Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6369/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3152-3156, A.M.Şərifzadə küçəsi, ev 181E, 22 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********86 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın ümumi yığıncağının qərarı ilə payçı qəbul edildiyi ünvan 2 ünvanında yerləşən 22 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış binasından mənzil almışdır. Həmin bina "xxxx" MTK tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilmişdir. Mənzillər isə paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Bu zaman həmin binada 22 saylı mənzil isə pay haqqının əvəzinə ona verilmişdir. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmişdir. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunmuşdur. Buna baxmayaraq cavabdeh ona məxsus əmlakı dövlət reyestrində qeydiyyata almır. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarışçı və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********86 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 114 kvadrat metrdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - xx.xx.2006-cı il tarixli, 01 saylı podrat müqaviləsinə əsasən podratçı "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonunun, Şərifzadə küçəsindəki 3152-3156 saylı məhəllələrində sifarişçi Azərbaycan Sosial Rifah Partiyasının qərargah binasının layiləşdirilməsi və tikintisi üçün ayrılmış 0,9 ha torpaq sahəsində 1 girişli, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binaların infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi, sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları podratçının xeyrinə güzəşt etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən muzd tikiləcək binadan 3 mərtəbə (1-ci və 2-ci mərtəbə mütləq və istənilən 3-cü mərtəbə) və zirzəmi texniki mərtəbəsində 5 ədəd avtomobil qarajı istisna edilməklə, ərazidə inşa edilməsi nəzərdə tutulan ümumi tikinti sahəsinin qalan hissəsi üzərində bütün hüquqların Podratçıya güzəşt edilməsi yolu ilə icra olunur. - Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC (yeni adı: "xxxx" MTK) arasında bütün öhdəliklər tam icra olunmuş, yuxarıda göstərilən tərəflərin biri-birinə qarşı, yaxud da həmin işlərin icra olunmasında məsuliyyət daşıyan "xxxx" MMC-dən bilavasitə asılı olan heç bir iddia və tələbləri yoxdur. - Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC (qeydiyyat tarixi: xx.xx.2004-cü il, qeydiyyat nömrəsi: 0104-P79-41354) "xxxx" MTK-ya çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyi "xxxx" MTK-ya keçmişdir. - xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3152-3156 məhəllədə yerləşən tikilməkdə olan binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 118,7 kv.metr olan 22 saylı mənzilini alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 1 kv.metri 760 manat, olmaqla, ümumilikdə 90212 manat təşkil edir. - xx.xx.2014-cü il tarixdə Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı tərtib edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binası(1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30 m. səviyyəsində zirzəmi və - 6.60 m. səviyyəsində qaraj) istismara qəbul edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 523 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Sosial Rifah Partiyasının ünvan 4 ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30 m. səviyyəsində zirzəmi və -6.60 m. səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin Ümumi Yığıncağının xx.xx.2022-ci il tarixli 012 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmiş, razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 5 ünvanında tikilən 12 mərtəbəli “İ” girişli yaşayış binasının 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 117,3 kv.m. olan 22 saylı mənzilə payçı qəbul edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binası "xxxx" MTKnə məxsusdur. Bu binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 118,7 kv.m. olan 3 otaqlı, 22 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir. Kooperativə borcu yoxdur. - "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ünvan 3 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış binasının 5-ci mərtəbəsidə 22 saylı mənzili "xxxx" Mənzil Tikinti Kooperativindən 14 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. 2011-ci ildən həmin ünvanda yaşayır. - 05.09.2022-ci il tarixli müayinə aktından görünür ki, ünvan 5, 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən İddiaçı istifadəsində olan 22 saylı mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 118.7 kv.metr, faktiki sahəsi 114,0 kv.metr, yaşayış sahəsi 55,9 kv.metrdir və 3 otaqlıdır. İddiaçı hazırda 22 saylı mənzilə dair pay haqqını tam ödəməsinə istinad edərək ünvan 5 ünvanında tikilən 12 mərtəbəli “İ” girişli yaşayış binasının 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 114,0 kv.m. olan 22 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmaqla çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2008-ci il tarixli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsi olmuşdur. İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2008-ci il tarixdə "xxxx" MTK ilə iddiaçı arasında müqavilə bağlanmış, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmış və 2014-cü ildə istismara qəbul edilmişdir. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyini, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. İddiaçının əsaslandığı hüquqmüəyyənedici sənəd qüvvədədir, ləğv olunmamışdır. Həmin müqavilənin etibarlı olduğu müddətdə iddiaçı müqavilə predmeti olan mənzil üzərində hüququnu saxlayır və həmin hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh etirazında Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlərin təqdim edilmədiyinə istinad etsə də, iddiaçı həmin tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsini təqdim etmişdir. Cavabdeh həmçinin tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair heç bir sənəd təqdim edilmədiyinə istinad etmiş, lakin, "xxxx" MMC-nin "xxxx" MTK-ya çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyinin "xxxx" MTK-ya keçməsini nəzərə almamışdır. Göründüyü kimi, cavabdehin imtinası formal olmaqla əsasız olmuş, buna görə də iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək göstərilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 114,0 kv.metr olan 22 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6369/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6369/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver