Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6369/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 32.10 kvadrat metr olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 32.10 kvadrat metr olan fərdi yaşayış evi həmin sərəncamın əhatə dairəsinə düşür. Hazırda "xxxx" MMC həmin ünvanda mülkiyyətçilərin razılığı olmadan mənzilləri sökür. Sərəncamla əhatə olunan ərazi sakinlərlə tam məskunlaşdığı və orada binaların yerləşdiyi halda Maraqlı şəxs MMC həmin əraziyə sahiblik və ondan istifadə etməsi mümkün deyil. Konkret olaraq mübahisələndirilən sərəncamın mətnində onun icrasına nəzarət cavabdeh inzibati orqan tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə olunub. Halbuki, Yasamal rayon İcra Hakimiyyəti başqa şəxslərin/iddiaçıların mülkiyyətində olan mənzillərin və onların altında yerləşən torpaq sahəsinin icarə prosesinə və “daşınmaz əmlakların mülki qanunvericiliyə uyğun tənzimlənməsi prosesinə” hər hansı formada müdaxilə etmək və ya buna nəzarət etmək səlahiyyətinə malik deyil. Məhkəmənin 05 fevral 2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20.9 kv.metr olan mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin 265 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı hazırda mükiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi barədə həmin sərəncamı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, 33 saylı Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş həyət tipli yaşayış evi 2 mənzildən ibarət olmuşdur. Ünvan sökülmüşdür. Əlavə olaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 150 nömrəli və xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamlarına əsasən "xxxx" MMC-yə Yasamal rayonu, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, S.Salayev, F.lbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin əhatəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələşdirilməsinə icazə verilmişdir. Qeyd olunan ünvan MMC tərəfindən sökülmüşdür. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20.9 kv.metr olan mənzil artıq mövcud deyil, sökülmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının əldə etmək istədiyi nəticəyə həmin mənzilin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi barədə sərəncamın ləğvi ilə deyil, mülkiyyətindəki mənzilin sökülməsi ilə bağlı ona dəymiş zərərə görə müvafiq kompensasiyanın ödənilməsi ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağının mənzilin sökülməsinə görə kompensasiyanın ödənilməsinə yönəldiyi müəyyən edildiyindən, yəni mümkünlük şərtləri hazırkı işdə ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6369/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6369/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver