iddiaçı ondan asılı olmayan səbəblərdən bu məktubu almamışdır. Cavabdeh qeyri-dəqiq ünvan göstərmiş, nəticədə bu məktub cavabdehə qaytarılmış və iki ay saxlanılmışdır. Bu müddət ərzində ərzində cavabdeh iddiaçı və onun əri ilə əlaqə (o cümlədən telefon vasitsilə) saxlamamış, bu da cavabdehin öz xidməti vəzifəsinə münasibətindən xəbər verir. 19 dekabr 2022-ci il tarixdə cavabdeh orqandan iddiaçıya və ərinə telefon vasitəsilə əlaqə saxlanılmış, cərimə tətbiq olunacağı və departasiya ediləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı yenidın cavabdeh orana müraciət etmişdir. Bu günədək ona cavab verilməmişdir. Bu da «Vətəndaşların müraciətləri haqqında» Qanunun müddəalarının pozulmasıdır. 30 dekabr 2022-ci il tarixdə cavabdehin nümayəndələri ondan cərimənin ödənilməsini və Azərbaycan Respublikasının ərazisini tərk etməyi tələb etmişlər, əks halda deportasiya olunacağını bildirmişlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 21, 45-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun və İPM-in müddəalarına əsaslanaraq, cavabdehin 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilərək, iddiaçıya müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilir ki, hazırkı iddiaçı Rusiya Federasiyasının vətəndaşı İddiaçı iddiasına etiraz olunur və hesab edilir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 9 sentyabr 2023-cü il tarixdə cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və ona müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edilməsi haqqında 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab olunur ki, cavabdeh iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, o, Azərbaycan Respublikasının vətəndaşı ilə nikah əsasında müvəqqəti yaşama icazəsi almışdır. Qeyd olunmalıdır ki, nikahın məqsədli olub-olmaması ilə bağlı müvafiq araşdırmaların aparılması zamanı Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 izahatı alınmışdır. Araşdırma zamanı, o özü də etiraf edərək nikahlarının məqsədli olduğunu və İddiaçı müvəqqəti yaşamaq üçün icazə almaq üçün belə qərara gəldiklərini, birinci ailəsinin bu evlilikdən xəbəri olmadıqlarını bildirmişdir. Maraqlı şəxs2 izahatında qeyd etdiyi məsələlər İddiaçı tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. İşin hallarından da görünür ki, iddiaçı ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə məqsədli şəkildə nikaha daxil olmuşdur. Beləliklə, onun barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmənin qərardadı ilə Maraqlı şəxs2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovna iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Dövlət Miqrasiya Xidmətində araşdırma zamanı verdiyi ifadə nümayəndənin diktəsi ilə yazılmışdır, tərcüməçi orada iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, inzibati icraatda araşdırma zamanı Maraqlı şəxs2 izahatında iddiaçı ilə aralarındakı nikahın müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə bağlandığını etiraf etmişdir. Maraqlı şəxs2 araşdırma zamanı tərcüməçinin cəlbinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Maraqlı şəxs2 iddianın əsaslı olduğunu bildirdi və təmin olunmasını məhkəmdən xahiş etdi. O, qeyd etdi ki, Alieva (Əliyeva) Alla Aleksandrovna ilə ailə qurmuş, nikaha daxil olmuşdur. Dövlət Miqrasiya Xidmətində izahat verərkən tərcüməçi olmadığından verdiyi ifadələrin mənasını tam dərk etməmişdir, həmin yazını özü yazsa da, Xidmətin nümayəndəsinin diktəsi ilə tərtib olunmuşdur. Nümayəndə ona belə səpgidə yazı üzrə arvadının deportasiya olunmayacağını söyləmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Alieva (Əliyeva) X2 Federasiyasının vətəndaşıdır. Onunla Azərbaycan Respublikası vətəndaşı Maraqlı şəxs2 arasında bağlanmış nikah 2 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Bundan sonra iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə məsələnin həllindən imtina etmiş və imtinasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə nikaha daxil olduğu müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Aərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): - (45.1.5) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: - (50.1.2) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10 – 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 27-ci maddəsinə əsasən inzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi kişi ilə qadının hər ikisinin və ya birinin ailə qurmaq niyyəti olmadığı halda bağlanmış nikahı saxta nikah kimi etibarsız tanısa da, bu nikahın etibarsızlığının müəyyən edilməsini yalnız məhkəmə qaydasında mümkün sayır. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtinasının əsası kimi təqdim etdiyi dəlili də məhz qurumun iddiaçının əcnəbi vətəndaş kimi həmin icazəni almaq məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmasını müəyyən etməsidir. Lakin iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovna ilə Azərbaycan Respublikası vətəndaşı Maraqlı şəxs2 arasında 2 iyul 2022-ci il tarixdə qeydə alınmış nikahın etibarsızlığı inzibati orqanın mülahizəsi ilə qiymətləndirilə bilməz, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan həmin nikahın etibarsızlığı sübut olunmur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi konkret müəyyən edilsə də, hazırkı cavabdeh inzibati orqan bu şəxslərin sırasına aid edilməmişdir. Məhkəmə cavabdehin inzibati orqanın imtina barədə qərarında tətbiq (istinad) etdiyi normaya (AR Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsi) münasibətdə qeyd edir ki, həmin müddəada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi hallardan biri kimi icazə almaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim olunması da əks olunsa da, hazırkı iş üzrə cavabdeh orqanın dəlili bu normada təsbit olunmuş “yalan məlumat”la uzlaşa bilməz. Rəsmi sənədlərdə, o cümlədən nikah akt qeydində, inzibati aktda əksini tapan məlumatlara münasibətdə “yalan məlumat” kriteriyası ilə yanaşma adekvat deyil, bu sənədlərdə əks olunanlar, yalnız saxtalığı sübut olunmaqla qeyri-mötəbər sayıla bilər. Belə sənədlər istisna olmaqla, şəxsin digər sənədlərdə (o cümlədən, ləğvi və etibarsızlığı ayrıca icraat, qayda tələb etməyən aktlarda) və şifahi izahatında təqdim etdiyi məlumatlar müvafiq hallarda “yalan məlumat” qismində qiymətləndirilə bilər. Nə qədər ki, iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovna ilə Azərbaycan Respublikası vətəndaşı Maraqlı şəxs2 arasında 2 iyul 2022-ci il tarixdə qeydə alınmış nikah məhkəmə qaydasında etibarsız sayılmamışdır, iddiaçının təqdim etdiyi 2 iyul 2022-ci il tarixli “nikah haqqında şəhadətnamə”yə münasibətdə yeganə sübut kimi Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsində nəzərdə tutulan hallar mövcud qiymətləndirilmir (hətta şəxsin inzibati icraat verdiyi izahatın məzmunundan da asılı olmayaraq). Bunun əksinə olaraq, həmin şəhadətnamə iddiaçının Azərbaycan Respublikasının ərazisində ailə üzvü (əri) olduğundan, ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməlidir. Cavabdeh inzibati orqanın apardığı inzibati icraatda iddiaçının və onun ərinin izahatlarında aralarındakı nikahın məqsədli bağlanmasını etiraf etməsinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, inzibati orqan həmin icraatda tərcüməçinin iştirakını təmin etməmişdir. Halbuki, hazırkı məhkəmə icraatı üzrə iclasda iddiaçı və üçüncü şəxs tərcüməçinin xidmətindən istifadə etmişlər və «İnzibati icraat haqqında» Qanunun 27-ci maddəsinə görə inzibati orqan da onların iştirakı ilə inzibati icraat apararkən adekvar tədbir görməli idi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı qəbul edərkən formal mülahizələrə əsaslanmış və Azərbaycan Respublikası Miqrasiya Məclləsinin 2-ci maddəsində təsbit edilmiş prinsipləri, eləcə də həmin Məcəllənin 48, 50-ci maddələrinin və «İnzibati icraat haqqında» Qanunun 24, 15, 19, 58.1-ci maddələrinin tələblərini gözləməmişdir. Odur ki, cavabdehin 6 oktyabr 2022-ci il tarixli həmin qərarı qanuna zidd sayılmalı və həmin qərarla iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovnaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilməli və iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovnaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 6 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iddiaçı Alieva (Əliyeva) Alla Aleksandrovnaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6337/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6337/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver