Məhkəmə qərarları › İş №2-1(112)-6370/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6370/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6370/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevna cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən K.Y.Bani-Paşaya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın tələbləri əsasında cavabdehə müraciət edərək, ona “doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmiş, lakin iddiaçının şəxsiyyətini təsdiq edən sənədin olmaması səbəbi ilə onun müraciətindən imtina edilmişdir. Bu imtinanı mübahisələndirərkən, iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında” şəhadətnamə təqdim edilməlidir. Lakin sənədlərin yanması onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçı hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında onun şəxsiyyətinin müəyyən edilməsini və doğum haqqında təkrar şəhadətnamənin verilməsi xahiş etmişdir. Cavabdeh iddia tələbini etirazla qarşılayaraq məhkəməyə imtina məktubunun məzmununda etiraz ərizəsi təqdim etmişdir. Əlavə olaraq bildirilmişdir ki, Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış 04.12.1956-cı il tarixli doğum haqqında akt qeydində uşağın soyadı qeyd olunan “Arakelova” deyil də “Arapelova”, atanın soyadı “Arakelov” deyil “Arapelov” və uşağın adı “Karina” deyil “Karine” kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən: -BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədindən görünür ki, Bani-Pasha Karine BMT QAK-ın mandatı altında olan şəxsdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 17.02.2021-ci il tarixli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan 09.11.1956-cı il təvəllüdlü Karine X1 Xidməti tərəfindən 01 fevral 2021-ci il tarixindən 31 yanvar 2022-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. -Cavabdeh tərəfindən ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müraciətinə qiymət verilmiş və cavab olaraq bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “Doğum haqqında” qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı olmamış, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya doğum haqqında şəhadətnamənin təkrar verilməsinin mümkün olubolmaması yoxlanılmalı, onun şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilibedilməməsi məsələsinə qiymət verilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması üçün məhkəmə aşağdaki qanunvericilik aktlarına istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. -9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. -9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxs vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Bu zaman qaydaların 9.3-cü bəndində səciyyələnmiş məlumatlar ərizədə göstərilməli, ərizəçininn şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə vətəndaşın “şəxsiyyətini təsdiq edən sənəd” dedikdə vətəndaşın şəxsiyyət vəsiqəsi başa düşülür. Bu cür yanaşma “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir ki, həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsi tələbi üzrə nəticə verilməlidir”. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş ***-*******4 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. İddianın qanuni olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsi tərəfindən 18 may 2021-ci il tarixli, 1148-05/13 saylı məktubla doğum haqqında akt qeydini təqdim etməsə belə, doğum haqqında akt qeydinin mövcudluğunu qəbul etmişdir. Hətta, əlavə olaraq da bildirmişdir ki, Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış 04.12.1956-cı il tarixli doğum haqqında akt qeydində uşağın soyadı “Arapelova”, atanın soyadı “Arapelov” və uşağın adı “Karine” kimi qeyd edilmişdir. Beləliklə, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcuddur. Ona görə də, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 69. maddəsini əsas gətirir və bildirir ki, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanununun:

2. maddəsinin ikinci bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.

5. maddəsinin 8. bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 5. maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar.

6. maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Nəzərə alınmalıdır ki, iddiaçının doğum haqqında akt qeydinin olması onun həmin dövrdə doğum haqqında şəhadətnamənin olmasına əsas verir. Hazırki vəziyyətdə doğum haqqında şəhadətnamənin olmaması hər bir halda şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç bir ayrı seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Ali məhkəmənin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə baxılarkən Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmuş və onların həyata keçirilməsinə maneəçilik yaradılmışdır ki, həmin imtina məktubunda ifadə edilmiş nəticənin qanunsuzluğuna qənaətinə gəlmək üçün əsaslar olduğundan, hazırkı iddia tələbi təmin olunmalıdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçının şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən K.Y.Bani- Paşaya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən K.Y.Bani-Paşaya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar