Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6349/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum akt qeydində iddiaçının ad, soyad, ata adı qrafasına: İddiaçı, doğum yeri qrafasına: E.R.Amasiya rayonu, Quzukənd kəndi, doğum tarixi qrafasına: xx.xx.1964-cü il, milliyyəti qrafasına: azərbaycanlı, ata qrafasına: X11, ana qrafasına: X1 məlumatların qeyd edilməsi və doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Ermənistanın Respublikasının Amasiya rayonunun Quzukənd kəndində anadan olmuşdur. İddiaçının atası X11, anası X7 olmuşdur. X5 1958-ci ildə, qardaşı X19 isə xx.xx.1970-ci ildə Amasiya rayonunda anadan olmuşdur. İddiaçı 1982-1984-cü ildə Qazaxıstan Respublikasının Almatı şəhərində hərbi xidmətdə olmuşdur. 1989-cu ilin aprel ayının 26-da X4 ilə ailə həyatı qurmuşdur. 1989- cu ildə ermənilərin etnik təmizləmə siyasəti nəticəsində ailəsi ilə birgə Ermənistandan Azərbaycana gəlmişdir. Ermənistandan gələrkən naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirmişdir. İddiaçı Azərbaycana gəldikdən sonra bir müddət Nəsimi rayonunda yaşamışdır. Son 8 ildə isə Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yaşayır. İddiaçı doğum haqqımda şəhadətnaməsini Ermənistanda itirdiyinə görə, Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçı dəfələrlə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almağa cəhd etsə də hüquqi savadsızlığı nəticəsində bu işi bitirə bilməmişdir. İddiaçı doğum haqqında şəhadətnaməni əldə etmək üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin oradan verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “müraciət zamanı şəxsiyyət vəsiqəsi təqdim edilmədiyinə görə, müraciətinizin təmin edilməsi mümkün deyildir”. Eyni zamanda məhkəməyə müraciət etmək hüququnun olduğu da qeyd edilmişdir. Hazırda iddiaçının doğum haqqında şəhadətnamə alması zəruridir. Əks halda, o şəxsiyyət vəsiqəsi ala bilməyəcək və nəticədə Azərbaycan Respublikası vətəndaşının malik olduğu hüquqlardan istifadə edə bilməyəcək. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması və doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən şəxsiyyət vəsiqəsi təqdim edilmədiyi üçün müraciətinin təmin edilməsi mümkün olmamışdır. Ona müvafiq tələblə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, V-CЛ № 660675 nömrəli SSRİ pasportunun surətindən görünür ki, İddiaçı (Аббасов Бахрам Умуд оглы) xx.xx.1964-cü ildə Ermənistan SSR, Amasiya rayonu, Quzukənd kəndində anadan olmuşdur. -İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ******* №-li Hərbi Biletin surətindən görünür ki, hərbi biletin ad, soyad, ata adı qrafasında İddiaçı qeyd edilmişdir. Hərbi biletdən həmçinin görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə, Ermənistan SSR, Amasya rayonu, Quzukənd kəndində doğulub. -xx.xx.1989-cu il tarixli, İİ CЛ № 436759 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Quzukənd kəndində doğulmuş X12 xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Qarabulaq kəndində doğulmuş X8 ilə nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 26 aprel 1989-cu il tarixdə, 4 nömrə ilə qeyd edilmişdir. -Amasya rayonu Quzukənd kənd soveti tərəfindən verilmiş iddiaçının qardaşı X13 məxsus xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin “Valideynləri” bölməsindən görünür ki, atası X11, anası X2r. -Amasya rayonu Quzukənd kənd soveti tərəfindən verilmiş iddiaçının X5na məxsus xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin “Valideynləri” bölməsindən görünür ki, atası X11, anası X2r. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə DİN-in BPQMİ-də məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, 18 yanvar 1964-cü il təvəllüdlü İddiaçı ona məxsus SSR pasportuna, hərbi biletə, nikah haqqında şəhadətnaməyə və yaxın qohumlarının doğum haqqında şəhadətnamələrinə istinad edərək, doğum akt qeydinin bərpa edilməsini və doğum haqqında şəhadətnamə verilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən vəsiqənin təqdim edilmədiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; -19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; -19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; -24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -16-1-ci bəndinə əsasən, xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. -16-3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir. Belə ki, ona məxsus SSR pasportunun, hərbi biletin və nikah haqqında şəhadətnamənin surətlərindən iddiaçının ad, soyad və ata adının “İddiaçı” kimi qeyd olunduğu məlum olur. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, tələbin hüquqi əsasını «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. İstinad olunan Qaydaların: - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. -9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçının doğum akt qeydində ad, soyad, ata adı qrafasına: İddiaçı, doğum yeri qrafasına: Ermənistan Respublikası, Amasiya rayonu, Quzukənd kəndi, doğum tarixi qrafasına: 18 yanvar 1964-cü il, milliyyəti qrafasına: azərbaycanlı, ata qrafasına: X11, ana qrafasına: X6 qeyd olunmaqla iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi və həmin akt qeydi əsasında ona təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum akt qeydində ad, soyad, ata adı qrafasına: İddiaçı, doğum yeri qrafasına: Ermənistan Respublikası, Amasiya rayonu, Quzukənd kəndi, doğum tarixi qrafasına: 18 yanvar 1964-cü il, milliyyəti qrafasına: azərbaycanlı, ata qrafasına: X11, ana qrafasına: X6 qeyd olunmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi və həmin akt qeydi əsasında ona təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh 1 saylı Bakı «ASAN xidmət» X3 üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6349/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6349/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver