Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6356/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin olunmuş pensiyanın keçmiş müddət üçün, pensiya hüququnun yarandığı daxili işlər orqanlarından tərxis olunduğu 15 mart 2002-ci il tarixdən 01 yanvar 2007-ci il tarixinədək hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1965-ci ildə anadan olmuş, əmək kitabçasına əsasən iş stajının müddəti 29 il 04 ay təşkil edir. 02 iyul 1986-cı ildən 03 dekabr 1991ci ilə kimi və 08 dekabr 1992-ci ildən 15 mart 2002-ci il tarixə kimi Azərbaycan Respbulikası Daxili İşlər Orqanlarında xidmət etmiş və daxili işlər orqanlarında xidmət illəri təqvimi hesablama ilə 16 il 09 ay 01 gün xüsusi (imtiyazlı) hesablama ilə 21 il 02 ay 14 gün təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdim etdiyi 6 noyabr 2014-cü il tarixli, 1 nömrəli məlumat vərəqəsinə əsasən, 19 noyabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyi 53 faiz olmaqla ona pensiya təyin edilmişdir. Lakin, həmin pensiya məbləği keçmiş müddət üçün 01 yanvar 2007-ci il tarixindən başlayaraq hesablanıb ödənmişdir. Keçmiş müddət üçün pensiyanın düzgün hesablanaraq ödənilməsi barədə müraciətindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 fevral 2021-ci il tarixli, **********8 saylı məktubu ilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi bəhanə edərək, imtina edilmişdir. Hesab edir ki, keçmiş müddət üçün pensiyanın düzgün hesablanması barədə müraciətindən imtina edilməsi əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdaifə Fonduna təqdim olunur. Qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən – Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının ərizəsində iddia etdiyi, 2002-ci il tarixdən 2007-ci il tarixədək olan dövrlər üçün hesablanaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumat vərəqinə əsasən tərxis olduğu 15.03.2002-ci il tarixdən 01.01.2007-ci il tarixədək pensiya məbləğinin ödənilməsi tələbi qanunamüvafiq olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün DİN tərəfindən 13.11.2014-cü il tarixdə “məlumat vərəqi” göndərilmiş və 17.11.2014-cü il tarixdə öz ərizəsinə əsasən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Tərəflərindən iddiaçıya həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə təyinat aparılmış, keçmiş dövrə münasibətdə isə həmən Qanunun 32.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən 01.01.2007-ci il tarixdən pensiyasının hesablanaraq ödənilməsinə qərar verilmişdir. Bildirilir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Və həmçinin bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadı mövcuddur. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən 09.09.2021-ci il tarixdə cavabdehin imtinasına mülahizə təqdim edilərək, bildirilmişdir ki, ona pensiya təyin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən 13 noyabr 2014-cü il tarixdə pensiya təyinatı üçün zəruri olan “məlumat vərəqi” göndərilmiş və 17 noyabr 2014-cü il tarixdə pensiya təyin edilməsi barədə ərizəsi Dövlət Sosial Müdafiə Fonduna daxil olmuşdur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən ona 01 yanvar 2007-ci il tarixdən hesablanaraq pensiya ödənilməsinə qərar verilmişdir. Keçmiş dövrə, yəni, pensiyanın 15 mart 2002-ci il tarixdən başlayaraq hesablanıb ödənilməsinə münasibətdə isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsi və həmçinin hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 01 yanvar 2007-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi səbəbindən ona 01 yanvar 2007-ci il tarixdən hesablanaraq pensiya ödənilməsinə qərar verilmişdir. Həmçinin Dövlət Sosial Müdafiə Fondu etirazda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun dəyişiklik edilmiş 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Hesab edir ki, etirazda göstərilən əsaslarla iddia tələbinin təmin edilməməsi qanunsuzdur. Pensiya təyinatının 01 yanvar 2007-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi yaranmış pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Pensiya təyinatının DSMF-yə həvalə edilməsi onun sələfinin hüquq vəzifələrinin də, ona həvalə edilməsi deməkdir və heç bir halda bu vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Ona pensiya təyin olunan zaman, 01 yanvar 2006-cı ildən 01 iyul 2017-ci il tarixdə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin olnur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2006-cı ildən, 01 iyul 2017-ci il tarixədək kimi qüvvədə olmuş 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətində asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativhüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 71-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel tarixli, 2-1(102)-1091/2019 saylı qərarında (X1 DSMF-yə qarşı iş üzrə) qeyd edilmişdir ki, “şəxsin pensiya hüquqlarının reallaşdırılması baxımından zaman-zaman qanunvericilikdə baş verə dəyişikliklərin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvercilik tənzimləmələri ilə ortadan qaldırıla və məhdudlaşdırıla bilməz. Bu, qanunvercinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul olunmuş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”. “Bu halda, həmin hüquq onun qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. İddiaçının pensiyasının hesablanmasına münasibətdə qanunvericilikdə edilmiş, onun pensiya hüququnun yarandığı vaxtdan sonrakı dəyişiklilərlə gətirilmiş müddət məhdudiyyətinə dair normalar tətbiq edilə bilməz”. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus Azərbaycan RespublikasıDövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş 029074 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 01.09.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 05 fevral 2021ci il tarixli, **********8 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının pensiya məbləğinin hesablanması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərabycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 06 noyabr 2014-cü il tarixli, 01 nömrəli məlumat vərəqəsinə əsasən 19 noyabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 53 faizi miqdarında yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirtdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Bununla əlaqədar olaraq əmək pensiyası keçmiş müddət üçün 1 yanvar 2007-ci il tarixindən hesablanaraq ona ödənilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla, 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (681,85 manat) 53 faizi - 361,38 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ona ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 386,13 manata artırılmaqla ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 451,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə - 119,40 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdar əlavə -112,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 893,15 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli "42 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (1 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (1x2) təminat xərcliyinin 2 faizi; -natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 53,34 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (681,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (893,15 manat) arasındakı fərq məbləğinin (211,30 manat) 53,34 faizi-112,71 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (361,38 manat) üzərinə əlavə olunmaqla 474,09 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. Əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericlik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 2007-ci il tarixli 19 oktyabr 462-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 17-ci bəndinin birinci abzasına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüşdür. İşdə olan iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X5 02.07.1986-cı il tarixdən 03.12.1991-ci il tarixədək Daxili işlər orqanlarında xidmət etmiş, 04.12.1991-ci il tarixdə "xxxx" Hüquq Məsləhət Şirkətinə köçürmə yolu ilə hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmiş, 15.05.1992-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 15.05.1992-ci il tarixdə Azərbaycan SSR “Azərbaycan” Respublika Assosasiyası "xxxx" Şirkətinə kadrlar üzrə müfəttiş vəzifəsinə qəbul edilmiş, 01.09.1992-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 08.12.1992-15.03.2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət etmiş, 02.04.2002-ci ildə “Muğan” Restoranına əmək müqaviləsi bağlanmaqla inzibatçı vəzifəsinə təyin edilmiş, 18.03.2006-cı il tarixdə işdən azad edilmiş, 31.03.2006-cı il tarixdə "xxxx" MMC "xxxx" Şirkətinin Təhlükəsizlik departamentinə əmək müqaviləsi bağlanmaqla mühafizəçi vəzifəsinə təyin edilmiş, 01.06.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 01.06.2009-cu il tarixdə "xxxx" Mühafizə Xidməti MMC-yə mühafizəçi kimi işə qəbul edilmiş, 09.09.2009-cu il tarixdən əmək müqaviləsinə xitam verilmiş, 05.10.2020-ci il tarixdə "xxxx" ASC-yə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda işləyir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, İddiaçı 15.03.2002-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən öz arzusu ilə ehtiyata buraxılması, vəzifəsinin Sabunçu RPİ-nin 14-cü PB-nin CA üzrə Əməliyyat Müvəkkili olması, onun iş stajı və xidmət illərinin cəmi 21 il 8 ay 14 gün təşkil etməsi barədə 06.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmişdir. Sözügedən məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin 19.11.2014-cü il tarixli, 14/3244 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq, yaşa görə 01.09.2013-cü il tarixdən ömürlük pensiya təyin edilməsi, 01.01.2007-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını aşağıda göstərilən qanunvericiliyin normalarına tətbiq edərək, iddiaçının iddia tələbini əsassız hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının: 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müdət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (01.01.2006-cı il) tez olmayaraq ömürlük təyin edilir. 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı omayaraq ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ 2002-ci il tarixdən yaranmasına baxmayaraq, hazırki mübahisədə mövcud iddia tələbi cavabdehə münasibətdə iddiaçının pensiyasının təyin edilməsini 2007-ci ilin yanvar ayının 1-dən şərtləndirdiyindən, məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, 2007-ci ilin yanvar ayının 1-dən etibarən iddiaçıya pensiya məbləğinin ödənilməsi öz təsdiqini tapdığından, bununla da, mövcud vəziyyətdə hazırki mübahisədə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə, təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanın 2.2 və 4-cü bəndlərinə əsasən 01 yanvar 2007-ci il tarixdən hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6356/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6356/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver