Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6358/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin iddiaçının adına rəsmiləşdirilərək çıxarış verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbini “ünvan 4, mənzil 37 dair hüquqlarını qeydiyyata alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirmişdir. Cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil orderlə iddiaçıya məxsusdur. Həmin mülkiyyət orderlə qeydiyyat nömrəsi 256475 olmaqla, xx.xx.1986-cı il tarixli olması əks olunmuşdur. 37 saylı mənzil həmin binanın 1-ci mərtəbəsində yerləşməklə 2 otaqdan ibarət olub 26,68 kvadrat metrdir. Arxiv fondu üzrə sözügedən mənzil haqqında Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) sərəncamı mövcuddur. Sərəncama əsasən həmin mülkiyyət orderlə iddiaçıya verilmişdir. Həmin mənzildə ailə üzvləri ilə birgə yaşayır. Dövlət əmlakının özəlləşdirilməsi haqqında İİ dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilin adına rəsmiləşdirilməsi və çıxarışın verilməsinə dair İqtisadiyyat Nazirliyi yanında DƏDKR və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də, həmin idarə tələbimin qanunauyğun olmadığını əsas gətirərək müraciətini icra etməmişdir. Göstərilən hallar mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Mənzil üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin adıma rəsmiləşdirərək çıxarış verilməsi İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə 1,2,3-cü bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin olması daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş, qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4. Cavabdehin iddiaçıya təqdim etdiyi imtinada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-03746-2022 saylı, 21,06.2022-ci il tarixli məktubu ilə keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sənədlərdə İddiaçı barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 19 saylı evin, 37 saylı mənzilinə dair verilmiş xx.xx.1986-cı il tarixli, 256745 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 1352 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər təhviltəslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən aidiyyatı üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən müraciətinə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA- 03746-2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sənədlərdə İddiaçı barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Həmçinin bildilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 19 saylı evin, 37 saylı mənzilinə dair verilmiş xx.xx.1986-cı il tarixli, 256745 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 1352 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər təhvil-təslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən aidiyyatı üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********10 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, binanın ümumi istifadəsində olan anbar ərizəçinin istifadəsindədir, sahəsi 6.0 kv.m-dir. Həmçinin mənzilin faktiki sahəsi 53,97 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixində verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda qeyd edilmişdir ki, X6 (xx.xx.1956-cı il təvəllüdlü), X7 (xx.xx.1985-ci il təvəllüdlü) ünvan 2, mənzil 37 qeydiyyatdadırlar.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən göndərilmiş məktubunda, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilin noyabr ayına dair arxiv sənədləri, o cümlədən xx.xx.1986-cı il tarixli, 59/4a saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
8. 17 noyabr 1986-ci il tarixli 256475 nömrəli order ilə X3 Bakı şəhəri 1733 keçid, 2348 nömrəli məhəllə 19 nömrəli ev 37 (2 otaqlı 26,68 kv.m) verilmişdir.
9. İş materiallarına əlavə edilmiş arayışda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il 376 saylı sərəncamına əsasən Telnov küçəsinin adı dəyişdirilərək Lütfu Zadə küçəsi adlandırılmışdır.
10. 2130680010391 nömrəli ərizə ilə X6 və X7 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiklərini bildirmişdir.
11. İş materiallarına əlavə edilmiş həmin ərazidə yerləşən mənzillərin orderlərlə (sərəncamlarla) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçdikləri qeyd edilmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
25. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, xx.xx.1986-cı il tarixli 256475 nömrəli Orderə əsasən, İddiaçı ailə üzvləri ilə birlikdə (özü, əri və 2 uşağı) Bakı şəhəri 1733 keçid, 2348 nömrəli məhəllə 19 nömrəli ev 37 (2 otaqlı 26,68 kv.m) qeydiyyatda olmaqla yaşayırlar.
26. İmtina onunla əsaslandırılmışdır ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə 1986-cı ilə dair arxiv sənədlərinin Dövlət Arxiv filialında mövcud olduğu, lakin həmin sənədlərdə İddiaçı barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxi fondu üzrə 1986-cı ilin noyabr ayına dair arxiv sənədlərinin, o cümlədən xx.xx.1986-cı il tarixli 59/4a saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Yəni iddiaçının orderinin kötüyünün olmaması və ya saxta olması iş materialları ilə müəyyən olunmur. İddiaçıya aid olan orderin kötüyünün və qərarın arxivə təhvil verilməmiş olması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Belə ki, orderin özünə aid olan nüsxəsinin əsli iddiaçıda mövcuddur və o, uzun illərdir ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşamaqla ona sahiblik edir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
27. Məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmişdir ki, qeyd edilən binadakı mənzillərə dair keçmiş Şaumyan rayon XDS İK tərəfindən verilmiş oxşar tərtibatdakı orderlər əsasında mənzillər özəlləşdirilmişdir və həmin orderdəki ünvan (1733-cü keçid, məhəllə 2348) üzrə daşınmaz əmlakın dövlət reyestrdən çıxarışda küçənin adı Lütfi Zadə küçəsi kimi qeyd edilmişdir.
28. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
29. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.
30. İddiaçının mənzildə qeydiyyatda olan ailə üzvləri tərəfindən təqdim edilmiş razılıq ərizələrində mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunur.
31. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil.
32. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Keçmiş Şaumyan rayon XDS İK tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 256475 nömrəli orderə əsasən ünvan 4 ünvanında yerləşən 37 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva