Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6350/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022ci il tarixli qərarı ilə mənsibiyyəti tanınıb. Bundan sonra xx.xx.2022-ci il tarixində ASAN 2 xidmətinə yaxınlaşıb şəxsiyyət vəsiqənin alınmasına dair prosedurlardan keçib dövlət rüsümünü ödəyib. Ödəniş qəbzin üzərində qeyd edilib ki, xx.xx.2022-ci il tarixində gəlib hazır sənədimi ala bilər. Lakin qanunsuz olaraq bu günə gədər cavabdeh qərarı icra etmir, onu şəxsiyyət vəsiqə ilə, ümumvətəndaş pasportu ilə təmin etmir və rəsmi açıqlama təqdim etmir. Şəxsiyyət vəsiqənin verilməsi müddətləri ötürülüb. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının iddia ərizəsində göstəridiyi telefon nömrəsinə SMS bildiriş göndərilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə MPM-in 135.7 və İPM-in 62.3-cü maddələrinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi cavabdeh tərəfindən ona şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsinə yönəlmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəqisəsinin verilməsi ilə bağlı 2 saylı Bakı “ASAN” Xidmət Mərkəzinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, iddiaçı axırıncı dəfə xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası istiqamətində ölkədən çıxmış, sonrakı tarixlərdə ölkəyə girişi olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi məsələsinə baxılan zaman onun ölkə hüdudlarından kənarda olması müəyyən edildiyindən barəsində aparılan araşdırmanın nəticəsi üzrə qərarın qəbul edilməsi mümkün olmamışdır. İddiaçı ölkəyə qayıtdıqdan sonra şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi üçün yoxlamanın nəticələri üzrə müvafiq qərar qəbul ediləcəkdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddiadır və bu növ iddialarda iddia tələbi ilə bağlı ilk növbədə cavabdehə müraciət edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İddia tələbindən göründüyü kimi, iddiaçı şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportunun verilməsini tələb edir. Lakin iş materiallarında iddiaçının ümumvətəndaş pasportu ilə bağlı cavabdehə müraciət etməsi və cavabdehin həmin müraciət üzrə inzibati icraat aparması müəyyən edilmir. Ona görə iddia tələbi həmin hissədə bu əsasla mümkünsüz sayılmalıdır. İddia tələbinin digər hissəsi, yəni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, bu barədə cavabdehin imtinası yoxdur. Belə ki, cavabdeh iddiaçıya şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etmir, iddiaçının ölkədə olmaması və şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müraciət edəcəyi təqdirdə müvafiq qərarın qəbul ediləcəyini bidirir. Belə olan halda, cavabdehin imtinası mövcud deyil, nəticə etibarə ilə tərəflər arasında inzibati mübahisə yoxdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin və ya onun qanuni nümayəndəsinin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Qanunun normasında göründüyü kimi, şəxsiyyət vəsiqəsi vətəndaşının özünün, yaxud qanuni nümayəndəsinin müraciəti əsasında verilir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçının xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasına olmaması müəyyən edilir. Təqdim edilmiş iddia ərizəsində müəyyən edilir ki, iddia ərizəsi elektron qaydada deyil, məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Belə olan halda, iddia tələbinin iddiaçının özü tərəfindən verilməsi belə müəyyən edilmir. İş materiallarında iddiaçının adınan iddia vermək səlahiyyətinin hər hansı şəxsə verilməsi də müəyyən edilmir. İddiaçı Azərbaycan Respublikasından kənarda olduğundan məhkəmə onun iştirakının təmin edilməsi və mümkünlük məsələsinin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, ilk növbədə iddia ərizəsinin şəxsən məhkəməyə təqdim etməsinə dair sübutlar təqdim etməli, iddia ərizəsi nümayəndə vasitəsi ilə təqdim edildiyi təqdirdə bu barədə səlahiyyətli sənədi (yaxın qohumuna verilmiş etibarnamə, yaxud vəkilə verilmiş etibarnamə və vəkil orderi) təqdim etməli, bundan başqa cavabdehə şəxsən və ya qanuni nümayəndəsi vasitəsi ilə şəxsiyyət vesiqəsinin verilməsi barədə müraciət etməli, müraciətindən sonra cavabdeh tərəfindən şəxsiyyət vəsiqəsinin ona verilməsindən imtina olunduğu halda iddia tələbi ilə məhkəməyə müracət etməlidir. Ümumvətəndaşlıq pasportunun verilməsi ilə bağlı isə, iddiaçı əvvəlcə cavabdehə müraciət etməli, cavabdeh tərəfindən müraciəti təmin olunmadığı halda hazırkı iddia ilə məhkəməyə müraciət etməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6350/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6350/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver