Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6337/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X1 nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əzibəyov Rayon İH-nin xx.xx.1993-cü il tarixdə 629/221 saylı sərəncamı ilə ayrılan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı daha sonra ərizə təqdim edərək Əzibəyov Rayon İH-nin xx.xx.1993-cü il tarixdə 629/221 saylı sərəncamı ilə ayrılan 1200 kv.m torpaq sahəsinin faktiki ölçüsünün 1188 kv.m olduğunu nəzərə alaraq 1188 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Əzibəyov Rayon İH-nin xx.xx.1993-cü il tarixdə 629/221 saylı sərəncamı ilə Vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmasına dair sərəncamdan göründüyü kimi İddiaçı Zeynaləbdin qızına torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Xəzər İcra Hakimiyyəti İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi Əzizbəyov Rayon İcra Flakimiyyətinin sərəncamı ilə Zirə qəsəbəsinin vətəndaşı İddiaçı Zeynaləbdin qızına ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin ksere surəti təqdim olunmuşdur. Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair imtina edilməsi barədə bildirişdə səbəb olaraq sənədlərin hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmaması qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, ərizəyə sənədlərin hər birinin arxivi əlavə olunmuşdur. Belə olan halda imtinanın verilməsi mülkiyyət hüququnun məhtudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı pozulmuş hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-cü il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Zirə Südçülük- Tərəvəzçilik sovxozunun ərazisində yerləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SiyahısT’nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, , İddiaçı Əzizbəyov rayon İH-nin xx.xx.1993-cü il tarixdə 629/221 saylı sərəncamı ilə İddiaçı ayrılan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 216 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş və xx.xx.2021- ci il tarixli,**********30 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli, **********72 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisidir və Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, göstərilən torpaq sahəsinin ayrılması həmin zaman Bakı Şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri xaricində olmuşdur. Bundan başqa, xx.xx.2024cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki 1188 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
6. Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşa fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/221 nömrəli Sərəncamına əsasən mənzil növbəsində olmayan, lakin ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan İddiaçı Zirə qəsəbəsində 216 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 118,3 kv.m yaşayış sahəsi 66 kv.m olan təsdiq edilmiş 145-000- 129 tipli layihə əsasında evin tikintisi aparılması qərara alınmışdır.
7. Əzizbəyov Rayon İHB-nın 629/221 saylı xx.xx.1993-cü il tarixli Sərəncamı əsasında Zirə qəsəbəsində İddiaçı ayrılmış 216 saylı sahənin cizgisi və xəritədən çıxarış iş materiallarına əlavə olunmuşdur.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
18. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər-hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
20. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
24. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşa fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/221 nömrəli Sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsində 216 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Əzizbəyov Rayon İHB-nın 629/221 saylı xx.xx.1993-cü il tarixli Sərəncamı əsasında Zirə qəsəbəsində İddiaçı ayrılmış 216 saylı sahənin cizgisi və xəritədən çıxarış iş materiallarına əlavə olunmuşdur. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır.
27. Məhkəmə nəzərə alır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi iddiaçıya ayrılmış, həmin Zirə qəsəbəsində yerləşən 216 nömrəli torpaq sahəsinin yerləşmə sxemi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır. Torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.
28. Məhkəmə hesab edir ki Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşa fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/221 nömrəli Sərəncamına 216 nömrəli torpaq sahəsinin cızgisi və xəritədən çıxarış ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X9 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
29. Cavabdeh imtinanın dəlili olaraq qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m göstərilsə də, faktiki 1188 kv.m təşkil etdiyi məlum olmuşdur.
30. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m kimi qeyd olunsa da, torpaq sahəsinin faktiki ölçüsü 1188 kv.m təşkil etdiyindən İddiaçı faktiki mövcud olan 1188 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir.
31. Məhkəmə qeyd edir ki, cavabdeh imtinanın digər əsası olaraq mübahisələndirilən torpaq sahəsi Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisi olduğunu, Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissədə yerləşdiyini və torpaq sahəsinin ayrılmasının həmin zaman Bakı Şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri xaricində olduğunu bildirsə də, bu faktları təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissədə yerləşdiyi təqdirdə, yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyətinin olmamasına dair dəlil aydın deyil.
32. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
33. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Əzizbəyov (hazırda Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşa fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/221 nömrəli Sərəncamına əsasən ayrılmış Zirə qəsəbəsində yerləşən 216 nömrəli 1188 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva