Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-634/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında düzəlişin edilməsi və pul təminatının tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 16.11.2018-ci il tarixli 1000/1957ş nömrəli Əmrinin ləğv edilməsi və İddiaçı öz xahişi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işdən azad edilmə barədə ərizəsi nəzərə alınaraq əmək kitabçasında “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 120.1ci maddəsi ilə xitam verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 100.000 manat məbləğində pul təzminatının tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirmələri barədə ərizələr icraata qəbul edilmiş, bir sıra prosessual hərəkətlər həyata keçirildikdən sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası 13 mart 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş edərək yazılı izahatında bildirmişdir ki, iddiaçının hazırki mərhələdə mübahisələndirdiyi əmr 2018-ci il tarixə aiddir. İddiaçı həmin əmrin mövcudluğundan xəbərdar olduğu halda, əmri mübahisələndirməyək, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarında olan 1000/1957Ş saylı, 16 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədrinin Əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini köbud şəkildə pozduğuna görə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun inspektoru, gömrük xidməti leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında “ Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi; İddiaçı ilə informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqavilənin dayandırılması, elektron imza sertifikatının ləğv edilmiş hesab edilməsi və ona məxsus olan elektron imza kartının balansdan silinməsi əmr edilmişdir. İş materiallarında olan 24 may 2019-cü il tarixli, 1000-190/190-26/011479 saylı məktubdan görünür ki, İddiaçı 21 may 2019-cu il tarixli, 26/B1/019336 qeydiyyat nömrəli ərizəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən baxılmış və ona cavab olaraq bildirilmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun 26 oktyabr 2018-ci il tarixli 1700-011/001-25/001248 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X4”nin 3.3.4-cü yarımbəndinin və 3.12-ci bəndinin tələblərinə əməl etməyərək, orqana məlumat vermədən ölkə ərazisini 14 gün müddətinə tərk etmiş, məlumatlandırılmağınıza baxmayaraq barəsində aparılan xidməti araşdırmada iştirak etməmiş, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuş, bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 noyabr 2018-ci il tarixli 1000/1957ş nömrəli əmri ilə gömrük orqanlarından xaric edilmiş və gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçı 24.05.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 noyabr 2018-ci il tarixli 1000/1957ş nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən gömrük orqanlarından xaric edildiyini və gömrük orqanlarında xidmətinə xitam verildiyini bildiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir:
1. 16 noyabr 2018-ci əmrinin ləğv edilməsi;
2. pul təzminatının verilməsi. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16.11.2018-ci il tarixli əmrini 21.11.2019-cu il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilən əmr 2019-cu il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilən əmrin mövcudluğundan 24 may 2019-cu il tarixdən, yəni iddiaçıya məktub təqdim olduğu zaman xəbərdar olmuşdurlar. Belə ki, həmin məktubun məzmunundan da aydın olur ki, iddiaçının ərizəsinə baxılmış və ona rəsmi olaraq bildirilmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 noyabr 2018-ci il tarixli 1000/1957ş nömrəli əmri ilə gömrük orqanlarından xaric edilmiş və gömrük orqanlarında xidmətinə xitam verilmişdir.. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 noyabr 2018-ci il tarixli 1000/1957ş nömrəli əmrdən ən geci 24 may 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin əmri barədə hələ 2019-cü ildə, iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Məhkəmə iddiaçının pul təzminatının ödənilməsi ilə bağlı hissəyə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin olunmamalıdır. Hazırki mərhələdə iddiaçının irəli sürdüyü pul təzminatı ilə bağlı hissənin baxılmasının mümkün olmaması səbəbi odur ki, iddiaçının gömrük orqanlarından xaric edilmə və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr hazırki iddia ilə mübahisələndirilmiş və məhkəmənin mövqeyinə əsasən həmin hissəyə baxılması mümkünsüz sayılmışdır. Məhkəmənin iddiaçının pul təzminatı ilə bağlı hissəsinə baxılması, yalnız həmin əmr üzrə mübahisə yekunlaşdığı təqdirdə mümkündür. Odur ki, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə