Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6349/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı MMC və "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların apardığı əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermədiyi üçün aparılmış əvəzləşdirmələrin ləğv edilməsi və həmin əvəzləşdirmələr üzrə olan ƏDV məbləğiniin şəxsi hesab vərəqəyə işlənməsi ilə bağlı hərəkərlərin qanunsuz hesab olunaraq ləğv olunması və qeyd olunan qaimə fakturalar üzrə malların ƏDV-siz məbləğinin 2023-cü ilin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə,İddiaçı MMC və "xxxx" MMC təsisçisi və direktoru kimi fəaliyət göstərir. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ünvanladığı **********311500 nömrəli, 29 yanvar 2024-cü il tarixli məktubla İsaq Zülfüqarovun rəhbəri olduğu İddiaçı MMC və "xxxx" MMC arasında 2023-cü ilin noyabr ayında EBDT seriyalı 449132 nömrəli qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, nəticədə qaimə faktura üzrə 666,0 manat ƏDV məbləğinin tərəfimdən əvəziəşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 666,0 manat, "xxxx" MMC ilə 2023-cü ilin iyun ayında EBDH seriyalı 035267 nömrəli qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, nəticədə qaimə faktura üzrə 2808,72 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2808,72 manat, "xxxx" MMC ilə 2023-cü ilin iyul ayında EBDİ seriyalı 632274 nömrəli qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, nəticədə qaimə faktura üzrə 4946,67 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 4946,67 manat kənarlaşmanın yarandığı qeyd edilmişdir. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ünanladığı **********778100 nömrəli, 29 yanvar 2024-cü il tarixli məktubla İsaq Zülfüqarovun rəhbəri olduğu İddiaçı MMC və "xxxx" MMC arasında aparılmış əməliyyatlar nəticəsində 2023-ci ilin dekabr ayında EBDF seriyalı 619206 nömrəli qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, nəticədə qaimə faktura üzrə 6,48 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324 -cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 6,48 manat, "xxxx" MMC ilə 2023-ci ilin dekabr ayında EBDE seriyalı 320507 nömrəli qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, nəticədə qaimə faktura üzrə 5158,8 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 5158,8 manat kənarlaşmanın yarandığı qeyd edilmişdir. Göründüyü kimi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi əvəzləşdirmələri ləğv edilərək, kameral vergi yoxlaması qaydasında ƏDV hesablanıb şəxsi hesab vərəqəyə işlənmişdir. Qeyd olunan elektron qaimə fakturalar ilə aldığım malların dəyəri bank hesaba ƏDV isə onun ƏDV sub-hesabına hesablanaraq ödənilmişdir. Cavabdeh tərəfindən qeyd edilən əməliyyatlara görə hər hansı bir irad bildirilməmiş, buna baxmayaraq ƏDV əvəzləşdirmələri ləğv edilərək kameral qaydada 13586,67 manat məbləğində ƏDV hesablanıb şəxsi hesab vərəqəyə işlənmişdir. Buna səbəb "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyicilərin siyahısına düşməsi bildirilir. Həmin müəssisələrlə əməliyyat aparılan zaman sonuncuların riskli vergi ödəyicilərinin siyahısına daxil olması barədə taxes.gov.az saytında araşdırma aparmış, lakin heç bir məlumat müəyyən olunmamışdır. Azərbaycan Respublikası İPM-nın 46.2-cı maddəsinə əsasən məlumat vermək istəyirəm ki, "xxxx" MMC (VÖEN **********) 23 yanvar 2024-cü ildə, "xxxx" MMC -nin (VÖEN **********) isə xx.xx.2024-cü ildə riskli vergi ödəyicisi olması barədə taxes.gov.az saytında məlumat qeyd olunmuşdur. Göründüyü kimi əməliyyatlar aparılan zaman (2023-cü ildə) həmin məlumatlar vergi saytında olmamışdır. Ona görə də cavabdeh tərəfindən aparılmış əvəzləşdirmənin ləğv edilməsi və qeyd olunan əvəzləşdirmə üzrə olan ƏDV məbləğinin şəxsi hesab vərəqəyə işlənməsi ilə bağlı və həmin qaimə fakturalar üzrə malların ƏDV-siz məbləğinin 2023-cü ilin maliyyə hesabatından çıxarılmasının tələbi barədə vergi orqanın hərəkətləri qanunsuz və əsassız olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6349/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı MMC və "xxxx" MMC-nin iddia tələbi dəqiqləşdirilmiş şəkildə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Avtomatika Sistemləri Şirkəti” MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********827400 saylı və pul vəsaitinin verigi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurması barədə **********641400 saylı xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi və qeyd olunan qaimə faktura üzrə malların ƏDV-siz məbləğinin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi; qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********967000 saylı qərarının ləğv edilməsi və qeyd olunan qaimə faktura üzrə malların ƏDV-siz məbləğinin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunması” şəklində icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6349/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı MMC və "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********827400 saylı və pul vəsaitinin verigi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurması barədə **********641400 saylı xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi və qeyd olunan qaimə faktura üzrə malların ƏDV-siz məbləğinin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi, "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********967000 saylı qərarının ləğv edilməsi və qeyd olunan qaimə faktura üzrə malların ƏDV-siz məbləğinin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunması” tələbinə dair 2-1(112)-6349/2025 nömrəli inzibati iş üzrə icraatdan iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********967000 saylı qərarının ləğv edilməsi və qeyd olunan qaimə faktura üzrə malların ƏDV-siz məbləğinin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunması” barədə iddia tələbi üzrə icraat, sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********827400 saylı və pul vəsaitinin verigi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurması barədə **********641400 saylı xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi və qeyd olunan qaimə faktura üzrə malların ƏDV-siz məbləğinin maliyyə hesabatından çıxarılmasının tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair icraat 2-1(112)-6349/2025 nömrə ilə saxlanılması qərara alınmışdır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə münasibətdə yazılı vəsatət təqdim edərək qeyd etmişdir ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********827400 saylı qərarı xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin elektron qutusuna göndərilmiş və elə həmin tarixdə iddiaçı tərəfindən oxunmuşdur (vəsatətə əlavə olunur). Buna baxmayaraq iddiaçı borcun silinməsi tələbi ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.” Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etdi. İş matriallarında olan: Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən "xxxx" MMC-yə ********** VÖEN təhkim edilmişdir. Hüquqi şəxsin ünvanı ünvan 2 vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə xx.xx.2022-ci il tarixli, **********541400 nömrəli qərarına əsasən İddiaçı MMC VÖEN ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi qismində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********827400 saylı qərarına əsasən dekabr 2023-cü il üzrə iddiaçıya 7.755,40 manat ƏDV hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Tərəfinizdən ƏDV bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 035267 nömrəli elektron qaimə-faktura üzrə əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2808,72 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2808,72 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı 632274 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4.946,67 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4.946,67 manat kənarlaşma yaranmışdır”. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə hesab edir ki, hazırki iddia mahiyyət etibarilə mübahisələndirmə növündə iddiadır və iddianın ümumi və xüsusi mümkünlük şərtləri mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalıdır. Həmçinin iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh tərəfindən qəbul edilmiş iki qərarı mübahisələndirir. Məhkəmə, pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə qərarın ləğvinə münasibətdə aşağıdakiları diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İddia tələbindən də göründüyü kimi iddiaçı pul vəsaitinin ƏDV sub-uçot hesabında dondurulması barədə qərarın ləğv edilməsini tələb edir. Halbuki iddiaçının hüquqi marağı yoxlamanın vergi borcunun hesablanmasına əsas olmuş inzibati akt ləğvi, həmin hesablanmış borcun silinməsi ilə bağlıdır. Hazırkı tələbi təmin edilsə belə onun çatmaq istədiyi məqsədə çatmaq üçün kifayət etmir. Nəzərə alınmalıdır ki, hazırkı tələb məhz iddiaçının yaranmış vergi borcunun ödənilməsinə yönələn tədbirlərdən biri kimi çıxış etdiyindən həmin borcun yaranmasına əsas olmuş qərarın mübahisələndirilməsi iddialarına münasibətdə asılı tələb qismində çıxış edir. Belə ki, həmin qərar ləğv olunacağı təqdirdə həmin qərar əsasında yaranmış vergi borcu da mövcud olmayacaq, vergi borcu mövcud olmayacağı təqdirdə isə onun təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də həmin borcun ödənilməsinə yönələn tədbir kimi pul vəsaitinin dondurulmasının qanuniliyi də aradan qalxmış olacaqdır Qeyd olunmalıdır ki, məhz hazırkı növ mübahisələndirilən qərarla bağlı olmasa da, əslində hüquqi nəticə baxımından oxşar qərarların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2212/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında vergi borcu ilə bağlı əmlakın siyahıya alınması ilə barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması barədə mövqe nümayiş edirilmişdir. Eyni zamanda Ali Məhkəmə 2-1(102)-1851/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır. Mübahisələndirilən qərar da əmlakın siyahıya alınması barədə qərarla oxşar məqsədə xidmət edən vergi borcunun ödənilməsinin təmininə yönələn qərar hesab olunur. Həmin qərarlar üçün oxşar cəhət ondan ibarətdir ki, göstərilən qərarlar məhz vergi borcunun ödənilməsinə yönəlir və vergi borcunun yaranmasına əsas olan qərarların icrası xarakteri daşıyır. Həmin qərarlar ləğv olunacağı təqdirdə də hazırkı qərar öz hüquqi əhəmiyyətini itirir. Lakin vergi ödəyicisi barədə əsas qərarların ləğv edilməməsi vergi orqanına vergi borcunun ödənilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi səlahiyyəti verir ki, həmin səlahiyyətin həyata keçirilməməsi isə inzibati məhkəmə icraatı qaydasında məhz bu tipli münasibətlərin tənzimlənməsinə xidmət edən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin verilməsi ilə həyata keçirilir ki, əmlakın siyahıya alınması, tələbin icraya yönəldilməsinin, sub-uçot hesabının dondurulmasının qadağan edilməsi formasında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizənin əsas qərarlar verildiyi iş üzrə verilməsi də məhz həmin qərarların ayrıca iddianın predmeti olmaması ilə bağlıdır. İddiaçı isə həmin qərarın da ayrıca mübahisələndirməsini həyata keçirmişdir ki, həmin qərarın vergi borcunun ödənilməsinin təmini məqsədi ilə aralıq inzibati akt formasında qəbulu nəzərə alındığından məhkəmə iddianın mümkün olmaması qənaətindədir. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-383/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021ci il qərarda qeyd edilmişdir ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan səyyar vergi yoxlaması aktı və imtina aktı inzibati icraat çərçivəsində (əlverişsiz) inzibati akt olmadığından və iddiaçı barəsində hər hansı vəzifə yaratmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında isə qeyd edilmişdir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. 2-1(102)-1754/2022 iş üzrə qəbul edilmiş xx.xx.2022 -ci il tarixli qərar, 2-1(102)- 900/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarlarda da məhkəmə oxşar mövqedən çıxış etmişdir. Göründüyü kimi oxşar məqsədə, yəni vergi borcunun dövlət büdcəsinə ödənilməsinə xidmət edən və ya vergi borcunun və ya vergi məsuliyyətini müəyyən edən qərarlar ayrıca mübahisələndirilməsi mümkün olmayan qərarlardır və həmin işlər üzrə iddia məhz vergi məsuliyyətinə cəlb edilmə və ya vergi borcunun hesablanmasına dair qərarların ləğv edilməsi ilə əlaqədar olmalıdır. İddiaçının mübahisələndirdiyi digər qərara münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, **********827400 nömrəli qərarını xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə tərəfindən yardımetmə vəzifəsi icra olunmuş, dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin yardımetmə vəzifəsinə cavab olaraq iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixə aid olsa da, iddiaçı həmin qərarı 30 gün prosessual müddət ötürməklə mübahisələndirmiş, qərarın mövcudluğundan xəbərdar olduğu halda, məhkəməyə müraciət etmək əvəzinə inzibati orqana ərizələr vasitisə ilə müraciət etmiş, həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahat əsasında onun həqiqətində mübahisələndirilən qərardan 2024-cü ildən məlumatlı olması müəyyən olunmuşdur ki, göstərilən bu hal onun hazırki tələb üzrə prosessual müddətə riayət edilmədiyinə dəlalət edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə və iddiaçının cavabdehlə yazışmalarında (həmçinin xx.xx.2024-cü il tarixli məktub) belə iddiaçının qərardan daha əvvəl məlumatlı olması barədə məlumatlar öz əksini tapmışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(112)-6349/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6349/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver