Məhkəmə qərarları › İş №2-1(112)-6364/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6364/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6364/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkil, ünvan 2 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (məsləhətçi, ünvan 3 ünvanda qeydiyyatda olan), Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə (vəkil, Bakı şəhəri, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dön 1, 46) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X1 Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) sərəncamın etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsız hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3 verilmiş 10 may 1994-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli sərəncamı ilə iddiaçıya Mərdəkan qəsəbəsində M-515 (və ya 2-515) nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsini qəbul edib dərhal daş hasara almış, oraya kommunal xətlər (işıq, qaz, su) çəkdirmiş, daimi olaraq bu günə kimi onun istifadəsində olmuşdur. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 407/401 nömrəli, 10 may 1994-cü il tarixli sərəncamı ilə Suraxanı rayonunda qeydiyyatda olan və yaşayan X3 fərdi yaşayış evinin tikintisi üçün Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. X5 ona torpaq sahəsi ayrılandan 25 il sonra - 2019- cu ilin sonlarında ortalığa çıxaraq iddiaçının guya onun torpaq sahəsini zəbt etməsi barədə Xəzər RPİ-nin 1-ci PBnə şikayət etmişdir. Şikayətində də göstərmişdir ki, guya iddiaçı torpaq sahəsini 2 aydır ki, zəbt emişdir. Halbuki qeyd etdiyi kimi torpaq sahəsi 1992-ci ildən daimi olaraq onun istifadəsindədin Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2020-ci il tarixli qərarı ilə X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddia tələbinin qanuni əsası vardır: 1. Göründüyü kimi iddiaçıya və 3-cü şəxsə ayrılmış torpaq sahələri tam fərqli torpaq sahələrində - ona ayrılan M-515 (və ya 2-515), X3 ayrılan 5/425 nömrəli sahədə yerləşirlər. 2. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 615/38 nömrəli, 27 iyul 1992-ci il tarixli sərəncamı ləğv olunmamış və hazırda da qüvvədədir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Bu iddia predmeti üzrə cavabdeh inzibati orqan Xəzər Rayon İcra Hakimiyyəti hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Belə ki, hazırki iş üzrə 3-cü şəxs X5 iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı onun mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 5/425 nömrəli sahədə yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı Sərəncamı ilə Mərdəkan qəsəbəsində 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsi ona verilmişdir. Bundan sonra onunla qonşuları arasında mərzlənmə işləri aparılmışdır. Torpaq sahəsinə daş tökərək hasara almış və darvaza qoymuşdur. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli çıxarışa əsasən sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsinə baxmağa getdikdə mülkiyyətində olan torpaq sahəsinin X7 tərəfindən zəbt edildiyini görmüş və bu barədə polis və məhkəmə orqanlarına müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(003)-82/2021 nömrəli Qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin edilmiş və cavabdeh İddiaçının mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/401 saylı Sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxs X2 nümayəndəsi və vəkili iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə X3 verilmiş 10 may 1994-cü il tarixli sərəncamın etibarsız hesab edilməsini tələb edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli BA-01399-2022 nömrəli məktubla keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər Rayon İcra Hakimiyyətinin) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli 615/38 saylı və xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamlarının təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İşdə olan keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər Rayon İcra Hakimiyyətinin) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli 615/38 saylı sərəncamına əsasən “Qaranquş” sanatoriyasında işləyən X6 Mərdəkan qəsəbəsi M-515 nömrəli sahədə fərdi yaşayış ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər Rayon İcra Hakimiyyətinin) arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamına əsasən “X3 Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə fərdi yaşayış ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan JN-28011D KOD 00300016 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 425E ünvanında yerləşən torpaq sahəsi paylı mülkiyyət kimi X2 və digər paylı mülkiyyətçilərin adına qeydiyyatdan keçmişdir. İşdə olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-82/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, X2 cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı X2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi 5/425 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İşdə olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-82/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Xidmətin geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında JN- 28011D KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər araşdırılmışdır və xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi koordinata gətirilərək, koordinatda olan ortofoto üzərində yerləşdirilmiş və sxemi hazırlanmışdır. xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncama əlavə olan yerləşmə sxemində miqyas, koordinat, hər hansı bir istinad nöqtəsində məsafə olmadığından eyni zamanda həmin sxemdən göründüyü kimi sxemin hazırlanması tarixindən uzun müddət keçdiyindən, həmin ərazidə çox saylı tikililər inşa edildiyindən ərazinin situasiyası dəyişildiyindən, xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxeminin koordinatları müəyyən olunmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına, əsasən müəyyən olunmuşdur ki, naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 407/401 saylı sərəncamı əsasında verilmiş JN-28011D KOD 00300016 nömrəli şəhadətnamənin bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür. Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci iİ tarixli 615/38 nömrəli sərəncamının 1992-ci ildə verilmiş torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməmişdir. Lakin Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu ildə təqdim edilmiş yerləşmə sxemində istinad nöqtəsindən məsafə göstərilmişdir və naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə sxemdəki məsafələrə və cizgilərə əsasən təyin edilən torpaq sahəsi üst-üstə düşmür və sxemdə göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi X3 verilmiş 10 may 1994-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X1 Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) X3 verilmiş 10 may 1994-cü il tarixli sərəncamın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar