Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6357/2023 02.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixi, 1635 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi ev 12, mənzil 8 ünvanında yerləşən mənzil üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən mənzil İddiaçı verilmişdir. O, həmin sərəncam əsasında 1997-ci ildən bu mənzildə mübahisəsiz yaşayır, mənzil və kommunal xidmət haqlarını ödəyir və özü də həmin ünvan üzrə pasport qeydiyyatındadır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamı iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olduğundan, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilərək, mənzilə dair çıxarışın və texniki pasportun verilməsi xahiş edilmiş, lakin cavabdeh inzibati orqan bu vaxtadək ərizəyə cavab verməmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən mənzil üzərində İddiaçı qanuni hüququ yaranmışdır. İddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1, 8.0.5, 8.0.8, 8.0.11-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Səbail rayonu, X13 küçəsi ev 12, mənzil 8 ünvanında yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilən Səbail rayon İcra Hakimiyyəti başçısının 1635 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə qeyd olunan mənzil İddiaçı sığınacaq kimi verilmiş, Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, 12 saylı evin, 8 saylı mənzilinin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Həmçinin, hüquqmüəyyənedici sənəddə mənzil 1 (bir) otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Mənzilin faktiki yaşayış sahəsi 36,7 kv.m, ümumi sahəsi isə 52,3 kv.m-dir. Qeyd olunan səbəblərə görə ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********01 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1635 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, 12 saylı evin yaşayış sahəsi 21,5 kv.metr olan 1 (bir) otaqlı, 8 nömrəli mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin mənzilə iddiaçının adına çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının vətəndaş İddiaçı mənzil məsələsi haqqında 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamından görünür ki, “vətəndaş İddiaçı 1989-cu ildən 18 nəfər ailə üzvü ilə yaşayış sahəsi 72,7 kv.m. olan 80 “A” nömrəli özbaşına tikilidə pasport qeydiyyatındadır. O, kirayədə qaldığı Ə.Yaqubov küçəsi, 12 nömrəli evin, 8 nömrəli mənzilin kirayəçisi X4 vəfatı ilə əlaqədar bu mənzilin ona verilməsini xahiş edir. Səbail rayon İHB-nin mənzil məsələlərinə dair komissiyasının xx.xx.1997-ci il tarixli (pr. № 27) rəyi təsdiq edilsin və İddiaçı 4 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülsün. Ə.Yaqubov küçəsi 12 nömrəli evin yaşayış sahəsi 21,5 kv.m olan bir otaqlı məhdud şəraitli 8 nömrəli mənzili vətəndaş İddiaçı 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, iki uşağı) sığınacaq kimi verilsin. -45 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi tərəfindən Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 12 ünvanda yerləşən yaşayış sahəsi 21,5 kv.metr, ümumi sahəsi 57,7 kv.metr sahədən ibarət mənzilin eskiz layihəsi tərtib edilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli iddiaçının vəkilinə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil dövlət fonduna aiddir və Birliyin balansındadır. -Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİS tərəfindən iddiaçının vəkilinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X13 küçəsindəki 12 saylı evin 8 saylı mənzili MKTB-nin balansındadır. Həmin mənzildə İddiaçı xx.xx.1997-ci il tarixdən pasport qeydiyyatındadır və yaşayır. Onun ailə tərkibi aşağıdakılardır: qızı X5, oğlu X3, nəvələri, X10 və X11. -Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİS tərəfindən verilən xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, özü, qızı X5, oğlu X3, nəvələri, X10 və X11 həqiqətən Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 12, mənzil 8 ünvanında qeydiyyatdadırlar. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş 04 aprel 2023-cü il tarixli cavab məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi ev 12 Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. 45 saylı MKİS-nin qeyd etdiyinə və MKİS-də mövcud olan sənədlərə əsasən Səbail rayon İcra Hakimiyyətinin 1635 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, X13 küçəsi 12 nömrəli evin yaşayış sahəsi 21.5 kv.m olan bir otaqlı məhdud şəraitli 8 nömrəli mənzili vətəndaş İddiaçı 4 nəfər ailə üzvü ilə sığınacaq kimi verilmişdir. -Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamı və onun tərkib hissələri olan sənədlər (sxem və s) rayon icra hakimiyyətinin arxivində aşkar edilməmişdir. -İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1635 nömrəli Sərəncamı ilə mənzil növbəsinə alınması və mənzillə təmin olunması barədə məlumatların məhkəməyə təqdim olunmasına dair məhkəmənin sorğusuna verilmiş 04 iyul 2023-cü il tarixli cavab məktubdan görünür ki, araşdırma zamanı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti nəzdində yaşayış yeri üzrə mənzil növbəsində duran vətəndaşların siyahılarında Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1635 nömrəli Sərəncamı ilə ünvan 7 ünvanından 4 (dörd) nəfər ailə tərkibində mənzil növbəsinə götürülmüş X2 adının qeyd olunduğunun müəyyən edildiyi, lakin İddiaçı adının müəyyən olunmadığı, həmin Sərəncamda qeyd edildiyi kimi İddiaçı 1989-cu ildən yaşayış sahəsi 72,7 kv.m. olan Ə.Yaqubov küçəsi, özbaşına tikili 80 "A” nömrəli tikilidə pasport qeydiyyatında olduğu, yaşadığı Ə.Yaqubov küçəsi, 12 saylı evin, məhdud kommunal şəraitli 8 saylı mənzilinin ona sığınacaq kimi verildiyi bildirilmişdir. Məktubda həmçinin "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün müvəqqəti mühafizə müddətinin 5 il müəyyən edildiyi nəzərə alınaraq, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilə qədər olan arxiv sənədlərinin qanunamüvafiq qaydada Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi, həmçinin “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na müvafiq olaraq sənədlər, vətəndaşlara mənzil verildikdən və ya onlar həmin mənzil uçotundan çıxarıldıqdan sonra on il ərzində saxlanıldığı və bu müddət keçdikdən sonra məhv edildiyi qeyd edilmişdir. -Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1635 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüş X2 mənzil ilə təmin edilib-edilməməsi barədə məlumatların, edildiyi təqdirdə buna dair müvafiq sənədlərin təqdim edilməsinə dair 31 avqust 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X8 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1635 nömrəli Sərəncamı ilə 4 nəfər ailə tərkibində ünvan 8 ünvanından mənzil növbəsinə götürülmüşdür. Ümumi siyahıda sıra sayı 885-cidir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdır. -İddiaçının ailə üzvləri X5 və X3 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış ərizələrdən görünür ki, onlar ünvan 9 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamına əsasən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və müraciət nəzərə alınaraq ünvan 10 ünvanda yerləşən, y/sahəsi 21,5 kv.m olan, 1 otaqlı, 8 №li mənzilin kirayəçisinin vəfat etməsi ilə əlaqədar həmin mənzil sığınacaq kimi ona verilmiş və adına şəxsi hesab açılmışdır. İddiaçı qeyd olunan sərəncama istinad edərək həmin mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının adına verilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 1997-ci il tarixli, 1635 saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, qeyd olunan dövlət mənzil fonduna aid olmaqla 12 saylı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır, iddiaçı ailə üzvləri ilə birlikdə sözügedən mənzildə uzun müddətdir pasport qeydiyyatında olmaqla hal-hazıradək yaşayır. Həmçinin mənzildə yaşayan iddiaçının ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdırlar. Belə olan halda, iddiaçının ünvan 10 ünvanda yerləşən 8 №li mənzilə hüquqları 1 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı təsdiq olunduğundan iddiaçının qeyd olunan mənzildə məhz həmin vaxtdan fasiləsiz və mübahisəsiz yaşadığı müəyyən edildiyindən onun qeyd olunan mənzilə mülkiyyət hüquqları yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mövcud qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. Hazırkı işin halları ilə iddiaçıya dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsi ayrılması, həmin yaşayış sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsi, yaxud onun mülkiyyətində hər hansı digər əsaslarla əldə etdiyi yaşayış sahəsinin olması müəyyən edilmir. Digər tərəfdən, Səbail RİH-in 1635 saylı, xx.xx.1997-ci il tarixli sərəncamında ünvan 10 ünvanda yerləşən 8 №li mənzilin iddiaçıya müvəqqəti istifadə üçün və ya hər hansı başqa şərtlər daxilində verildiyi görünmür. Mənzilin “sığınacaq” qismində ayrılması isə, onun qanuni əsaslarla yaşayış sahəsi kimi verilməsini istisna etmir. Məhkəmə işin digər hallarının uyğun gəldiyini nəzərə alaraq rayon icra hakimiyyətinin sərəncamında iddiaçının adının Zinyət deyil, Ziyafət kimi qeyd edilməsinin işin mahiyyətinə təsir etməyən hal hesab edərək texniki səhv kimi qəbul edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, 12 saylı evin yaşayış sahəsi 21,5 kv.metr olan 1 (bir) otaqlı, 8 nömrəli mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “qanuni gözləntisi” vardır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1635 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, 12 saylı evin yaşayış sahəsi 21,5 kv.metr olan 1 (bir) otaqlı, 8 nömrəli mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin mənzilə iddiaçının adına çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6357/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6357/2023
02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver