Məhkəmə qərarları › İş №2-1(112)-6359/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6359/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6359/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 58 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı xidmət etdiyi dövrdə müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdən ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1994cü il və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əvvələr İƏİİ (UİTU) adlanan, sonralar isə Penitensiar Xidmətə çevrilən idarənin müəssisələrində mülki və zabit vəzifələrində işləmişdir. 1994-cü ilin aprel ayından ədliyyə polis mayoru rütbəsində, səhhətinin məhdud imkanları ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə “Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. 2020-ci ilin avqust ayında Qanunun 23.2-ci maddəsindən bəhrələnmək üçün indiyə kimi müxtəlif xəstəliklərdən dörd dəfə əməliyyat olunduğunu və bir neçə dəfə də əməliyyata ehtiyacı olduğunu qeyd edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixindən, xx xxx 2006-cı ildən 23.2-ci maddəsini nəzərə alaraq ildə bir dəfə müalicə üçün ödənilməli olan müavinətin verilməsini təmin etsinlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Maliyyə-iqtisadiyyat idarəsinin rəisinin imzası ilə cavab məktubunda Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Qanunun xx.xx.2006-cı il tarixdə, yəni onun pensiyaya çıxdığı xx.xx.1994-cü il tarixdən sonra qüvvəyə minməsi ilə əlaqədar ona tətbiq olunmasından imtina olunmuşdur. İdarənin bu səbəbini əsassız sayır. Çünki o, pensiyaya “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli, 110 saylı Qanunu ilə çıxmışdır. Bu Qanunun 40-cı maddəsinə görə təminat xərcliyi hesablanarkən yeni artımlar və əlavələr də nəzərə alınmalıdır. Eyni şərt 2006-cı ilin 26 yanvar tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” 54-İİİQ-saylı Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsində də öz əksini tapmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində və digər maddələrində müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin əvvəllər pensiyaya çıxmış işçilərə şamil olunmaması haqqında heç bir istisna yoxdur və ola da bilməzdi. Çünki o zaman bu 2006-cı ildən əvvəl pensiya çıxmış Ədliyyə orqanları işçilərinə qarşı bir “diskriminatsiyya” aktı olardı. Penitensiar xidmətin səbəb kimi göstərdiyi ikinci əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyət Nazirliyi üzrə xx.xx.2008-ci il tarixli, 7-t saylı əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edərək iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini şifahi məhkəmə baxışı iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxx 1967-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası DİN-nin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mülki və zabit vəzifələrində işləmişdir. xx.xx.1994-cü il tarixdən xidmətdən xaric olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 17/7- 10808 saylı imtina məktubundan görünür ki, iddiaçının “müalicə xərci üçün müavinətin ödənilməsinə dair” müraciətinə Maliyyə-iqtisadiyyat idarəsində baxılmışdır. Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun xx.xx.2006-cı il tarixdə qüvvəyə mindiyini nəzərə alaraq bildirilmişdir ki, ədliyyə orqanlarında xx.xx.1982ci il tarixdən xx.xx.1994-cü il tarixədək qulluqda olduğu müddət ərzində əməkdaşlara müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx xxxxx 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanlan işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Müalicə olunması barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə bilər. İşin hallarından görünür ki, xx.xx.1994-cü il tarixdə pensiyaya çıxmaqla iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı xidmətdən xaric olduqdan sonra qəbul edilmiş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin cavabdeh tərəfindən qanun qüvvəyə mindiyi tarixdən ona ödənilməsini tələb edir. İş materiallarında görünür ki, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən iddiaçının qulluqda olduğu dövrdə əməkdaşlara müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmadığı, hazırki halda isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx xxxxx 2008-ci il tarixli 7-t nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanlan işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmadığı əsası imtina edilmiş, həmçinin iddiaçıya müalicə olunması barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edə biləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının xidmətdə xaric olunduğu günədək Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununu isə xx xxx 2006-cı il tarixdə, yəni iddiaçı xidmətdən xaric olduqdan sonra qəbul edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun həmin maddəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2008-ci il tarixli 7-T nömrəli əmri ilə «Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə müvafiq olaraq işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Göründüyü kimi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi üzrə müəyyən olunmuş ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət yalnız işçinin xidmətdə olduğu dövr ərzində verilir. İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona həmin müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı xidmətdə olduğu dövr ərzində Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi üzrə müəyyən edilmiş müavinətin xidmətdən xaric olunmuş şəxslərə verilməsi nəzərdə tutulmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar