Məhkəmə qərarları › İş №2-1(112)-6339/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6339/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6339/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57 yaşının tamam olduğu 13 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. 07.02.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 13.11.2020-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan hazıra kimi dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, ona 13.11.2020-ci il tarixdən, 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. Əmək pensiyanın 57 yaşdan, 13.11.2020 il tarixdən təyin olunması və pensiya məbləğinin hesablanaraq ona ödənilməsi barədə orqana rəsmi müraciət etmiş və həmin təşkilatdan ona ünvanlanmış cavab məktubunda qanunsuz olaraq göstərilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində,həmçinin əmək şəraiti xüsusilə zərərli olan işlərdə (istehsalatların,peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 7 fevral 1985-ci il tarixli NT-1 ******* nömrəli əmək kitabçasının surətində və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 4 ay 10 gün) təşkil edir. Cavabdeh tərəfindən verilmiş imtina məktubu qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçının 01.01.2006-cı ilədək ümumi iş stajı 24 il 04 ay 10 gündür. “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan mətni iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla onun 57 yaşı 13 noyabr 2020-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. Həmçinin qeyd edilən tarixə iddiaçı, ona güzəştli pensiya hüququnu verən peşələrdə işləməmişdir. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla onun 57 yaşı 13 noyabr 2020-ci ildə tamam olmuşdur və hal-hazırda qanunla müəyyən edilmiş 60 yaşı tamam olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1963-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır; ET №039933 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə SSR Dəniz Donanması Nazirliyinin Bakı Dəniz Yolları Məktəbinə qəbul edilmiş və 26 dekabr 1984-cü ildə həmin məktəbi bitirmişdir; Azərbaycan Dövlət Dəniz Akademiyasının 24 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 1981-1984-cü illərdə Bakı Dəniz Yolları Məktəbində əyani formada təhsil almışdır; "xxxx" QSC X7 Donanmasının EN01/02-374 nömrəli 17 noyabr 2020-ci il tarixli arxiv arayışına əsasən, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 07.02.1985-ci il tarixində X7 Donanmasının “Vodoley-4” gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. O, Donanmanın “B.K.Babazadə”, “A.Kortunov”, “Bunkerovşik-7”, “Şirvan-3”, “Atlet-5” gəmisinə kapitanın 2-ci, 3-cü böyük köməkçisi və 04.06.1991-ci ildən d/e “Şirvan- 3” gəmisində kapitan vəzifəsində işləmişdir. 01.12.1997-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 № qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod.: 23003010 ) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X7 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X5 yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır; "xxxx" QSC-nin 04.11.2020-ci il tarixli 581 nömrəli arayışına əsasən, X4 “Azəraeronaviqasiya” müəssisəsində və “Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində Hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində, ən böyük intensivli bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirir: 15.04.1998-ci il tarixdən 15.04.1998-ci il tarixli 31/ş saylı əmr 03.11.2020-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 mvar tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 21.3 mad. müvafiq olaraq pensiya hüququ verən Hava hərəkəti idarə edilməsi dispetçeri və rayon uçuşlar rəhbəri vəzifəsində iş stajı təşkil edir: 22 il 06 ay 18 gün; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 aprel 2021-ci il tarixli ********** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının 07 fevral 1985-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabaçısının surətində və ona əlavə edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 ay 10 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, 1985-ci il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi ilə bağlıdır. Belə ki, məhkəmə iş materiallarında olan sənədləri, o cümlədən əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək, iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 01.09.1981-26.12.1984-cü illlərdə Bakı Dəniz Yolları Məktəbində əyani təhsil (3 il 3 ay 26 gün); - 07.02.1985-03.06.1991-ci illərdə gəmi kapitanının 3-cü köməkçisi, 2-ci köməkçisi vəzifələri (6 il 3 ay 25 gün) - 04.06.1991—01.12.1997-ci illərdə kapitan vəzifəsində (6 il 5 ay 28 gün); - 08.12.1997-hal-hazıradək “Azəraeronaviqasiya” müəssisəsində ("xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində) operator, dispetçer vəzifələri ( 01.01.2006-cı il tarixədək 8 il 24 gün) Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Belə ki, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az olmaqla 24 il 2 ay 13 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Belə olan halda, iddiaçının güzəştli iş staj ilə bağlı şərtin yerinə yetirilib-yetirilməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə etirazın dəlilləri ilə razılaşaraq, həmçinin vurğulayır ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlü olmaqla 57 yaşı 13 noyabr 2020-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi də tətbiq edilə bilməz. Belə ki, iddiaçının qanunla müəyyən edilmiş 60 yaşı tamam olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar