Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6348/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli 822 nömrəli qərarda aldığı travmanın və yaralanmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ilin may ayından, 1991-ci ilin iyun ayınadək keçmiş Sovet Ordusunda xidmət etmişdir. 1992-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov RHK-ı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılaraq Perekeşkül qəsəbəsindəki N nömrəli hərbi hissəyə göndərilmişdir. Təxminən 4 aya yaxın orada təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilmiş və xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N və N nömrəli hərbi hissələrində hərbi xidmətdə olmuşdur. 24 oktyabr 1993-cü il tarixdə Zəngilan uğrunda gedən döyüşlərdə düşmənin atdığı mərminin partlaması nəticəsində sağ qolundan və çiynindən xəsarət alaraq əvvəlcə N nömrəli hərbi hissənin tibb bölüyünə, oradan isə Bakıya hərbi hospitala təxliyə olunmuşdur. Müalicəsi başa çatdıqdan sonra yenidən cəbhəyə qayıdaraq N nömrəli hərbi hissənin tərkibində ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə Kəlbəcər uğrunda gedən döyüşlərdə sol sağrı nahiyəsindən güllə yarası alaraq Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Hospitalda uzun müddət müalicələrdə olmuşdur. MN MHHK-nın xx.xx.2022-ci il tarixli 822 nömrəli qərarı ilə “Sağ bazunun çıxığından sonrakı vəziyyət” diaqnozu ilə olan travmamın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, “Sol sağrı nahiyyəsinin yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi isə “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin etmişdir. Halbuki, iddiaçı həmin travma və yaralanmanı atəşkəsdən əvvəl, birbaşa döyüş bölgəsində düşmənlə üz-üzə döyüşərkən almışdır. İddiaçı aldığı xəsarətlərlə əlaqədar halhazırda müddətsiz ikinci qrup əlildir. Himayəsində olan 2008-ci il təvəlüdlü oğlu Rzayev Rəşad əqli və psixi cəhətdən anadangəlmə xəstə və ömürlük əlildir. Ona həmişəlik olaraq qulluq və müalicə tələb olunur. Lakin aldığı cüzi pensiya ilə bunu təmin edə bilmir və çox böyük maddi sıxıntı çəkir. Ona görə də, iddiaçı aldığı travmaların hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi üçün SHXÇDX-nın Bakı şəhəri Nərimanov rayon idarəsi vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktubla MN MHHK-nın müraciət etmişdir. Lakin MN MHHK-sı xx.xx.2024-cü il tarixli 93 nömrəli məktubla, heç bir səbəb göstərmədən iddiaçıya imtina cavabı vermişdir. İddiaçı MN MHHK-nın imtina cavabını tam ədalətsiz və qanunsuz hesab edir. Bildirir ki, o, travmanı atəşkəsdən sonra yox, atəşkəsdən əvvəl, yəni ermənilərlə aktiv döyüş əməliyyatları aparılan dövrdə və birbaşa döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirərkən almışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı iddia ərizəsində döyüş bölgəsində xidmət edərkən xx.xx.1993-cü il tarixdə və xx.xx.1994-cü il tarixdə aldığı xəsarətlərin səbəb əlaqəsinin "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1-ci bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbı-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Rospublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02 2008ci il tarixli 59 saylı qararı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbı-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3cü maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Abşeron RHK-sı tərəfindən 1992-cı ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onda xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin olunmuş "Sağ bazunun çıxığından sonrakı vəziyyət" diaqnozları ilə olan travmanın səbəb əlaqəsi "HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müalicə olunduğu “Sol sağrı nahiyəsinin yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması" diaqnozu və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı onda təyin olunmuş "Sol sağrı nahiyəsinin yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması nəticəsində bərkiməmiş dəri çapığı (xx.xx.1994) yaralarının birincili cərrahi işlənməsi” diaqnozun olan xəsarətlərin səbəb əlaqəsi “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. MN Mərkəzi Hərbi Poliklinikasının İddiaçı şəhadətləndirilməsinə dair xx.xx.1993-cü il tarixli 4341 nömrəli arayışda “Sağ bazunun çıxığından sonrakı vəziyyət" diaqnozu ilə olan travmanın səbəb əlaqəsi "HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏTİ VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi təyin edilmişdir. MN Mərkəzi Hərbi Hospitalının İddiaçı şəhadətləndirilməsinə dair xx.xx.1994-cü il tarixli 462 nömrəli arayışında isə “Sol sağrı nahiyəsinin yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması nəticəsində bərkiməmiş dəri çapığı (xx.xx.1994) yaralarının birincili cərrahi işlənməsi" diaqnozları ilə olan xəsarətlərin səbəb əlaqəsi isə yaralanmanın hansı şəraitdə baş verdiyini təsdiq edən sənəd olmadığından "YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR" kimi təyin edilmişdir. MN MHHK-sı İddiaçı yaralanmalarına dair xx.xx.2022-ci il tarixli qərarı çıxaran MN Mərkəzi Hərbi Poliklinikasının və MN Mərkəzi Hərbi Hospitalının İddiaçı şəhadətləndirilməsinə dair sənədlərinə əsaslanmışdır. İddiaçı yaralandığı vaxtdan uzun müddət keçdiyinə gorə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış . Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir. O, həmin qərardan məlumatlı olsa da, mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkünlük məsələsinə qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin qeyd etdi ki, qərar iddiaçıya elə həmin tarixdə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Belə ki, işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona münasibətdə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 822 №-li, xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Yaralanmadır hərbi xidmət dövründə alınmışdır» qərarının «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi dəyişdirilməsini tələb edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisələndirdiyi qərarın ona qəbul edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən məlum olmasını inkar etməmişdir. Bununla belə, o, indiki tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş və hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edən inzibati aktın qəbul edilməsindən təkzibedilməz şəkildə məlumatlı olduğu halda məhkəmədə 1 il 2 ay 14 gün (bir il iki ay on dörd gün) sonra iddia irəli sürmüşdür. İPM-in 38.1-ci maddəsi isə şəxsə inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. Belə ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın iddia müddətinin ötürülməsi ilə bağlı mümkün sayılmadığını və mahiyyətcə hər hansı dəyişiklik olmayacağını nəzərə alaraq irəli sürülmüş tələbdə yol verilmiş formal xətaların aradan qaldırılması ilə bağlı hüquqi yardım göstərilməsinə zərurət görmür. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6348/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6348/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver