Məhkəmə qərarları › İş №2-1(112)-6353/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6353/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6353/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Dünyamalı oğlunun, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinə dair hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Dünyamalı oğlu məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 342 №-li Sərəncamı əsasında inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində çıxarış əldə etmişdir. Həmin torpaq sahəsində fərdi həyət evi tikmək məqsədilə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə əsasən Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən 27 noyabr 2014-cü il tarixdə 342 saylı sərəncam verilmişdir. Sözügedən sərəncama əsasən razılaşdırılmış eskiz-layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi həyət evinin layihəsi "xxxx" MMC tərəfindən hazırlanmış və həmin layihə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Fərdi həyət evini 2022-ci ildə bitirərək bu barədə Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə qanunvericiliyə uyğun olaraq məlumatlandırmışdır. Tikintisi başa çatmış fərdi həyət evi üzərində hüquqlarını qeydiyyata almaq üçün cavabdeh təşkilata qanunvericiliklə tələb olunan sənədləri təqdim etmişdir. Cavabdeh təşkilat tərəfindən 10 yanvar 2023-cü il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, guya yaşayış evinin hündürlüyü 12 metrdən çox olmuşdur. Cavabdehin bu cavabını imtina kimi qiymətləndirir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03 fevral 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı inşa edilən yaşayış evinin hündürlüyünün 12.0 metrdən çox olması müəyyən edilmişdir. Belə ki, tikintisinə icazə tələb olunan tikinti obyektlərinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu (28.9 kv.m.) və fərdi yaşayış evinin 23.5 kv.m-nin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Belə ki, əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixində idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən fərdi yaşayış evinin mənzillərə bölünməsi, mansardın təmirsiz olması, həmçinin mansardda bəzi arakəsmə divarların inşa edilməsi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Dünyamalı oğlu iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayon İcra Hakimiyyətinə (surəti M.N.Həsəova) ünvanlanmış 18/03-8/1900 №-li, xx.xx.2014-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 051 saylı qərarı və vət. İddiaçı xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 320 kv. metr torpaq sahəsinin vət. İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər və fərdi yaşayış evinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə baxıb, ("xxxx" MMC-nin işi, memar O.Məmmədov) onu razılaşdırırlar. Sahənin ayrılması və tikinti işlərinin aparılması mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 39735 №-li torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin planı və ölçüsü İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 320 kv. metr torpaq sahəsinin ayrılmasına dair Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 051 saylı qərarına əsasən tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********55 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan plan və ölçü Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaq sahəsinin ayrılması barədə yerli Bələdiyyənin qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi, xx.xx.2014-cü il tarixli AN 518913 №-li torpaq sahəsinin plan ölçüsü əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı oğluna ayrılmış 0,032 ha torpaq sahəsinə dair tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (Reyestr №-**********55) Daşınmaz əmlakın dövlət reyestrində 533 nömrəli reyestr kitabının 50416 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin 342 №-li xx.xx.2014-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş X5 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində mülkiyyətində olan (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №-li, xx.xx.2014-cü il tarixli Çıxarış) torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Müraciətə əsasən qərara alınmışdır: - Vətəndaş İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi. 1-ci yaşayış massivində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №li xx.xx.2014-cü il tarixli Çıxarışına əsasən, mülkiyyətində olan 0.032 ha torpaq sahəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18/03-8/1900 saylı məktubu ilə razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə verilsin; - Öz vəsaiti hesabına mühəndis-kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz. elektrik enerjisi) çəkilməsi və maqisıral xəttə qoşulması üzrə aidiyyəti xidmətlərin texniki şərti tərtib edildikdən sonra tikinti işlərinin razılaşdırılmış layihə əsasında tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq aparılması, tikinti zamanı ərazinin normal sanitar vəziyyətinin qorunub saxlanması, tikinti işləri başa çatdıqdan sonra müvafiq qaydada sənədləşdirmə aparılması vətəndaş M.H.Həsənov tərəfindən təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı sifarişi əsasında tərtib olunmuş eskiz layihəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin layihəsi 18/03-8/2085 № ilə xx.xx.2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır ("xxxx" MMC-nin Lisensiya № 022650; qeydiyyat nömrəsi L- 11-015; xx.xx.2011). Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Badamdar qəsəbəsi 1-ci y/m. yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 925.8 kv. metr (torpaq sahəsi 320.0 kv. m.); faktiki sahə 925,8 kv.m. (torpaq sahəsi 348,9 kv.m.) təşkil edir; torpaq sahəsi 28,9 kv. metr çoxdur, perimetrik ölçü fərqi var, evin 23,5 kv. m. hissəsi zəbtə düşür, torpaq sahəsinin faktiki kordinatları akta əlavə edilmişdir, fərdi yaşayış evi mənizillərə bölünmüşdür, hər mərtəbəsi bir mənzildir, masard təmirsizdir, mansardda bəzi arakəsmə divarları inşa edilməmişdir, Fərdi yaşayış evi 3 + (zirzəmi və mansard) mərtəbəlidir, evin hündürlüyü 1-ci mərtəbənin döşəməsindən 3-cü mərtəbəyədək 9.70 mdir, 1-ci mərtəbənin döşəməsindən mansardın tavanına kimi 13.5 kv. m-dir. İddiaçı sifarişi əsasında “X2” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 54 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, tədqiqatın aparılması ekspert-mütəxəssisə təqdim edilmiş fərdi yaşayış evinin möcud vizual baxış zamanı götürülmüş ölçülərdən, eləcə də evə dair tərtib edilmiş eskiz layihəsindən iştifadə edilmişdir. Mütəxəssisə təqdim edilmiş eskiz layihəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin uzunluğu-19.2 m., eni isə-11.9 m. təşkil edir. Fərdi yaşayış evi 3 yaşayış mərtəbəsindən, zirzəmidən və mansard mərtəbəsindən ibarətdir. Layihədə mərtəbələrin hündürlüyü-3 m., mansard mərtəbəsinin hündürlüyü-2.9 m., zirzəminin hündürlüyü isə 3.9 m. təşkil edir. Baxış zamanı fərdi yaşayış evinin yaşayış mərtəbələrinin hündürlüyü eskiz layihəsində 3 m. göstərilsə də mövcud vəziyyəti üzrə 3.3 m. təşkil edir. Fərdi yaşayış evinin ümumi hündürlüyü fəsadan 11.9 m-dir (təsviri hissə). Aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq- 9.75 m. təşkil edir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mövcud hündürlüyü 12 m-dən az olduğu üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə aid olması müəyyən edilmişdir. Qeyd: Fərdi yşayış evinin Şəhərsalma Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən evin mövcud hündürlüyü 1-ci mərtəbənin döşəməsindən 3-cü mərtəbənin üzərində yerləşən mansard mərtəbəsinin (çardaqaltı) döşəməsinin altına qədər hesablanır, bu da faktiki olaraq 9,7 m. təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X7 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş etirazda qeyd olunan mənzilin ümumi hündürlüyü 13.5 m. göstərilmişdir. 1-ci mərtəbənin döşəməsindən (+0.00) 3cümərtəbənin tavanına qədər 9.7 m. göstərilmişdir. Bu da mənzilin 12.0 kv. m-dən hündür olmadığını göstərir. Bununla yanaşı mənzilin mansard hissəsində mövcud arakəsmə divarları faktiki olaraq kərpicdən inşa olunub öz yükünü daşıyan arakəsmə divarlarıdır. Həmən divarların və mansardda təmir işlərinin aparılmasına dair tikinti-norma və qaydalarında hər hansı bir tələb nəzərdə tutulmayıb. Mansardın kənar fəsad divarları tam şəkildə inşa olunmuş, üzərinə dam quraşdırılmışdır. İddiaçının hazırki tələbinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********27 №-li, xx.xx.2023-cü il tarixli imtina məktubunda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxıldığı, müraciəti ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı inşa edilən yaşayış evinin hündürlüyünün 12.0 metrdən çox olmasının müəyyən edildiyi, odur ki, tikintisinə icazə tələb olunan sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.10.2-ci bəndində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı mülkiyyətində və istifadəsində olmuş torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 342 №-li Sərəncamı əsasında inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,032 ha torpaq sahəsi üzərində Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 342 №-li Sərəncamı əsasında inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar