Məhkəmə qərarları › İş №2-1(112)-637/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-637/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-637/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 43/2 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla qeydiyyatda olmaqla 1994-cü ildən yaşadığı ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1992-cü ildən 4 saylı Evtikmə Kombinatında fəhlə işləmiş və ailə vəziyyəti və yaşayış şəraiti nəzərə alınmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə yerləşən 8 saylı ailəvi yataqxananın 35-ci mənzili onun istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 254 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə yerləşən 8 saylı binanın Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş və uzun müddət ailə üzvləri ilə birlikdə yaşadığı və qeydiyyatda olduğu, həmçinin 4 saylı Evtikmə Kombinatında 5 (beş) ildən artıq çalışması nəzərə alınaraq 28 avqust 1998-ci il tarixli qərarla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə yerləşən 8 saylı ailəvi yataqxananın 35-ci mənzilinə dair ona daimi order verilmiş və təsdiq olunması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 43/2 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən iddiaçı mənzilin kirayəçisi hesab edilmiş və həmin mənzilə dair Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə aralarında xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. Bundan sonra həmin sərəncama və digər sənədlərə müvafiq olaraq mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün müraciət etmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin **********094 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə hüquqlarının qeydə alınmasından dolayısı ilə imtina edilmişdir. Adı çəkilən hüquqmüəyyənedici sənədlərə əsasən "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən faktiki olaraq qeydiyyatda olmaqla yaşadığı mənzilə dair hüquq münasibətləri həmin dövrdə yarandığından inzibati orqanın yeni Mənzil Məcəlləsinin tələblərinə istinad etməsi əsassızdır. Belə ki, həmin mənzil ona 1994-cü ildə verilmiş, 1998-ci ildə rəsmləşdirilmiş, adına kommunal xidmətlərə dair müqavilələr bağlanmış və ödənişlər həyata keçirilmiş, hazırda da keçirilməkdədir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı məlum oldu ki, müvafiq mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 43/2 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********94 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı tikinti və şəhərin inkişafı Departamentinin “Aydın və Fəxrəddin Quluyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatının müdriyyətinin və HİK-nin birgə iclasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarından görünür ki, vətəndaş İddiaçı 5 ildən artıq kombinatda işləməsini və uzun müddət ailəsi ilə birlikdə həmin mənzildə yaşamasını nəzərə alaraq vətəndaş İddiaçı 5 nəfər (özü, həyat yoldaşı, 3 uşağı) ailə tərkibi ilə mənzil uçotuna götürülməsi, İddiaçı uzun müddət yaşadığı Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 8 saylı evin 3 otaqlı, giriş İİ, mərtəbə İX, yaşayış sahəsi 41,21 kv.m olan 35 saylı mənzilinə daimi order verilməsi və orderə -İddiaçı (özü), X4 (arvadı), X2 (oğlu), X3 (oğlu) və Babayeva Hicran Rüstəm qızının (qızı) adının yazılması qərara alınmışdır. - “Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanalarının yerləşdikləri ərazilər üzrə rayon mənzil-kommunal təsərrüfatı birliklərinin balansına verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 254 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 8 nömrəli binada yerləşən 4 nömrəli ailəvi yataqxana 4 nömrəli evtikmə kombninatının balansından Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına əvəzsiz olaraq verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 43/2 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 8 saylı evin, yaşayış sahəsi 41,21 kv.metr olan 3 otaqlı 35 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 3 oğlu) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. - Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 8 saylı evin 35 saylı mənzilində İddiaçı və X8 xx.xx.2022-ci il tarixdən, X6 xx.xx.2019-cu il tarixdən, X7 xx.xx.2021-ci il tarixdən və Babayeva (Ələkbərova) Hicran Rüstəm qızı xx.xx.2022-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan X4, X2, X3 və Babayeva (Ələkbərova) Hicran Rüstəm qızının notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar müabhisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmirlər. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 191 nömrəli arayışından görünür ki, Babayev X5 qəsəbəsi, məhəllə 5057-68, 8 saylı evin, 35 saylı mənzilində 4 saylı ETK-nın xidməti orderi əsasında qeydiyyatsız yaşayır. Mənzildə qeydiyyatda heç kim yoxdur. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli, 107 saylı məktubundan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5057/68-ci məhəllədə yerləşən 8 saylı yaşayış binası əvvəllər yataqxana olmuş, 1998-ci ildə Dövlət mənzil fonduna qəbul edərək, Bakı şəhər MKTD-nin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş, hazırda da Birliyin balansındadır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5057/68-ci məhəllədə yerləşən 8 saylı binanın 35-ci mənzilinə dair İddiaçı ilə sərəncama əsasən kirayə müqaviləsi bağlanmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 12 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 40 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında, həmin bina 12 saylı MKİS-in istismarına verildiyi (2003-cü il) tarixdən hal-hazıradək yaşamamış və adına heç bir mənzil olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanın qeydiyyatdan küçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı hazırda mübahisəli mənzilin 1998-ci ildə onun istifadəsinə verildiyinə, 2022-ci ildə isə yeni balanssaxlayıcı ilə müqavilə bağladığına istinad edərək, həmin mənzilin onun adına özəlləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iş yerindən 1998-ci ildə iddiaçıya verməsini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Məhkəmə qeyd edir ki, xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarın etibarsız olması barədə işdə hər hansı bir sübut mövcud deyil. Belə olan halda, mübahisəli mənzilə iddiaçının hüquqları 1998-ci ildən yarandığından sonradan balanssaxlayıcının dəyişməsinə görə iddiaçının yeni balanssaxlayıcı ilə müqavilə bağlaması onun mövcud olan hüquqlarına təsir etmir. Çünki dövlət mülkiyyətində olan yataqxanalar yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsi üçün mənzil fondunun mülkiyyətçisi ilə yeni mənzil kirayə müqaviləsinin bağlanması qanunvericiliyin tələbi olmuşdur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Bundan başa, işdən görünür ki, cavabdeh tərəfindən həmin binada yerləşən bir çox mənzilə iddiaçının təqdim etdiyi sənədlərə uyğun sənədlər əsasında mülkiyyət hüququ artıq qeydə alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Göründüyü kimi, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən bərabərlik prinsipini pozmaqla öz inzibati praktikasına zidd qərar qəbul etmiş və bu zaman tam inzibati icraat aparmaqla zəruri araşdırmanı həyata keçirməmiş və fərqli qərar qəbul etməsini əsaslandırmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar