Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6367/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X20, üçüncü şəxs Malkan Baykadziyevanın və onun vəkili X21 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin X14 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı Malkan Baykadziyeva inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yetkinlik yaşına çatmayan şəxslərin valideyin ilə yaşamaları barədə rəyin ləğv edilməsi”nə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin X14 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına qarşı “yetkinlik yaşına çatmayan şəxslərin valideyin ilə yaşamaları barədə rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin X14 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının 18 mart 2021-ci il tarixli rəyinin ləğv edilməsi, Nərimanov rayon İcra hakimiyyətinin X14 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının üzərinə yetkinlik yaşına çatmayan İddiaçı1 (10.04.2004 təvəllüdlü) və Baydajiyeva Sumayanın (01.05.2007 təvəllüdlü) ailəsinin onlara olan münasibətlərini, hazırda yaşayış şəraitini və valideyinlərin psixoloji durumunun müəyyən edilməsi və İddiaçı1 (10.04.2004 təvəllüdlü) və Baydajiyeva Sumayanın (01.05.2007 təvəllüdlü) müvəqqəti sosial sığınacağa yerləşdirilməsi barədə müvafiq qərar qəbul etməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onların ailəsinə BMT-nin qaçqın statusu verilmişdir. Bayxadjiyeva Rukiyat 04 sentyabr 2020-ci ildə saat 16:40-da 102 Xidmətinə zəng edib və bildirmişdir ki, o, və digər 3 bacısı anası tərəfindən döyülür. 23.05.2000-ci il təvəllüdlü Bayxadjiyeva Rukiyatın şikayəti əsasında Binəqədi RPİ 4-cü polis şöbəsinin təhqiqatçısı İslam Musayev tərəfindən araşdırma aparılıb və X9 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Malkan Bayxadjıyeva 300 manat miqdarında cərimə edilmişdir. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı 09 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə sözü gedən təhqiqatçının qərarı ləğv eilmiş və iş yenidən araşdırılması üçün 4-cü polis bölməsinə qaytarılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin 09 oktyabr 2020-ci il tarixli məktubu ilə Bayxadjiyeva Rukiyatın bacıları-Bayxadjiyeva Daniya (04.10.2002), Bayxadjiyeva Zaira (10.04.2004) və Baydajiyeva Sumaya (01.05.2007) valideynlərlə uşaqların münasibətinin bərpa olunması üçün ailəyə psixoloji yardım göstərilməsi üçün “Focus qroup" şirkətinə müraciət edilmişdir. X5 hazırda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reablitasiya Müəssisəsinə yerləşdirilmişdir. Digər bacılar isə hazırda anaları ilə bir evdə yaşamağa məcburdur. Onların vəkili Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmiş və xahiş etmişdir ki, sözügedən ailənin və valideynlərin Bayxadjiyeva Daniya (04.10.2002), Bayxadjiyeva Zaira (10.04.2004) və Baydajiyeva Sumaya (01.05.2007) ilə olan münasibətlərini, hazırda yaşayış şəraitini və valideynlərin psixoloji durumunun müəyyən edilməsi barədə müvafiq qərar qəbul edilsin. Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi cəmi bir dəfə BMT-nin nümayəndəsi ilə birlikdə qızların yaşadığı evə getmiş və onlarla söhbət etmişdir. 31 mart 2021-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin YYÇİHMK-nin sədri 18 mart 2021-ci il tarixli rəyini ona təqdim etmişdir. Rəydə qeyd edilmişdir ki, YYÇİHMK toplanmış sənədlərlə tanış olmuşdur və onların yaşadıqları mənzilə baxış keçirilmişdir, yetkinlik yaşma çatmayan qızlarla psixoloji sorğu aparılmışdır. Rəydə qeyd edilmişdir ki, qızlar mənzildə bir otaqda yaşayırlar. Ananın psixoloji durumu normaldır. Ananın övladlarını çox istədiyi məlum olmuşdur. Lakin qızlar valideynlərinin milli ruhda tərbiyəsini qəbul etmir, 3 bacı onlara ayrılan otaqdan analarını görmək istəmədiklərinə görə, ana olan otağa keçmirlər, ümumi süfrəyə gəlmirlər, pəncərədən keçib soyuducuda olan soyuq yeməkləri yeyirlər. Parka gedəndə qardaşlarının nəzarətində deyil, sərbəst gəzmək istəyirlər. Özləri isə ayrı yaşamaq arzusundadırlar və böyük bacılarını istəyirlər. Rəydə qeyd edimişdir ki, qızların valideynləri ilə birgə yaşamalarını onların hüquq və mənafeyinə məqsədəuyğun hesab edirlər. Hesab edirlər ki, Nərimanov rayon İcra Hakimiyyətinin YYÇİHMK-nin rəyi qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 24.06.2021-ci il tarixli qərardadı ilə Malkan Baykadziyeva inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin X14 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs Malkan Baykadziyeva tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, X6 Bayxadjieva Daniga (04.10.2002-ci il təvəllüdlü) həddi buluğa - yetkinlik yaşma çatıblar, Bayxadjieva Zaira və Bayxadjieva Sumaya hələ yetkinlik yaşına çatmayıblar və bacıların dördü də BMT-nin qaçqın statusuna malikdir. İddia ərizəsindən və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, uşaqların (dörd qızın) valideynləri ilə münasibətləri çox gərgindir. Qızlar onları milli ruhda, milli adət-ənənəyə uyğun tərbiyə olunmalarının əleyhinədirlər. Hətta onunla münasibətlər o, qədər kəskinləşib ki, böyük qız 102 xidmətinə zəng edib. Bayxadjieva Rukiyyətin ərizəsi əsasında Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin təhqiqatçısı İslam Musayev tərəfindən araşdırma aparılıb və cinayət işinin qaldırılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bayxadjieva Rukiyyətin ərizəsi ətrafında izahat yazan o, hər şeyi ətraflı izah etmiş və qeyd etmişdir ki, qızlara qarşı fiziki qüvvə tətbiq etməmiş, onların heç birinə əl qaldırmamışdır. Bu fakt tibbi müayinə zamanı öz əksini tapmışdır. Qızların bədənləri üzərinə fiziki zor tətbiq edilmə əlamətləri olmamışdır. Onlar ailədə olan vəziyyəti belə bir formada məhkəməyə təqdim olunmasına etiraz edir. Onlar bütün uşaqlarına eyni qayğı ilə yanaşır və öz valideyinlik borclarını yerinə yetirirlər. Uşaqlar imkan daxilində qayğı və nəvazişlə əhatə olunub. Ümumiyyətlə onlarda belə fikir yaranır ki, uşaqlara kimsə və nə isə təsir edir. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik Komisiyasının 27.10.2020-ci il tarixli Qərarında göstərilir: “Komissiya daxil olan müraciətlərə baxılması zamanı müəyyən etdi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan şəxslərin maraqlarını qoruyan vəkil X22 və həmin qurumun bir nəfər sosial işçisi 25.03.2000-ci il təvəllüdlü X7, 04.10.2002-ci il təvəllüdlü X15, 10.04.2004-cü il təvəllüdlü X19 və 01.05.2007-ci il təvəllüdlü X8 16.09.2020-ci il tarixdə psixoloqa aparmaq adı ilə, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətli qurumlara məlumat vermədən yaşadıqları ailədən özləri ilə aparıb “X28 Yardım” X16 yerləşdirmişlər. İntensiv axtarışdan sonra məlum olmuşdur ki, qızlar Sığınacaqda yerləşiblər. Sonradan məlum olmuşdur ki, 23.09.2020-ci ildə X3 müraciəti əsasında Azərbaycan Respublikası 1 №-li Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. Müalicəyə heç bir ehtiyac olmadığı halda. İşdə 20 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC-nin psixoluqları Nailə Qasımova və Ülviyyə Hümmətova tərəfindən hazırlanmış Psixoloji rəy var. Həmin rəyin nəticəvi hissəsində qeyd edilib: “Aparılmış psixoloji korreksiya proqram çərçivəsində plan hazırlanmış, lakin obyektiv səbəblərə görə (psixokorreksiya prosesinə cəlb edilən şəxslər tərəfindən psixoloji dəstəyin alınmasından imtina) yekunlaşdırılmamışdır. Konsultasiya prosesi zamanı uşaqlar tərəfindən psixoloqa verilən sualların cavabların müxtəlif qısa qeydləri aparılırdı. Psixoloq tərəfindən hansı səbəblə qeydlərin aparılması soruşulduqda internetdə bu terminlər və məlmat ətraflı axtarış aparmaq istədiyini bildirmişlər”. Daha sonra qeyd olunur: “Baxmayaraq ki, plan yerinə tam yetirilməyib, keçirilmiş görüşlər yetərincə informativ olmuşdur. Uşaqlar sərbəst yaşamağı tələb edirlər, Ayrıca olaraq valideyin kimi tək ana ilə yaşamaq modelini qəbul etmirlər. Gələcək həyatları ilə bağlı real fikirlərə və yaşama modelini təsvir edə bilmirlər”. Eyni zamanda rəydə göstərilib: “Psixoloji tədqiqatın nəticəsi belədir ki, bacıların davranışı hansısa “üçüncü” tərəfdən dəstəklənərək onlara ümid verir. Həmin hisslər onların ailə və valideyinlərinə qarşı etdikləri hərəkəti əsaslandırır və daha da kəsinləşməsinə səbəb olur. Müəyyən edilmişdir ki, hər dörd şəxsdə ana modeli gizli aqresiya reaksiyaları biruzə verir. Bacıların etdiyi hərəkətlərdən məlum olur ki, onlar monupulyasiya bilikləri haqqında məlumatlıdırlar və həmin bilikləri, istifadə edirlər. Götərmək lazımdır ki, tendensiya kimi bacıların manupulyativ davranışı məhz onlara (dedikləri, davranışlarına) şübhə ilə yanaşan şəxslərə qarşı daha aydın görsənir. Nəhayət-Sığınacaqda ümumi görüş zamanı psixoloqların azərbфycan dilindən rus dilinə tərcüməsinə şübhə ilə yanaşaraq Gülnarə adında sosial işçinin cəlb edilməsini istədilər. Görüş zamanı bacılar hamı bir nəfər kimi psixoloji dəstəyə ehtiyac duymadıqlarını, hətta korreksiya prosesi zamanı onlara təzyiq edildiyini qeyd etmişdilər. Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəlik Komissiyasının 27 oktyabr 2020-ci il tarixli Qərarı, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasına, “Uşaq hüquqları haqqında Konversiyasının” əsasnaməsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respulikasmm Qanunlarını Azərbaycan Respblikası Ailə Məclləsinə uyğundur. Qeyd olunan qanunların hamısında demək olar ki, əsas meyar kimi, dövlət orqanları, bütün fiziki və hüququ şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutur, onların hüquqlarının təmin olunmasına şərait yaratmalı və onlar üçün ailədə hər bir şərait yaradılıb. Onların hüquqlarını məhdudlaşdıran heç bir hal mövcud deyil. Odur ki, Bakı şəhəri, Nərimanov Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəlik Komissiyasının qərarı mövcud Qanunların tələbini yerinə yetirməklə çıxarıldığı üçün onun ləğv üçün əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçlar (onların vəkili) və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların (onların vəkilinin) və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçıların vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X27 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Malkan Baykadziyeva və onun vəkili X24 məhkəmə iclasında verdikləri izahatlarında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə üçüncü şəxsin və onun vəkilinin izahatlarını dinləyərək iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək X14, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, 28.09.2005-ci il təvəllüdlü N.V. oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 28.09.2005-ci il təvəllüdlü N.V. oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Qaçqının himayə vəsiqələrinin surətlərindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 10.04.2004-cü ildə, İddiaçı2 isə 01.05.2007-ci ildə doğulmuşlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatmayan şəxslər olmaqla, onlara Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən mandat qaçqın statusu verilib. İddiaçılar məhkəmədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş etibarnamə əsasında Azərbaycan Respublikası Vəkillər Kolegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən Vəkil vasitəsilə təmsil olunurlar. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin təhqiqatçısı polis leytenantı X25 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 09.09.2020-ci il tarixli qərardan müəyyən olunur ki, 04.09.2020-ci il tarixdə saat 16 40 radələrində Bakı şəhəri Binəqədi rayonu M Ə.Rəsulzadə qəsəbəsi "İron" hotelin arxasında yaşayan X10 DİN-in 102 xidmətinə zəng edərək və Binəqədi RPİ 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, bacıları Ruqiyə, Zahirə, Səmayəni və özü valideynləri tərəfindən ölümlə hədələnmiş və anası onu döymüşdür. Həmin ərizə Binəqədi RPİ 4-cü PŞ- nin “cinayət tərkibli ərizə və məlumatların qeydiyyatı” kitabında “1121” sıra sayı ilə qeydiyyata alınaraq, araşdırılması üşün 04.09.2020-ci il tarixdə icraata qəbul edilmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və foto şəkillər çəkilərək materiala əlavə olunmuşdur. Təhqiqat araşdırması zamanı vətəndaş X11 vermiş olduğu izahatında bildirmişdir ki, Bakı şəhərində doğulmuş və təxminən 2 ildir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "İron" hotelin arxa hissəsində olan həyət evində ana-atası və bacı-qardaşları ilə birlikdə yaşayırlar. Onun 4 bacısı və 3 qardaşı var. Yaşadıqları evdə həmişə ata və anası tərəfindən ona və bacı-qardaşlarına qarşı təzyiqlər olmuşdur. Valideynləri onları mütəmadi olaraq yaşadığı evdə saxlayaraq, çölə çıxmağa qadağan etmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X9 vermiş olduğu izahatında bildirmişdir ki, təxminən 1999-cu ildə BMT-nin vasitəsi ilə əri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişlər və artıq 20 ildən çoxdur burada yaşayırlar. Övladlarının bir neçəsi Azərbaycanda doğulmuşdur. Ailənin əsas gəliri BMT-nin onlara təyin etdiyi maddi yardımdır. ünvan 1 ünvanında yerləşən evdə təxminən 2 ildir ailəsi ilə birlikdə kirayə yaşayır. Qızlarının valideynləri bağlı etdiyi şikayətləri tanış olmuş və bildirmək istəyir ki, onların bildirdiyi kimi ailədə onlara qarşı heç bir təzyiqlər olunmur, qızlarını heç bir şəkildə incitmirlər. Qeyd olunan qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 bərəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibatı tədbir görülməsi üçün qərarın surətinin Bınəqədı RPl-nın 4-cu PŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası 5 saylı Vəkil Bürosunun vəkili X18 ünvanlanmış 09.10.2020-ci il tarixli 02/06- 71-201-099 saylı məktubda qeyd olunmuşdur ki, Rusiya Federasiyasının Çeçenistan Respublikasının vətəndaşları və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan 23.05.2000-ci il təvəllüdlü X5, 04.10.2002-ci il təvəllüdlü X12, 10.04.2004-cü il təvəllüdlü X17 və 01.05.2007-ci il təvəllüdlü X2 sosial xidmət müəssisəsinə yerləşdirilmələrinə və mühafizə orderi ilə təmin olunmalarına köməklik göstərilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə daxil olmuş 23.09.2020-ci il tarixli H-201-099 saylı ərizəyə baxılmışdır, Komissiyaya təqdim edilən Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən qəbul edilmiş, 09.09.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edildi ki, ailədə uşaqlarla valideynlər arasında olan münasibətlər mübahisəlidir, uşaqlar valideynlərinin onlara qarşı olan davranışlarından narazıdırlar. Daxil olmuş müraciətə baxılması zamanı yetkinlik yaşına çatmayanlar X12, X17 və X13 və onların valideynləri X23 və X4 ilə komissiyada müvafiq söhbət aparıldı. İş üzrə aparılan söhbətlərə, komissiyanın ailə barədə topladığı kağız və elektron daşıyıcıda olan sənədlərə əsasən komissiya, valideynlərlə uşaqların münasibətlərinin bərpa olunması üçün ailəyə psixoloji yardım göstərilməsinin zəruri olduğunu hesab etmiş və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara psixoloji yardım göstərilməsi üçün 29.09.2020-ci il tarixli 02/06-11- 32/466 saylı məktubla “Focus qroup” şirkətinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 18.03.2021-ci il tarixli S-4/3-129/2- 7/1 saylı məktubunda qeyd olunmuşdur ki, Nərimanov rayon İcra Hakimiyyətinin (RİH) X14 İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiya (YYÇİHMK) işlə əlaqədar ailə barəsində toplanmış sənədlərlə tanış olmuş və onların yaşadıqları mənzilə baxış keçirib, yetkinlik yaşa çatmayan qizlarla psixoloji sorğu aparılmışdır. Məlum olmuşdur ki, hal-hazırda Bayxadjiyeva ailəsi, ünvan 2 ünvanında kirayəşin yaşayırlar. Mənzil üç otaqlı, orta təmirli, təmiz və səliqəlidir. Mənzildə, yetkinlik yaşa çatmayan (yyç) Bayxadjiyeva Daniya (04.10.2002), Bayxadjiyeva Zaira (10.04.2004) və Bayxadjiyeva Sumaya (01.05.2007) üçün şərait yaradılmış və onlar otağın birində qalırlar. Ananın psixoloji durumu normaldır. Qızların otağı, üst-başları təmiz və yeməkləri vaxtında hazırlanır. Tərbiyələri ilə öz milli adət-ənənələrinə uyğun məşğul olur. Həmçinin ananın övladlarını çox istədiyi məlum oldu. Lakin, yetkinlik yaşa çatmayan qizlar valideynlərin milli ruhda tərbiyəsini qəbul etmir, 3 bacı onlara ayrılan otaqdan analarını görmək istəmədiklərinə görə, ana olan otağa keçmir, ümumi süfrəyə gəlmir, pəncərədən keçib soyuducuda olan soyuq yeməkləri yeyirlər. Parka gedəndə qardaşlarının nəzarətində deyil, sərbəst gəzmək istəyirlər. Özləri isə ayrı yaşamaq arzusundadırlar və böyük bacılarını istəyirlər. O, isə valideynləri ilə yaşamaqdan imtina etdiyindən, hal-hazırda 18 yaşdan yuxarı sığınacaqda yaşayır. Qeyd olunanları və təqdim olunmuş sənədləri nəzərə alaraq, Nərimanov RİH-nın YYÇİHM Komissiyası, Bayxadjiyeva Daniya (04.10.2002), Bayxadjiyeva Zaira (10.04.2004) və Bayxadjiyeva Sumaya (01.05.2007) yetkinlik yaşa çatmadıqlarından valideynləri ilə birgə yaşamalarını onların hüquq və mənafeyinə məqsədəuyğun hesab edir. Məhkəmə araşdırması zamanı analarının və vəkillərinin iştirakı ilə izahatları alınmış iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda göstərmişlər ki, anaları tərəfindən gündəlik davranışlarına (asudə vaxtlarında günün istənilən saatlarında sərbəst olaraq, qardaşları olmadan evdən cıxmalarına qadağa qoyulması və s.) müəyyən məhdudiyyətlər qoyulduğundan və onun qadağaları həmişə yüksək səslə onlara bildirdiyindən və buna görə də sonuncu ilə aralarında valideyn-uşaq münasibətləri gərginləşdiyindən, böyük bacıları kimi onun yerləşdiyi müvəqqəti sosial sığınacağa yerləşdirilmələrini istəmişlər. Bununla yanaşı iddiaçılar göstərmişlər ki, aralarındakı münasibətlər gərgin olsa da anaları tərəfindən bütün valideynlik vəzifələri gündəlik tələbata uyğun (yemək və geyim tələbatlarının ödənilməsi və s.) həyata keçirilir. Hazırda valideynləri ilə münasibətləri bir qədər yumşalmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsində Malkan Bayxadjiyevanın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən: - 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar (49.1). - Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (49.2). - Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (49.3). - Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir (49.4). Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: - Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir (51.1.). - Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (51.2.). - Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir (51.5.). - Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur (51.6.). Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 9.1-ci maddəsində göstərilmişdir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin ziddinə olaraq onlardan ayrılmasınlar, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı halda mənafeyi naminə labüddür. Belə ayrılıq bu və ya digər konkret halda labüd ola bilər. Məsələn, valideynlər uşaqla sərt rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideynlər bir-birindən ayrı yaşayırlar və belə olan təqdirdə uşağın yaşayış yeri barədə qərar qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddiaçılara münasibətdə valideynləri (hazırki halda anaları) tərəfindən sərt rəftar edilməsi və ya sonuncu tərəfindən onlara qayğı göstərilməməsi və ya qanunda nəzərdə tutulmuş uşaqların ayrı yaşamalarına əsas olacaq digər səbəblər müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqan tərəfindən qanuni və əsaslı olaraq hazırki iş üzrə iddiaçıların yetkinlik yaşa çatmadıqlarından valideynləri ilə birgə yaşamalarının onların hüquq və mənafeyinə məqsədəuyğun hesab edilmişdr. Bu səbəbdən də iddia sübüta yetirilmiş sayıla bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçılar arzuladıqları inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6367/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6367/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver