Məhkəmə qərarları › İş №2-1(112)-6355/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6355/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6355/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi İddiaçı1 iştirakı ilə İddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 231/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 1 mən 42- ünvanında yerləşən mənzil ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracdan satılmalı, əldə olunmuş vəsait paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməli, ödənilmiş 20 manat dövlət rüsumu borclular İddiaçı2, İddiaçı1 və X4 müştərək qaydada tələbkar X2 xeyrinə tutulması nəzərdə tutulduğundan icraata başlamışdır. Qərarın birinci bəndində icra sənədi üzrə icraata başlanılması göstərilmişdir. Qanun tələbinə əsasən bu belə olmalıdır. Bu bəndə dair heç bir irad yoxdur. Lakin qərarın ikinci bəndində qeyd olunur ki, borclular iddiaçıda olmaq şərti ilə təklif olunsun ki, 10 (on) gün ınüdddətində icranı könüllü olaraq təmin etsinlər . İcra könüllü təmin edilmədikdə isə borclu barəsində məcburi icra tədbirləri görülsün, icra sənədinin icrasını təmin etmək məqədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlakın üzərinə həbs qoyulsun. İddiaçı icra məmurunun qərarında öz əksini tapmış bu hallara etiraz edir. Belə ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli məlum icra sənədində onlara məxsus mənzilin hərracdan satılması və mülkiyyətçilər arasında bölünməsi qət edilmişdir. Məhkəmənin bu qərarını borclular deyil müvafiq hərrac qurumları yerinə yetirməlidir. İddiaçı borclu olaraq qərarın bu hissəsini könüllü olsa belə yerinə yetirə bilməz. Belə olan halda nə üçün onun barəsində məcburi icra tədbiri görülməli və ona məxsus əmlak siyahıya alnıb üzərinə həbs qoyulmalıdır. İddiaçı hesab edir ki, icra məmuru X1 Haqqında Azərbaycan Respublikası Qanunun 7 və 8-ci maddəsində göstərilənləri borclu olaraq onlara tədbiq etməsi şablon xarakterlidir. Bu qərarı icra etmək iddiaçının səlahiyyəti olmadığı üçün onun barəsində məcburi icra tədbiri görülə bilməz və ona məxsus əmlak siyahıya alınaraq üzərinə həbs qoyula bilməz. Bakı şəhəri, Nərimanov rayonu, İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarını xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə alıb və bu səbəbdən məlum qərardan şikayət vermə müddətini ötürməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən ərizəsinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək,İddiaçı1 cavabdeh Bakı şhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı Nərimanov rayonu İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Baki şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.Səfərov xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul etmişdir. Baki şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli e121955/2020-15-12-003 nömrəli tələbin könüllü icrası haqqında bildirişi ilə xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 231/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Hazırda iddiaçı Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarını mübahisələndirmişdir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X8 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə qarşı icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar