Məhkəmə qərarları › İş №2-1(112)-6369/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6369/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6369/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdadır. Əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin 18 sentyabr 2019-cu il tarixdə fəaliyyətini dayandırmışdır. Şəxsi istifadəsi üçün İtalya Respublikasından aldığı mebel avadanlıqlarını 23 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasına idxal etmişdir. Həmin mebel avadanlıqlarına görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanması barədə” 13 may 2020-ci il tarixli **********641400 nömrəli qərarına əsasən 9.795,13 manat məbləğində fiziki şəxsin gəlir vergisi hesablanmışdır. Həmin vergi məbləğinə 1.136,24 manat məbləğində faiz olmaqla, cəmi 10.931,37 manat məbləğində pul vəsaiti hesablanaraq, şəxsi hesab vərəqəsinə işlənmişdir. Mebel avadanlıqlarını respublikaya kommersiya məqsədilə idxal etməmişdir. Hazırda həmin mebel onun yaşadığı ünvanda quraşdırılmışdır və istifadə edilir. Həmin avadanlıqların fotoları iddia ərizəsinin qoşmasına əlavə ediləcəkdir. Bununla əlaqədar olaraq, hesablanmış pul vəsaitinin şəxsi hesab vərəqəsindən silinməsi üçün 31 mart 2021-ci il tarixdə o, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Həmin İdarədən onun elektron poçtuna daxil olunmuş 13 aprel 2021-ci il tarixli məktubda hesablanmış pul vəsaitinin əsaslı olduğu göstərilmişdir. İdxal olunmuş mebel avadanlıqları kommersiya məqsədilə üçün deyil, şəxsi məqsədlər üçün idxal olunduğundan həmin əməliyyat üzrə vergi öhdəliyi yaratmır. Ona görə də, onun şəxsi hesab vərəqəsində 10.931,37 manat məbləğində pul vəsaitinin hesablanmasına səbəb olan 13 may 2020-ci il tarixli qərar ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq, AR Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrini, İPM-in 32, 67, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddiaçının şəxsi hesab vərəqəsində 10.931,37 manat məbləğində pul vəsaitinin hesablanmasına səbəb olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial siğorta və işsizlik sigorta haqlarının hesablanması barədə” 13 may 2020-ci il tarixli **********641400 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Xidmətin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş vəsatətində aşağıdakılar bildirilir: - Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda, adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı tərəfindən yuxarıda qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, əvvəlki ilin sonuna mal qalığının olmamasına, idxal əməliyyatları və elektron qaimə-faktura məlumatlarına əsasən 2019-cu il ərzində 241.878,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, bəyannamə məlumatlarına əsasən dövriyyə məbləğinin bəyan edilməməsi və ya 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində (1.3-cü “ehtiyatlar” sətirində) hesabat dövrünün sonuna mal qalığının göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” **********108000 nömrəli 14 aprel 2020-ci il tarixli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2019-cu il üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və müvafiq dövr üzrə bəyannamələr təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə 9.795,13 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə vergi ödəyicisinə 13 may 2020-ci il tarixli **********641400 nömrəli “Vergilərin, sosial sığorta və işçislik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı 23 avqust 2019-cu il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası»na uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən 13 may 2020-ci il tarixli **********641400 nömrəli qərar 14 may 2020-ci il tarixdə saat 09:51:01-də iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən 29 aprel 2021-ci il tarixində saat 12:36:40-da oxunmuşdur. Sadalananlar, eləcə də AR Vergi Məcəlləsinin 70.2-1, 70.2-2, 70.3-cü maddələrinin tələbləri belə nəticə yaradır ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktı təsdiqlənir. Göstərilənlərə və İPM-in 22.2, 24, 38.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinə əsaslanaraq, iddia müddətinin şamil olunması xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 məhkəməyə ötürülmüş iddia müddətinin bərpa edilməsi barədə iddiaçının ərizəsini təqdim etdi, ərizənin təmin edilməsini, buraxılmış prosessual müddətin bərpa olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Ərizədə bildirilir ki, iddiaçı 23 avqust 2019-cu il tarixdə İtaliya Respublikasından şəxsi istifadə üçün mebel idxal etmişdir. Cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsi 13 may 2020-ci il tarixdə 2019-cu il üzrə kameral qaydada 9.795,13 manat gəlir vergisi hesablamışdır. Bu barədə onun (iddiaçının) məlumatı olmamışdır. 13 yanvar 2021-ci il tarixdə ASAN imzanın avkivləşdirilməsi barədə bildiriş aldıqdan sonra, ona hesablanmış vergilər məlum olmuşdur. Vergilərin silinməsi üçün 31 mart 2021-ci il tarixdə vergi orqanına müraciət etmiş və həmin müraciətin cavabını 13 aprel 2021-ci il tarixdə almışdır. 8 may 2021-ci il tarixdə ona hesablanmış vergilərin ləğv edilməsi üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Üzürlü səbəbə görə müddətin bərpası barədə qərar çıxarılmasə məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı buraxılmış prosessual müddətin bərpa olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 22-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla MPM ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: - (38.3.1) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - (38.3.2) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün 30 günlük iddia müddəti müəyyən etmiş və müvafiq hallarda həmin müddətin axımının dayandırılmasını nəzərdə tutmuşdur. Lakin nəzərə alınmalıdır ki, müddətin axımının dayandırılması halı həmin müddət başa çatmamışdan mümkün ola bilər. Hazırkı işin hallarına görə isə, cavabdeh inzibati orqanın 13 may 2020-ci il tarixli əlverişsiz aktı barədə vergi ödəyicisi kimi İddiaçı 13 yanvar 2021-ci il tarixdə artıq məlumlı olmuşdur. İddiaçının özünün bildirdiyinə görə, o, həmin inzibati aktdan inzibati şikayətlə aidiyyəti üzrə 31 mart 2021-ci il tarixdə, yəni 2 aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İnzibati şikayətin nəticəsi ona bəlli olandan 1 ay keçmədən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etsə də, bu hal iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ərizəsində göstərdiyi dəlillər cavabdehin 13 may 2020-ci il tarixli **********641400 nömrəli qərarının mübahisələndirilməsi üzrə qanunla müəyyən edilmiş prosesual müddətin onun təqsiri olmadan buraxılması qənaətinə əsas vermir. Odur ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, buraxılmış prosessual müddət bərpa olunmadığı təqdirdə, qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmaqla qaldırılmış iddia mümkünsüzdür. Beləliklə, hazırkı iddia qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmaqla qaldırıldığından, mümkün sayılmamalıdır. İPM-in 24.7-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar