Məhkəmə qərarları › İş №2-1(112)-6349/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6349/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6349/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 mart 1999-cu il tarixli 466 Ş/H nömrəli Əmrinin ləğv edilməsi, 10.02.1987-ci ildən 03.09.1993-cü il tarixədək və 08.04.1994-cü ildən 12.01.1999-cu il tarixədək, həmçinin 12.01.1999-cu il tarixdən 29 dekabr 2007-ci il tarixədək olan dövrün staj illərinə daxil edilərək nəzərə alınmaqla, Daxili İşlər orqanlarında 20 ildən artıq xidmət etməsi ilə bağlı ona əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqinin” tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 mart 1999-cu il tarixli 466 Ş/H nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1965-ci ildə anadan olmuşdur. 10.02.1987-ci ildən 03.09.1993-cü il tarixədək və 08.04.1994-cü ildən 12.01.1999-cu il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət etmişdir. Ona qarşı irəli sürülmüş əsassız ittihamlar nəticəsində, barəsində Bakı şəhər Prokurorunun 12 yanvar 1999-cu il tarixli qərarı ilə həbsdə saxlamaq qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİİİ- 99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və 13 mart 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) 3 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2000-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2001-ci il tarixli qərardadı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 iyul 2007-ci il tarixli, 8c-2/07 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət İşləri üzrə İ dərəcəli Məhkəmə Kollegiyasının 16/Vİİİ-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və 13 mart 2000-ci il tarixli hökmü onun haqqında bütövlükdə ləğv edilmiş, həmin hissədə işə yenidən məhkəmə hazırlıq iclası mərhələsindən baxılması üçün iş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hazırlıq iclasının 28 avqust 2007-ci il tarixli, İş № A-1001 /07 saylı qərarı ilə qərara alınmışdır ki, təqsirləndirilən şəxs İddiaçı barəsində CM-nin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Həmin qərarın əsaslandırıcı hissəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi qeyd etmişdir ki, “...Məhkəmə hesab edir ki, ibtidai araşdırma aparılarkən CPM-nin 289.3.2-ci maddəsinin tələbi pozulmuş, təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübutlar öz əksini tapmır.” Azərbaycan Respublikası Baş Prokurorunun İ müavininin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın hissəvi ləğv edilinəsi haqqında” 29 dekabr 2007-ci il tarixli qərarı ilə qərarında Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və digər maddələri rəhbər tutularaq, qərara alınmışdır ki, cinayət işi üzrə qəbul edilmiş şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə 23 fevral 2001-ci il tarixli qərarın İddiaçı aid hissəsi ləğv olunsun. Cinayət işinin İddiaçı aid hissəsi üzrə icraata əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilsin.” Göründüyü kimi ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində o, tamamilə əsassız olaraq azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, bunun nəticəsində ona xidmət illərinə görə pensiya təyin edilməmişdir. Halbuki qanunsuz olaraq həbs edildiyi səbəbindən daxili işlər orqanlarından xaric edildiyi tarixə xidmət müddəti təqvim üzrə 13 il, 03 ay, 22 gün; güzəştli müddət üzrə 19 il, 03 ay, 17 gün təşkil etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanunun 1 -ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər., ödənilməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və va işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir. Bu maddənin birinci hissəsində göstərilmiş müddəalar, yaşla əlaqədar imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı, təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən sonrakı işinə bərabər tutulur. 16.09.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinə Elektron qaydada ərizə ilə müraciət edərək yuxarıda qeyd edilən halları nəzərə alaraq İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi 29.09.2020-ci il tarixli 022/26-54667 k-4220 saylı, 05 noyabr 2020-ci il tarixdə Elektron ünvan 1 e-mail adresindən iddiaçının Elektron ünvan 2 e-mail adresinə ünvanlanmış cavab məktubunda - xidmət müddəti təqvim üzrə 13 il, 03 ay, 22 gün; güzəştli müddət üzrə 19 il, 03 ay, 17 gün təşkil etdiyindən ərizənin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Daha sonra 29.03.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, 18.03.1999-cu il tarixli 466 Ş/H nömrəli əmrin ləğv edilməsini, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi səbəbindən qanunsuz tutulduğu gündən bəraət aldığı günə qədər olan müddətin staja daxil edilməklə ona əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqinin” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilinəsi və bu barədə mənə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi 20.04.2021-ci il tarixli 022/27-24064 k-3221 saylı cavab məktubunda bildirilir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən DİN-in 18.03.1999-cu il tarixli 466ş/h nömrəli əmri ilə «Müvəqqəti təlimat»ın 6-cı maddəsinə əsasən (sıravi və rəis heyəti adına xələl gətirən hərəkət törətdiyinə görə) 12.01.1999-cu il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Təqvim xidmət müddəti - 13 il, 03 ay, 22 gün, imtiyazlı xidmət müddəti - 19 il, 03 ay, 17 gün təşkil etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən 5.1-ci maddə yalnız bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallar baş verdikdə tətbiq oluna bilər. Barəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin baş verməsi ilə bağlı hüquqi sənəd olmadığından müraciətinin müsbət həlli imkan xaricindədir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, tərəfimizdən Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin baş verməsi ilə bağlı hüquqi sənədlər notarial qaydada təsdiq edilərək ərizəyə əlavə olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, 12.05.1984 - 07.05.1986-cı illərdə Silahlı Qüvvələrdə, 10.02.1987 - 03.09.1993; 08.04.1994 - 12.01.1999-cu illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Q.X3 Nazirliyinin 18.03.1999-cu il tarixli 466ş/h nömrəli əmri ilə «Müvəqqəti təlimat»ın 6-cı maddəsinə əsasən (sıravi və rəis heyəti adına xələl gətirən hərəkət törətdiyinə görə) 12.01.1999-cu il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı arxiv şəxsi işinə əsasən təqvimi xidmət müddəti - 13 il, 03 ay, 22 gün, imtiyazlı xidmət müddəti - 19 il, 03 ay, 17 gün təşkil edir. İddiaçı xaric olunduğu vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 il (imtiyazlı) və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 20.14-cü maddəsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İddiaçı təqvimi və imtiyazlı xidmət müddəti 20 ildən az olduğundan o, daxili işlər orqanı əməkdaşı (hərbi qulluqçu) kimi pensiya hüququ əldə etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarf’mn 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxlər barəsində tərtib olunur. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 149-cu maddəsinə əsasən “Daxili işlər orqanlarında vəzifələrə, xüsusi rütbələrə və xidmətə bərpa olunma üçün əsaslar aşağıdakılardır: - xidməti yoxlamaların nəticələri üzrə rəy, məhkəmənin qüvvəyə minmiş qərarı, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin xidmətə bərpa olunması barədə ərizəsi.” İddiaçı xidmətə bərpa olunması barədə məhkəmə qərarı və yaxud özünün ərizəsi olmadığından onun xidmətə bərpa məsələsinə baxılmamışdır. Eyni zamanda bildirilir ki, İddiaçı barəsində cinayət işinin icraatına 23.02.2001-ci ildə xitam verilsə də o, pensiya təyini ilə əlaqədar daxili işlər orqanlarına 2021-ci ildə müraciət etmişdir. İddiaçı 12.01.1999-cu il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edildiyi və 23.02.2001-ci ildə barəsində cinayət işinin icraatına xitam verildiyini nəzərə alaraq, aradakı fasilə, yəni 02 il, 01 ay, 11 gün onun xidmət stajına əlavə olunmuş olsa təqvimi xidmət müddəti - 15 il, 05 ay, 03 gün, imtiyazlı xidmət müddəti - 21 il, 04 ay, 28 gün təşkil edəcək ki, bu da İddiaçı pensiya təyin olunması üçün kifayət etmir. Çünki hazırda qüvvədə olan Qanunvericiliyə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Digər tərəfdən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli Qanununun 5-ci maddəsinə əsasən 5.1-ci maddə yalnız bu Qanunun -ci maddəsində nəzərdə tutulmuş hallar baş verdikdə tətbiq oluna bilər. Bu Qanunun 1-ci maddəsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması qeyd edilmişdir. Halbuki İddiaçı həbs olunması təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində baş verdiyini təsdiq edən hüquqi sənəd yoxdur. İddianın mümkünlüyü məsələsinin həll edilməsinə dair məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, verilmiş iddia tələbi üzrə işə baxılaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü məsələsinin həll edilməsinə dair məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 mart 1999cu il tarixli 466 Ş/H nömrəli əmrinin ləğv edilməsi edilməsini tələb edir. Mübahisələndirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 mart 1999cu il tarixli 466 Ş/H nömrəli əmrindən görünür ki, polis kapitanı, Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin banditizm və başqa təhlükəli cinayətlərə görə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili İddiaçı 12 yanvar 1999-cu il tarixdən – 12 yanvar 1999-cu il tarixə xidmət müddəti: təqvimi – 13 il, 03 ay, 22 gün, güzəştli 19 il, 03 ay, 17 gün olmaqla Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə Müvəqqəti Təlimata müvafiq olaraq daxili işlər orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xidməti siyahıdan görünür ki, o, 29.12.2004-cü il tarixdə НЗ №4786874 saylı hərbi biletini qəbul etməsi barədə onun barəsində olan xidməti siyahının birinci vərəqinə qeyd etməklə, imzası ilə təsdiq etmişdir. Həmin siyahıda sonuncu olaraq onun barəsində verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 mart 1999-cu il tarixli 466 Ş/H nömrəli əmrinin qeydi aparılmışdır. Bu da iddiaçının qeyd olunan əmrdən 29.12.2004-cü il tarixdən məlumatlı olması qənaətinə gəlmək üçün əsas verir. Həmçinin iş materiallarından olan ibtidai istintaq orqanının və məhkəmə qərarlarından görünür ki, iddiaçı barəsində aparılan cinayət işi ilə bağlı o, 12 yanvar 1999cu il tarixdən həbsə alınmışdır və 13 noyabr 2000-ci il tarixdən cəzanın qalan hissəsini cəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 17 mart 2001-ci il tarixdən isə cəza çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun İ müavininin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın hissəvi ləğv edilinəsi haqqında” 29 dekabr 2007-ci il tarixli qərarı ilə cinayət işinin İddiaçı aid hissəsi üzrə icraata əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilmişdir. İddiaçıya görə sözügedən əmri mübahisələndirməsi üçün yeni əsaslar 29 dekabr 2007-ci il tarixdə, onun barəsində aparılmış cinayət işinə ona aid hissəsi üzrə icraata əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilməsi ilə yaransa da, lakin buna baxmayaraq o, həmin vaxtdan sonra da heç bir hərəkət etməmiş, əmrin mübahisələndirilməsi ilə bağlı hazırki iddia tələbi ilə 04 may 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı həmin əmrdən 29.12.2004-cü il tarixdən məlumatlı olmuş və həmin əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 18 mart 1999-cu il tarixli 466 Ş/H nömrəli əmrini qanunvericliklə müəyyən edilmiş müddətdən sonra mübahisələndirmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə tərəfindən həmçinin 07 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməli olduğu, mübahisə predmeti olan inzibati aktın məzmunundan hansı vaxtdan məlumatlı olması barədə sübutu məhkəməyə təqdim etmək təklif edilsə də, lakin iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, lakin iddiaçı buna dair ərizəni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar