Məhkəmə qərarları › İş №2-1(112)-6367/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6367/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6367/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişinin davam etdirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İİ qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi təyin edilmiş əmək pensiyasının “müddətsiz" hesab edilməsi və xx.xx.2022-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi əmək pensiyasının ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən 5 il müddətinə, yəni xx.xx.2022-ci il tarixinə kimi 2-ci qrup əlil hesab edilmişdir. Ona görə də ona xx.xx.2017-ci il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası ömürlük təyin edilməli olduğu halda, cavabdeh DSMF-in Nəsimi rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 32.2-ci maddəsinin tələbləri pozularaq 5 il, yəni əlillik müddətinə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Qanunun 32.2-ci maddəsində deyilir: “Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir". Həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən qadınlar 60 yaşa çatdıqda yaşa görə əmək pensiyası almaq hüququna malik idilər. İddiaçı qeyd edir ki, onun da 60 yaşı əlillik müddətində, yəni xx.xx.2019-cu ildə tamam olduğuna görə ona dövlət qulluqçusu kimi əmək pensiyası müddətsiz təyin edilməli idi. xx.xx.2017-ci il tarixdən qadınların əmək pensiyası almaq üçün yaş həddi hər il 06 ay artırılmasına baxmayaraq xx.xx.2022-ci il tarixində yəni əlillik müddətində Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaşa (62 yaş 6 ay) çatdığına görə də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müddətsiz təyin edilməli idi. Lakin cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən “Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsinin tələbi kobud şəkildə pozularaq ona ümumi səbəbdən İİ qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası əlillik müddətinə xx.xx.2002-ci il tarixinə kimi təyin edilmişdir. Cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Qanunun tələbinə əməl edərək onz İİ qpup əlil kimi əiillik müddətinə səhv təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının "müddətsiz” təyin edilməsini xahiş etməsinə baxmayaraq, tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2017-ci il tarixdən 5 il müddətinə əlillik dərəcəsinin olduğunu, həmin tarixdən ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edildiyini, lakin xx.xx.2022-ci il tarixdə həmin pensiyanın əlillik müddəti bitdiyinə görə dayandırıldığını iddia etmişdir. İddiaçının iddia tələbinin əsaslarına görə, onun pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğundan dövlət qulluqçusu kimi pensiya ona 5 illik yox, ömürlük təyin edilməli idi. Bu əsaslarla iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl eyni tələblə bağlı ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2024cü il tarixli, 3-17-1/2-M-9085/2024 nömrəli iddiaçıya ünvanlanmış cavab məktubuyla ümumi stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az təşkil etməsi səbəbilə ona dövlət qulluqçusu kimi əmək psiyasinin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına (qadınlar üçün 63,5 yaş) çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qululluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı mübahisələndirilməyən ümumi sosial sığorta stajı 25 ildən az, yəni 20 il 06 ay 06 gün, həmçinin mübahisələndirilməyən dovlət qulluğu stajı isə 15 ildən az, yəni 12 il 02 ay 19 gün təşkil edir. Belə ki, iddiaçının mübahisələndirilməyən dövlət qulluğu stajına xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər daxil edilmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən və yuxarıda qeyd olunan səbəblərdən ona dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Nazirliyin Elektron İnformasiya X2 əldə edilən məlumata əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə əlillik təyin edilmiş və ənun əlillik müddəti xx.xx.2022ci il tarixdə başa çatmışdır. Bununla əlaqədar olaraq, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı ərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2020ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1 nin 3.1.3-cü yarımbəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifələrinə daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Aydın olur ki, İddiaçı əlillik dərəcəsi 5 il müddətinə təyin edilmiş və əlillik dərəcəsi qüvvədə olduğu müddət ərzində ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası ödənilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərindən də aydındır ki, şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin ilk öncə əlillik dərəcəsi olmalıdır. Belə ki, şəxsin əlillik dərəcəsinin müddəti başa çatdığından, onun dövlət qulluqçusu kimi əmək pensiyasının bərpası da mümkün deyildir. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-393/2024 nömrəli qərarında qeyd olunur ki, pensiya yaşına atmış şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün ilk növbədə onun əlilliyinin şəxsin müraciəti əsasında yenidən qiymətləndirilməsi və əlillik dərəcəsinin müddətsiz müəyyən olunması əsas şərtdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Pensiya işinə əlavə edilmiş DSMF-in Nəsimi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi ikinci qrup əlilliyə görə 510,78 məbləğində əmək pensiyası təyin edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, **********9 saylı qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək əlilliyə görə pensiyası yenidən hesablanmışdır. Beləliklə, işin araşdırılan hallarından və iddiaçı tərəfin izahatlarından müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və cavabdeh pensiya qurumu tərəfindən həmin tarixdən ona əlillik müddəti üçün, yəni xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə təyin edilmiş əmək pensiyası ödənişləri dayandırılmışdır. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 32.2-ci maddəsinə əsasən ona əlilliyə görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən ömürlük təyin edilməli olduğu halda, yalnız əlillik müddətinə, yəni 5 illik təyin edilmişdir. Belə ki, iddiaçının pensiya yaşı (60 yaş) əlillik dövründə (xx.xx.2019-cu ildə) tamam olacağından cavabdehin ona müddətli əmək pensiyası təyin etməsi qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (xx.xx.2022-ci il tarixdə qüvvədən düşüb) 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı ona yönəlmişdir ki, əlilliyi dövründə pensiya hüququ yarandığından ona xx.xx.2017-ci il tarixdə əlilliyə görə ömürlük pensiya təyin edilməli idi. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik şəxsə əlilliyə görə əmək pensiyasının təyinatının aparılmasını müvafiq tələblərlə şərtləndirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinin dispozisiya şərtlərindən görünür ki, əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün əmək pensiyası təyin olunduğu vaxt şəxsin pensiya yaşına çatması tələb olunur. İddiaçıya əlilliyə görə pensiya təyin edilərkən onun pensiya yaşının tamamlanmadığı işin mübahisəsiz halını təşkil edir. Belə olan halda, cavabdeh pensiya qurumunun iddiaçıya əlilliyinin müəyyən olunduğu xx.xx.2017-ci il tarixdən əlillik dövrü üçün pensiya təyin etməsi qanuni olmuşdur. İddiaçı cavabdehin pensiya təyin edilməsi barədə qərarını mübahisələndirməmiş, bununla da həmin inzibati aktı bəyəndiyi iradəsini göstərmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı pensiya yaşına çatdığı xx.xx.2019-cu ildən sonra təxminən iki ildən artıq əlilliyi müəyyən edilmiş şəxs olmuş, lakin bu müddət ərzində ona ömürlük əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin müraciətinin olması şərtdir. Çünki həmin Qanunun 5-ci maddəsinə əsasən, əlillik müddətində iddiaçının yaşa görə pensiya hüququ yaranmaqla eyni vaxtda onun həm əlilliyə, həm də yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdı, müxtəlif pensiya hüququ olan şəxslərə isə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Nəticədə iddiaçı pensiya yaşı tamam olduqdan sonra seçimi və əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi ilə bağlı müraciəti olmadığından hazırkı tələbi ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. Hazırda isə iddiaçının aktiv əlilliyi olmadığından ona ƏPQ-nin 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi istisna edilir. İddiaçı tərəfindən göstərilənlərin əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Aparılmış araşdırma ilə məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməli və iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar